Öhdəliklərin xarakteristikası
Öhdəlik müəssisənin keçmiş/öhdəlik doğuran hadisələrdən yaranan cari borcudur, onun ödənməsi iqtisadi fayda da daxil olmaqla, resursların müəssisədən çıxarılmasın zəruri edir. Sadə dillə desək, öhdəliklər müəssisənin digər tərəflərə mal, pul və xidmət şəklində olan borclarıdır. Məsələn, təsərrüfat fəaliyyəti zamanı gəlir əldə olunur. Gəlirin əldə edilməsində işçilərin əməyi var. Ayın sonunda işçinin qarşısında gəlirdən əmək haqqı öhdəliyi yaranır. Yaxud, iqtisadi fəaliyyət zamanı elektrik enerjisindən, sudan istifadə edirik, ayın sonunda kommunal öhdəliyimiz yaranır, bunlar qısamüddətli öhdəliklərdir.
Başqa bir nümunəyə baxaq. Şirkət iki illik zəmanətlə satış həyata keçirir. Bu müddət ərzində yaşanan problemlər şirkətin resursları hesabına qarşılanır. Bu uzunmüddətli zəmanət öhdəliyidir. Yaxud, peşə xəstəliyi səbəbindən həlak olmuş işçilərin ailələrinə ödənilən müavinətlər işdən azad olma ilə bağlı uzunmüddətli öhdəliklər kimi xarakterizə edilir.
Elə öhdəliklər var ki, məsələn, əmək haqqı, vergi və sosial sığorta öhdəlikləri, yalnız qısamüddətli ola bilər. Təxirəsalınmış vergi öhdəlikləri isə yalnız uzunmüddətli ola blər.
Qiymətləndirilmiş öhdəliklər
Qeyd edək ki, öhdəliklər üzrə MHBS standartlarına uyğun hesabatlar hazırlayarkən MUBS (IAS) 37-nin tələbləri nəzərə alınmalıdır. Bu standartın ingilis versiyasında maliyyə dilinə “ehtiyat” kimi daxil edilmiş “provision” sözündən istifadə edilir. Azərbaycan dilinə tərcümədə standartın adı “Yaradılmış ehtiyat fondları, Şərti öhdəliklər və Şərti aktivlər” kimidir. Standartda verilmiş anlayışların şərhinə nəzər salsaq “Yaradılmış ehtiyat fondları” və “Qiymətləndirilmiş öhdəliklər”-in demək olar ki, eyni məna yükü daşıdığını görə bilərik. Hesablar Planında sonuncudan istifadə edildiyi üçün (41 və 51-ci maddələr) bu məqalədə də şərhlər onun üzərində qurulub.
Qiymətləndirilmiş öhdəliklər elə öhdəliklərdir ki, onların baş verməsi, yaranması dəqiq deyil, lakin hər hansısa bir ehtimala söykənir. Müəssisələr ehtiyatlıq prinsipindən irəli gələrək baş verməsi dəqiq olmayan, amma hətta müəyyən ehtimalı olan hadisələrlə də bağlı yaranacaq öhdəliyi uçota alırlar.
Qiymətləndirilmiş öhdəliklərin tanınması üçün aşağıda sadalanan şərtlərin ödənilməsi kifayətdir :
- müəssisə keçmiş hadisələrin nəticəsi olaraq cari öhdəliyə sahibdirsə;
- öhdəliyin ödənilməsi üçün iqtisadi səmərə axınının baş verməsi ehtimal edilirsə;
- öhdəliyin məbləği etibarlı dəyərlə qiymətləndirilə bilirsə.
Mühasibat uçotunun hesablar planında qiymətləndirilmiş öhdəliklər
“Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”na uyğun olaraq qiymətləndirilmiş öhdəliklər hesablar planında iki maddə üzrə açılmış hesablar üzrə uçota alınır:
- 41-ci maddə “Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər”;
- 51-ci maddə “Qısamüddətli qiymətləndirilmiş öhdəliklər”.
Bu maddələr üzrə açılmış hesablar aşağıdakı cədvəldə verilib.
| 41 –ci maddə üzrə açılan hesablar | Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər | |
| 411 | İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər | |
| 412 | Uzunmüddətli zəmanət öhdəlikləri | |
| 413 | Uzunmüddətli hüquqi öhdəliklər | |
| 414 | Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər | |
| 414-1 | Sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər | |
| 51 –ci maddə üzrə açılan hesablar | Qısamüddətli qiymətləndirilmiş öhdəliklər | |
| 511 | İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər | |
| 512 | Qısamüddətli zəmanət öhdəlikləri | |
| 513 | Qısamüddətli hüquqi öhdəliklər | |
| 514 | Mənfəətdə iştirak planı və müavinət planları | |
| 515 | Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər | |
| 515-1 | Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər | |
İşdən azad olma ilə bağlı öhdəliklərə nümunə
Praktikada adətən 1 hesabat dövrünün əhatə edən qısamüddətli qiymətləndirilmiş öhdəliklərə daha çox rast gəlinir. İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər üzrə aşağıdakı nümunəyə baxaq.
Nümunə: Hesab edin “A” MMC öz işçisinin işdən azad edir, lakin bununla bağlı ona işdən azad olunma müavinatı vermir, bununla yanaşı son haqq hesabını azad etdiyi gün ödəməyib gec ödəyir. İşçi tərəfindən məhkəməyə iddia sənədi verilir. Müəssisə qanunvericiliyin tələbini pozduğunu dəqiq bildiyi üçün iddianın təmin ediləcəyini yəqinliklə bilir. Nəticə etibarıyla qiymətləndirilmiş, lakin hələ təsdiq edilməmiş öhdəliyini artıq tanıyır :
DT 731 KT 511 2.500
DT 731 KT 511 2.000
Birinci müxabirləşmə şərti olaraq işçiyə ödənilməli məbləğ, ikinci müxabirləşmə isə qanunvericiliyin pozulmasına görə müəssisəyə tətbiq ediləcək inzibati cərimənin müxabirləşməsi olaraq düşünək (rəqəmlər şərtidir).
Qısamüddətli zəmanət öhdəlikləri ilə bağlı nümunə
Belə öhdəliklər mal, iş (xidmət) təqdim edilməsi zamanı yaranır. Praktik olaraq bu malların satışında daha çox istifadə edilən anlayışdır. Çünki mallara görə hansısa zəmanət verilir. Malı satmış müəssisə hansısa malların müəyyən səbəblərdən geri qaytarılmaq ehtimalının olduğunu bildiyi üçün əvvəlcədən müəyyən zəmanət öhdəliyi tanıyır.
Nümunə: Məişət avadanlıqlarının satışını həyata keçirən Elektronika dükanı hər aylıq ümumi satışının 4%-i qədər zəmanət öhdəliyi yaradır. Aprel ayında dükan ümumi dəyəri 12000 manat olmaqla birinin qiyməti 60 manatdan 200 ədəd məişət avadanlığının satışını həyata keçirmişdir. Ayın sonunda 12000 * 4% = 480 manatlıq zəmanət öhdəliyi yaradılır:
DT 602 KT 512 2.500
Hesab edək ki, məhsullara 6 ay zəmanət verildiyinə görə oktyabr ayında artıq zəmanət müddəti bitir və malların geri qəbulu dayandırılır. Həmin vaxt ərzində cəmi 3 ədəd məişət avadanlığı defekt səbəbiylə geri qaytarılır. Deməli mühasib aşağıdakı müxabirləşməni verməlidir :
DT 512 KR 602 300
Mallar qaytarıldıqca isə mühasib hər birinin vaxtında aşağıdakı müxabirləşməni verməli idi:
DT 512 KR 221 60
Şərti öhdəliklər
MUBS (IAS) 37 “şərti öhdəlik” anlayışını belə xarakterizə edir:
(a) keçmiş hadisələrdən irəli gələn və mövcudluğu yalnız tam olaraq müəssisənin nəzarəti altında olmayan bir və ya daha çox qeyri-müəyyən gələcək hadisələrin baş verməsi və ya verilməməsi ilə təsdiqlənəcəyi mümkün olan öhdəlikdir; və ya
(b) keçmiş hadisələrdən irəli gələn, lakin aşağıda göstərilən səbəblər üzündən tanınmayan cari öhdəlikdir:
(i) öhdəliyin yerinə yetirilməsi üçün iqtisadi səmərələri təcəssüm etdirən resursların müəssisədən xaricolmasının tələb olunacağı ehtimal olunmadıqda; və ya
(ii) öhdəliyin məbləği kifayət qədər etibarlı qiymətləndirilə bilinmədikdə.”
Məsələn, hüquqi mübahisə nəticəsində iddiaçıya ödənilməli olan öhdəliklər, mübahisənin müəssisənin təşkilata qarşı həll olunma ehtimalı böyükdürsə, qiymələndirilmiş öhdəlik kimi tanınır. Bu məhkəmə işi ilə bağlı qeyri-müəyyənlik varsa və öhdəliklərin və itkilərin tanınması zərurəti bundan asılıdırsa, şərti öhdəlik yaranır.
İş şəraitindəki bəzi dəyişikliklər (məsələn, valyuta məzənnələri) nəticəsində açıq-aydın ziyanlı müqavilələrin icrasına ehtiyac yaranarsa və müəssisə onları yerinə yetirməkdən yayına bilmirsə (məsələn, əhəmiyyətli sanksiyaların olması səbəbindən), qiymələndirilmiş öhdəlik yaranır. Əgər, məsələn, valyuta məzənnələrinin dalğalanmasından asılı olaraq (qeyri-müəyyənlik xasdır), təşkilatın ləğv edilə bilməyən müqavilələri yerinə yetirmək üçün əlavə borc vəsaitləri cəlb etməyə ehtiyacı ola da bilər, olmaya da – bu zaman şərti öhdəlik yaranır.
Məzuniyyət haqqının yaxud ilin nəticələrinə görə mükafatın ödənilməsi öhdəlik qiymətləndirilmiş kimi xarakterizə olunur. İxtisara görə mümkün işdən çıxarılma müavinətinin ödənilməsi, əgər ixtisarın zəruriliyi qeyri-müəyyən şərtlərin mövcud olduğu hallardan asılıdırsa – şərti öhdəlikdir.
