Sahibkarlığın yeni təsnifatı hansı dəyişikliklərə səbəb olacaq

posted in: Xəbər | 0
birbank biznes

Sahibkarların təsnifatı yeni prinsiplə aparılacaq.

Prezident İlham Əliyev “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna dəyişikliklə bağlı fərman imzalayıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanuna dəyişiklikləri şərh edərkən bildirib ki, əsas məqsəd sahibkarlıq subyektlərinə dövlət dəstəyi tədbirlərinin artırılması, hər bir növ sahibkarlıq subyektinin ayrı-ayrılıqda dəstəklənməsinə nail olmaqdır: “Sahibkarlıq subyektlərinin fərqləndirilməsi ünvanlılığa səbəb olmaqla sahibkarlarla işin keyfiyyətinin artmasına gətirib çıxaracaq. Yeni qanun sahibkarlıq subyeklərinə dövlət dəstəyinin səmərəliliyini artıracaq, xüsusilə kiçik və orta sahibkarlıq subyektləri ilə müvafiq qurumlar arasında əlaqənin müasir meyarlar əsasında qurulmasına şərait yaradacaq”.

İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, yeni yanaşma sahibkarlarla işin qurulmasında diferensiallığı artıracaq, dövlət dəstəyindən və güzəştlərdən istifadə zamanı konkretliyi təmin edəcək: “Nazirlər Kabinetinin təsnifatına uyğub olaraq kiçik və orta müəssisələr üçün həm dövriyyə, həm də işçilərin sayına uyğun olaraq fərqləndirmələr həyata keçirilirdi. Kiçik və orta müəssisələr sadələşdirilmiş vergi subyekti kimi vergi güzəştlərindən istifadə etmək hüququna malik idilər. Sadələşdirilmiş vergi subyektləri Bakıda fəaliyyət göstərdikləri halda, dövriyyənin 4%-i, rayonlarda isə dövriyyənin 2%-i həcmində vergi ödəyirdilər. Sadələşdirilmiş vergi subyektlərinin dövriyyəsi 200 min manatdan çox olduqda isə onlar sadələşdirilmiş vergi subyektləri deyil, daha iri və ya əlavə dəyər vergisi ödəyicisi hesab edilirdilər. Bu sıraya mikro sahibkarların əlavə edilməsinə ehtiyac var idi. Beləliklə, yeni dəyişikliklər həmin qrupa aid sahibkarlarla bağlı mürəkkəbliyi aradan qaldıracaq”.

Ekspertin fikrincə, qanuna edilmiş dəyişikliklər sahibkarlıqla bağlı son dövrlərdə aparılan institusional islahatların tələblərinə uyğun bəzi məsələlərin də həllini tapmasına kömək edəcək: “Bir müddət əvvəl Azərbaycanda Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi, eləcə də Kreditlərə Zəmanət Fondu yaradılıb. Təhlillər göstərir ki, sadələşdirilmiş vergi subyektləri, yaxud kiçik və orta sahibkarlar vergi güzəştlərindən istifadə etsələr də, onların, xüsusən də mikro sahibkarların kredit resurslarına çıxış imkanları məhduddur. Bu kateqoriyaya aid sahibkarlar girov təklif edə bilmədikləri üçün Sahibkarlığa Kömək Milli Fondunun kreditlərindən faydalana bilmirdilər. Nəticədə, xüsusən də daha kiçik sahibkarlıq subyektləri həm kreditlərə, həm də bazara çıxış imkanları baxımından çətinliklərlə üzləşirdilər. Sahibkarların qruplara ayrılması və mikro sahibkarlığın fərqləndirilməsi artıq onların bu cür problemlərinin həllinə imkan verəcək. Dövlət onların ayrıca dəstəklənməsinə geniş şərait yaradacaq”.

İqtisadçı Radi Fətullayev də o fikirdədir ki, indiyədək sahibkarların konkret meyarlara bölünməməsi dövlət tərəfindən verilən maliyyə güzəştləri, digər imtiyazlar zamanı bir sıra hallarda problemlərə gətirib çıxarırdı ki, kiçik sahibkarlar ümumi sahibkarlığa dəstək tədbirləri sırasında diqqətdən kənarda qalırdı. Yeni meyarlar isə artıq bu cür pərakəndəliyi aradan qaldıracaq, hər bir sahibkarlıq subyektinə fərdi yanaşmaq mümkün olacaq.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email