Sadələşdirilmiş sistem üzrə vergilərin hesablanması və ödənilməsi

posted in: Xəbər | 0
birbank biznes

Sadələşdirilmiş vergi – sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslərin gəlirindən sadələşdirilmiş formada tutulan vergi növüdür. Bu vergi sahibkarın fəaliyyət növündən asılı olaraq tətbiq olunur.

Sadələşdirilmiş sistemin mahiyyətini izah edən iqtisadçı ekspert Radil Fətullayev bildirib ki, fiziki və ya hüquqi şəxs öz fəaliyyətinə görə vergini Vergi Məcəlləsində müəyyən olunmuş formada ödədikdən sonra qalan hissəni istədiyi kimi xərcləyib sonda dividend kimi götürə bilər. Mənfəət vergisindən fərqli olaraq bu sistem üzrə gəlirlərdən xərcləri çıxmağa ehtiyac qalmır. Ona görə də bu vergiyə sadələşdirilmiş deyilir.

Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olan şəxslər

Vergi Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olan şəxslər aşağıdakılardır:

  • ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər.
  • Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər.
Əsasən yalnız sadələşdirilmiş verginin ödəyiciləri olan şəxslər isə aşağıdakılardır:
  • Mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan və Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımaları xidmətini göstərən (o cümlədən taksi xidmətini göstərən) şəxslər (beynəlxalq yük və sərnişin daşımaları xidmətini göstərənlər istisna olmaqla) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər.
  • İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru və satıcıları olan şəxslər.
  • Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər və mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər də sadələşdirilmiş verginin ödəyiciləridirlər.

Qeyd edək ki, fiziki şəxs mülkiyyətində olan yaşayış sahəsində azı 3 (üç) il ərzində qeydiyyatda olarsa, həmin sahənin təqdim edilməsi zamanı sadələşdirilmiş və digər vergilər tətbiq olunmur. Onu da qeyd edək ki, sadələşdirilmiş vergi ödəyən fiziki və hüquqi şəxslər ƏDV-nin və mənfəət (gəlir) vergisinin ödəyicisi deyildir.

Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malik olmayan şəxslər

Ekspert bildirir ki, aşağıdakı şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malik deyillər:

– aksizli və məcburi nişanlama ilə nişanlanmalı olan mallar istehsal edən şəxslər, kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları (icbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentləri), investisiya fondları və bu fondların idarəçiləri, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, lombardlar;

– qeyri-dövlət pensiya fondları;

– əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər;

– müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş təbii inhisar subyektləri;

– mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər (ardıcıl 12 aylıq döviyyəsi 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər, Azərbaycan Respublikasının avtonəqliyyat vasitələri ilə xidmət göstərən və idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru və satıcıları olan şəxslər istisna olmaqla);

– publik hüquqi şəxslər;

– işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər;

– topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər;

– vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (fərdi qaydada məşğul olan şəxslər istisna olmaqla);

– qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslər;

– xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər;

– bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər və lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər.

Sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanıla bilən vergi ödəyiciləri

– Pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi eyni zamanda topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda;

– Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda.

Beləliklə, Məcəlləyə əsasən artıq əhaliyə xidmət göstərən müəssisələr müəyyən hallarda fiziki (fərdi sahibkar) və hüquqi şəxslərə xidmət göstərdikdə də sadələşdirilmiş vergi ödəyicisi kimi qala biləcəklər. Həmçinin pərakəndə ticarət müəssisələri də bəzi satışlarını elektron qaimə-faktura əsasında etdikdə 2% sadələşdirilmiş vergi ödəyicisi kimi qala biləcəklər.

Sadələşdirilmiş vergidən azad olan şəxslər
  • kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi – 2014-cü il yanvarın 1-dən 10 il müddətinə;
  • qanunla müəyyən edilmiş hallarda dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir;
  • dövlət büdcəsinin vəsaiti hesabına ödənilən ixrac təşviqi üzrə daxilolmalar;
  • Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan şəxslərə ödənilən dividendlər;
  • mülkiyyətdə olan yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin təqdim edilməsi üzrə aşağıdakı təqdim edilmə halları:

– fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi;

– fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin 30 kvadratmetr olan sahəsi;

– Vergi Məcəlləsinin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş hallar;

Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilməli olan verginin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi hasilatdakı xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.

Bu güzəştin alınması hüququ müəyyən edilərkən, vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.

Mənbə: vergiler.az


Bax:


Print Friendly, PDF & Email