Vergi Məcəlləsinin 109.8-ci maddəsində qeyd olunan 2 faizlik məhdudiyyət alış aktı və nəzarət-kassa aparatı çeki üzrə xərclərə ayrı-ayrılıqda tətbiq olunur, yoxsa hər iki xərc növünün cəminə birlikdə tətbiq olunur?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən mallar, qiymətli daşlar, qiymətli metallar, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatlar, daşınmaz əmlak, avtomobil nəqliyyatı vasitələri və daşınar əsas vəsaitlər istisna olmaqla, digər malların vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması və ya malların vergi ödəyicilərindən bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verən nəzarət-kassa aparatının çeki əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin hər bir hal üzrə 2 faizi həddində məhdudlaşdırılır və bu həddən yuxarı məbləğ gəlirdən çıxılmır.
Sorğuya cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 109.8-ci maddəsində nəzərdə tutulmuş 2 faizlik məhdudiyyət alış aktı və nəzarət-kassa aparatının çeki əsasında rəsmiləşdirilən xərclərə ayrı-ayrılıqda tətbiq olunur. Yəni vergi ödəyicisi eyni vaxtda bir təqvim ili daxilində öz gəlirlərinin 2%-i həddində həm vergi ödəyicilərindən nəzarət-kassa aparatı çeki ilə, həm də vergi ödəyicisi kimi uçotda olmayan vətəndaşlardan alış aktı vasitəsilə mal alıb dəyərini öz gəlirindən çıxa bilər.
Mənbə: vergiler.az
