Nağd pul vəsaitlərinin qəbulu, ödənilməsi və kassa sənədlərinin tərtibi

posted in: Xəbər | 0

 Nağd pulun kassaya mədaxili

Pul vəsaitlərinin kassaya mədaxil və məxarici əməliyyatlarında maksimum diqqətli olmaq lazımdır. Kassa əməliyyatları üzrə rəsmiləşdirilmənin düzgün aparılmaması pul vəsaitlərinin uçotdan yayındırılması kimi dəyərləndirilə və sanksiyalarla nəticələnə bilər.

Nağd pul vəsaitlərinin qəbulu kassaya mədaxil edilməklə həyata keçirilir. Bunun üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin müəyyən etdiyi xüsusi ciddi hesabat blankı sayılan kassa mədaxil orderi sənədi vardır. Həmin sənədi mətbəələrdən sifariş etməklə əldə edə bilərsiniz. Kassa mədaxil orderinin sağ nüsxəsi qəbz hesab edilərək ödənişi etmiş şəxsə verilir.

Kassa mədaxil orderi hansısa sənəd əsasında tərtib edilibsə, həmin sənəd mədaxil orderinə əlavə edilməlidir. Mühasiblər bəzən kassa mədaxil orderini digərlərindən ayıraraq, orderin özünü onu tərtib etməyə əsas verən ilkin uçot sənədinə əlavə edirlər.

Məsələn, pərakəndə satış obyektinizdən daxilolmaları günün sonunda bir kassa mədaxil orderi sənədinə yaza, həmin sənədə Nəzarət Kassa Aparatının Z hesabatını əlavə edə bilərsiniz.

Mühasibat xidmətləri

Orderdə mütləq ödənişi qəbul etmiş, ödənişi etmiş şəxslərin imzaları, habelə təşkilatın rəhbərinin imzası möhürlə birgə olmalıdır.

Kassaya daxilolmaların 221 saylı “Kassa” hesabında mühasibat uçotu haqqında buradan ətraflı məlumat olmaq olar.

Pul vəsaitlərinin kassadan məxarici

Nağd pulların verilməsi kassa məxaric orderi əsasında rəsmiləşdirilir. Məxaric orderi sənədi ciddi hesabat blankı hesab edilməsə də, onun tərtibi zamanı da bir sıra məqamlara diqqət etmək lazımdır. Məxaric sənədində mütləq pul vermiş xəzinədarın, təşkilatın rəhbərinin, habelə ödənişi qəbul etmiş şəxsin imzaları olmalıdır. Ödənişi qəbul etmiş şəxsin tam adından başqa, onun şəxsiyyətini təsdiq edən digər məlumatların da olması zəruridir.

Nağd pul vəsaiti etibarnamə ilə də alına bilər. Bu zaman etibarnamə məxaric sənədinə əlavə edilməli, məxaric sənədində həm etibar edənin, həm də pulu alan şəxsin şəxsiyyət vəsiqəsinin məlumatları əks etdirilməlidir.

Nağd vəsaitin məxarici 221 saylı “Kassa” hesabının krediti üzrə uçota alınır.

Deponentləşdirilmiş məbləğlər

Bəzən olur ki, bank hesabından müəyyən ödənişlərin icrası üçün pul vəsaiti çıxarılaraq kassaya mədaxil edilir. Ola bilər ki, ödəniş üçün müddət bitsin, amma pul almamış şəxslər qalsın. Məsələn, əmək haqqının nağd verildiyi halları buna aid etmək olar. Belə hallarda, pulunu ala bilməmiş şəxsin adına qeyd edilmiş məbləğin qarşısında imza xanasına kassir tərəfindən “Deponentləşdirilib” sözü yazılır, yaxud belə yazılı ştamp vurulur. Bundan sonra bütün deponentləşdirilmiş məbləğlər üçün ümumi bir reyestr tərtib edilir.

Deponentləşdirilmiş məbləğlər bank hesabına geri qoyulacaqsa onlar üçün ümumi vahid məxaric orderi tərtib edilə bilər. Onlar üçün tərtib edilmiş reyestr isə məxaric sənədinə əlavə edilməlidir.

Kassa kitabı nədir?

Bildiyimiz kimi, mühasibat uçotunda müxtəlif kitablar tətbiq edilir (məsələn, alışlar kitabı, satışlar kitabı, satışdan qayıtmalar kitabı, baş kitab və s.). Kassa kitabı onlardan birdir.

Kassaya daxil olmuş və kassadan məxaric edilmiş məbləğlər mütləq günün sonunda kassa kitabında qeyd edilir.

Kassa sənədlərinin tərtibi

Yuxarıda qeyd etdiyimiz bütün sənədlər (kassa məxaric orderi, kassa mədaxil orderi, reyestr və s.) əl ilə yaxud kompüter vasitəsi ilə edilə bilər. Əsas odur ki, yazılar aydın oxunsun, habelə sənəddə hər hansı düzəlişlər olmuş olmasın.

Kassa mədaxil orderi ləkələnmiş, cırılmış, qrafalarda düzəlişlər edilibsə, yeni blank tərtib edilməlidir. Praktikada adətən biz həmin qara düşmüş blankın üzərindən “X” formalı xətt çəkir, sonra üzərində “ləğv edilib” yazıb səlahiyyətli şəxslərə imzalatdırırıq.

Kassir mədaxil yaxud məxaric sənədlərini aldıqda, oradakı imzaların mövcudluğuna nəzər salmalı, imzaları eyniləşdirməli, sənədə əlavə edilməli olan əlavələrin mövcudluğunu yoxlamalıdır.

Əgər qeyd etdiyimiz məqamlarda problem varsa, sənəd mühasibatlığa geri qaytarılmalıdır.

Nağd pul vəsaiti yuxarıda sadaladığımız sənədlərlə (o cümlədən, kassa kitabı) rəsmiləşdirilmədən ödənildikdə, yaxud qəbul edildikdə birbaş olaraq pul vəsaitinin uçotdan yayındırılması halı kimi dəyərləndirilə bilər.

Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər şəxsi istehlakı üçün fəaliyyətlərinə bağlı bank hesabından vəsait nağdlaşdıraraq şəxsi istehlak məqsədiylə xərcləmək istəyərsə, öncə həmin məbləği kassaya mədaxil etməli, sonra təyinatına “şəxsi istehlak məqsədiylə” sözü yazmaqla məxaric etməlidir.

Sonda bildirək ki, ümumiyyətlə kassadan pul ödənişi etdikdə Mülki Məcəllənin  965-ci maddəsinin müddəalarını da nəzərə almaq lazımdır. 

Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi