0Hesablar planının “Gəlirlər” bölməsi
Satılmış malların qaytarılması və ucuzlaşdırılması əməliyatları Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə müəssisələr üçün müəyyən edilmiş hesablar planının 602-ci hesabında uçota alınır. 602 saylı “Satılmış malların qaytarılması və ucuzlaşdırılması” hesabı hesablar planının 6-cı “Gəlirlər” bölməsinə aiddir. Bu bölmədə müəssisələrin aşağıda qeyd edilən istiqamətlərdən daxil olan gəlirlərinin uçotu üçün ümumiləşdirilmiş məlumatları əks olunur:
- əsas əməliyyat gəlirləri;
- sair əməliyyat gəlirləri;
- fəaliyyətin dayandırılmasından yaranan gəlirlər;
- maliyyə gəlirləri;
- fövqəladə gəlirlər.
602 saylı hesab bölmənin 60-cı “Əsas əməliyat gəlirləri” maddəsinə aid olan hesablardan biridir.
Hesablar planın “Əsas əməliyat gəlirləri” maddəsi
Müəssisələrə adi əməliyyat fəaliyyəti zamanı satışın, satılmış malların qaytarılması və ucuzlaşdırılması, habelə verilmiş güzəştlərin hərəkəti üzrə ümumiləşdirilmiş məlumatları uçota almaq vacibdir. Mühasibatlıqda belə məlumatları təqdim etmək üçün 60-cı “Əsas əməliyat gəlirləri” maddəsinə aid olan aşağıdakı hesablardan istifadə edilir:
- 601 saylı “Satış” hesabı malların satışı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə gəlir, tikinti müqavilələri üzrə gəlir, royalti gəliri, əməliyyat icarəsi üzrə gəlir və digər əməliyyat gəliri barədə ümumiləşdirilmiş məlumatları əks etdirmək üçün nəzərdə tutulub;
- 602 saylı hesabda satılmış malların qaytarılması və ucuzlaşdırılması barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir;
- 603 saylı “Verilmiş güzəştlər” hesabında satılmış mallar, görülmüş işlər və göstərilmiş xidmətlər üzrə verilmiş güzəştlər barədə ümumiləşdirilmiş məlumatlar uçota alınır.
Beynəlxalq mühasibat uçotu baxımından müəssisənin gəlirləri, o cümlədən əsas əməliyatlar üzrə gəlirlər 15 saylı “Müştərilərlə müqavilələr üzrə gəlirlər” adlı (IFRS15) standartla nizamlanır.
“Satılmış malların qaytarılması və ucuzlaşdırılması” hesabı üzrə tənzimləmələr
Hesabın təyinatı “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-nın 46.16 bəndində müəyyən edilib: “602 saylı “Satılmış malların qaytarılması və ucuzlaşdırılması” hesabında mühasibat uçotu subyekti tərəfindən satılmış malların qaytarılması və ucuzlaşdırılması barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.”
Hesab üzrə tənzimləmələr həmin qaydaların 46.16-46.18 bəndləri üzrə aparılır. Bu zaman mühasibat yazılışları aşağıdakı qaydada verilir:
- satılmış malların qaytarılması və ucuzlaşdırılması (46.16-cı bənd) – Db 602/Kr 171 (yaxud 172, 173, 211, 212, 213);
- malların qaytarılması və ucuzlaşdırılması ilə bağlı hesablanılmış əlavə dəyər vergisi (bənd 46.16-cı bənd) – Db (521 yaxud 545 )/ Kr171 (yaxud 172, 173, 211, 212, 213);
- satınalan müəssisə malların dəyərini ödəmişdirsə qaydalrın 46.17 bəndi tətbiq edilir, belə ki, malların qaytarılması və ucuzlaşdırılması ilə bağlı pul vəsaitlərinin qaytarılması zamanı Db602(əvvələr gəlir kimi tanınmış məbləğ) / Kr 221 (yaxud 222, 223, 225) kimi müxabirləşmə verilir;
- yuxarıdakı hal üçün ƏDV (46.17 Db521 / Kr221 (yaxud 222, 223, 225);
- qaydaların 46.18-cı bəndi satılmış malların qaytarılması və ucuzlaşdırılması üzrə yaranmış məbləğlərin tənzimlənməsi zamanı istifadə olunur – Db801/Kr602.
602 saylı hesab üzrə müxabirləşmə nümunəsi
Nümunə: “ABC” kompüter üçün ehtiyat hissələrin satışı ilə məşğul olur. Hər birinin maya dəyəri 90 manat olan 10 ədəd LNM620X512G-RNNNG markalı SSD yığıcını 1000 manata satıb. Satılmış mallar üçün ödəniş həata keçirilməyib. Bir müddət sonra SSD yığıcının 1 ədədi satıcıya geri qaytarılır. Mümkün mühasibat yazılışları aşağlda verilib.
| Əməliyyatın məzmunu | Debit | Kredit | Məbləğ (manat) |
| Mallar satışa verilir (10*90=900) | 701: “Satışın maya dəyəri” | 205: “Mallar” | 900.00 |
| Subsidiyanın istifadəsi (10*100=1000) | 211: “Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları” | 601: “Satış” | 1000.00 |
| Satışdan ƏDV hesablanıb | 211: “Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları” | 545:”Digər qısamüddətli öhdəliklər” | 180.00 |
| Qaytarılmış malları uçota alınır (1*100) | 602: “Satılmış malların qaytarılması və ya ucuzlaşdırılması” | 211: “Alıcıların və sifarişçilərin q/m debitor borcları” | 100.00 |
| Qaytarılmış mallara görə ƏDV | 545: ”Digər qısamüddətli öhdəliklər” | 211: “Alıcıların və sifarişçilərin q/m debitor borcları” | 18.00 |
| Alıcı malın dəyərini ödəyir | 223: ”Bank hesablaşma hesabı” | 211: “Alıcıların və sifarişçilərin q/m debitor borcları” | 900.00 |
| ƏDV üzrə öhdəlik | 545:”Digər qısamüddətli öhdəliklər” | 521: “Vergi öhdəlikləri” | 162.00 |
| Geri qaytarılmış mallara görə satış gəıirinin azaldılması | 601: “Satış” | 602: “Satılmış malların qaytarılması və ya ucuzlaşdırılması” | 100.00 |
| Qaytarılmış mal anbara mədaxil edilir | 205: “Mallar” | 701: “Satışın maya dəyəri” | 90.00 |
| SSD yığıcı üzrə satış gəliri ümumi mənfəətə aid edilir | 601: “Satış” | 801: “Ümumi mənfəət (zərər)” | 900.00 |
| SSD yığıcı üzrə ümumi xərc çıxılır | 801: “Ümumi mənfəət (zərər)” | 701: “Satışın maya dəyəri” | 810.00 |
