Pul vəsaitləri və onların ekvivalentləri üzrə uçotun əsasları
Pul vəsaitləri və onların ekvivalentləri müəssisənin maliyyə resurslarının ən likvid formasıdır. Mühasibat uçotunda pul vəsaitləri “dövriyyə vəsaitləri” kimi xarakterizə olunur və qısamüddətli aktivlər qrupuna aid edilir. Belə aktivlərin uçotu mühasibat uçotu subyektləri üçün hesablar planının 22-ci bölməsində aparılır. 225 saylı “Pul vəsaitlərinin ekvivalentləri” hesabı bu bölməyə aid olan hesablardan biridir. Digər hesablar aşağıdakılardır:
222-ci hesab: “Yolda olan pul köçürmələri”;
223-ci hesab: “Bank hesablaşma hesabları”;
224-ci hesab: “Tələblərə əsasən açılan digər bank hesabları”.
Pul vəsaitlərinin uçotu zamanı aşağıdakı prinsiplərə əməl edilir:
- pul vəsaitləri nominal dəyərlə tanınır.
- ən likvid aktiv kimi dərhal istifadəyə yararlıdır.
- müəssisənin pul axınları və mövcudluğunun tam şəkildə əks etdirilməsi tələb olunur.
Bu vəsaitlər müəssisənin qısa müddətli öhdəliklərini yerinə yetirmək və cari fəaliyyətlərini həyata keçirməsi üçün əsas mənbə ayılır.
Məqalədə mühasibat uçotu subyektləri dedikdə, kredit təşkilatları istisna olmaqla, kommersiya təşkilatları, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və publik hüquqi şəxslər nəzərdə tutulur. Azərbaycan Respublikasının Mərkəzi Bankı və illik maliyyə hesabatlarını İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları əsasında tərtib edən publik hüquqi şəxslər bu siyahıda istisna təşkil edir.
Pul vəsaitlərinin ekvivalentləri: anlayış və nümunələr
225 saylı “Pul vəsaitlərinin ekvivalentləri” hesabı üzrə uçota alınan aktivlər likvidliyi yüksək olan və 3 aydan az müddətə satıla bilən (nağd yaxud nağdsız vəsaitə çevrilə bilən) maliyyə alətləridir. Bu vəsaitlər riski az olan, dəyəri demək olar ki, dəyişməyən vəsaitlərə aiddir. Ekvivalentlərin məqsədi müəssisənin likvidliyini artırmaqla operativ öhdəlikləri yerinə yetirməkdir.
Azərbaycanda mühasibat uçotu qanunvericiliyi pul vəsaiti ekvivalentlərini aşağıdakı böyük qrupa ayırır:
- limitləşdirilmiş çek kitabçaları;
- pul sənədləri;
- maliyyə qoyuluşları;
- digərləri.
Pul sənədlərinə benzin, sürtgü yağı, qida məhsulları və sairə üçün ödənilmiş talonlar, istirahət evləri, sanatoriya, turist bazalarına ödənilmiş göndəriş vərəqələri, poçt köçürmələrinə, poçt markalarına, dövlət rüsumu markalarının alınmasına bildirişlər və digər sənədlər aiddir.
Maliyyə qoyuluşları dedikdə mühasibat uçotu subyektlərinin birja fəaliyyətindən əldə olunmuş vəsaitlər hesabına həyata keçirilən bank depozitlərindəki pul (investisiya) qoyuluşları, qiymətli kağızları, faizli istiqrazlar nəzərdə tutulur.
Pul vəsaitlərinin ekvivalentləri mühasibat uçotunda pul vəsaitləri ilə birlikdə təqdim olunur, lakin ayrıca tanınması və uçotu tələb olunur.
225 saylı “Pul vəsaitlərinin ekvivalentləri” hesabı üzrə uçotun tənzimlənməsi
Bu hesabda mühasibat uçotu subyektinin qısa ödəniş müddətinə malik olan, pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevrilə bilən və dəyərin dəyişməsi kimi cüzi riskə məruz qalan yüksək likvidli qoyuluşlarının mövcudluğu və hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.
225 saylı hesab pul vəsaitlərinin ekvivalentləri üçün ayrılmış xüsusi hesabdır və müəssisənin qısa müddətli, likvidliyi yüksək maliyyə aktivlərini izləmək üçün istifadə olunur. Bu hesabda uçota alınan aktivlər aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:
- əldə edilmə tarixi ilə son müddəti arasında 3 aydan çox vaxt olmamalıdır;
- dəyişkənliyə məruz qalmayan sabit gəlirli maliyyə aləti olmalıdır;
- ticarət məqsədilə deyil, likvidlik təminatı məqsədilə saxlanılmalıdır.
225 saylı “Pul vəsaitlərinin ekvivalentləri” hesab üzrə uçot AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-nın uyğun bəndləri əsasında aparılır:
- pul vəsaitlərinin ekvivalentlərinin əldə edilməsi zamanı – 24.17-ci bənd;
- pul vəsaitlərindən istifadə edildikdə – 24.18-ci bənd;
- məzənnə fərqi üzrə əməliyyatlar – 24.19-cu bənd.
Pul vəsaitləri və onların ekvivalentlərinin uçotuna təsir edən əsas beynəlxalq uçot standartları bunlardır:
- MUBS7 – “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat” (IAS 7): Müəssisənin fəaliyyət, investisiya və maliyyələşmə fəaliyyətləri üzrə pul axınlarının və ekvivalentlərinin hesabatının hazırlanmasını və təqdim olunmasını tənzimləyir.
- MUBS1 – Maliyyə hesabatlarının təqdim edilməsi (IAS 1): Pul vəsaitləri və onların ekvivalentlərinin maliyyə hesabatında hansı formada təqdim olunacağını müəyyən edir;
- MHBS9- “Maliyyə alətləri” (IFRS 9): Maliyyə alətlərinin ilkin və sonrakı tanınma prinsipləri, o cümlədən risklərin və dəyərsizləşmənin uçotunu əhatə edir.
Bu standartlara əsasən, pul vəsaitlərinin ekvivalentləri yüksək likvidlikli, aşağı riskli maliyyə alətləri kimi qiymətləndirilir və ayrı-ayrı təsnif edilir.
Hesab üzrə müxabirləşmə nümunələri
225 saylı “Pul vəsaitlərinin ekvivalentləri” hesabı və beynəlxalq standartlar bu uçot sahəsini daha sistemli şəkildə tənzimləməyə imkan verir. Müvafiq əməliyyatların nümunələrlə izahı isə bu anlayışların praktik tətbiqini dəstəkləyir.
Nümunə . “ABC” MMC işçisi üçün 500 manat dəyərində sanatoriya göndərişi əldə edib və onun dəyərini satan müəssisənin bank hesabına ödəyib. Razılaşmaya əsasən bu məbləğ iki ay ərzində işçinin əməkhaqqından tutulacaq.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | İşçi üçün sanatoriyaya göndəriş əldə edilir. | 225: “Pul vəsaitlərinin ekvivalentləri” | 538:” “Digər qısamüddətli kreditor borcları”” | 500.00 |
| 2 | Göndərişin dəyəri ödənilir | 538:” “Digər qısamüddətli kreditor borcları” | 223: “Bank hesablaşma hesabları” | 500.00 |
| 3 | Göndəriş işçiyə verilir | 213: “Əsas idarə heyətinin qısamüddətli debitor borcları” | 225: “Pul vəsaitlərinin ekvivalentləri” | 500.00 |
| 4 | Göndərişin dəyərinin birinci ay üçün işçinin əmək haqqından tutulur | 533: “Əməyin ödənişi üzrə işçi heyətinə olan qısamüddətli borclar” | 213: “Əsas idarə heyətinin qısamüddətli debitor borcları” | 250.00 |
| 5 | Göndərişin dəyərinin ikinci ay üçün işçinin əmək haqqından tutulur | 533: “Əməyin ödənişi üzrə işçi heyətinə olan qısamüddətli borclar” | 213: “Əsas idarə heyətinin qısamüddətli debitor borcları” | 250.00 |

