İşçi iş yerinə hansı sənədləri könüllü təqdim edə bilər?

posted in: Xəbər | 0

Son dövrlər ən çox müzakirə olunan məsələlərdən biri də işə qəbul zamanı işçilərdən tələb olunan sənədlərlə bağlıdır. Bəzi mütəxəssislər hesab edirlər ki, işəgötürən işə qəbul zamanı şəxslərdən bütün sənədləri tələb edə bilər. Məsələn, işəgötürənin işçinin sağlamlığı və ya narkoloji vəziyyəti ilə bağlı şübhələri yaranarsa, işçidən səhiyyə müəssisəsindən müvafiq arayışlar təqdim etməsini tələb edə bilər. Ancaq əmək qanunvericiliyi işəgötürənlərə belə bir hüquq tanımır. Bəs digər tələblərin hüquqi əsası varmı? İşçilərdən hansı sənədlər tələb oluna bilər?
Suallara ekspert Anar Bayramov aydınlıq gətirir. 

Әmək Məcəlləsinin 48-ci maddəsi işəgötürənin vəzifələri və işə qəbul zamanı şəxsdən hansı arayışları tələb edə bilməsini müəyyən edir. Məcəllənin 48-ci maddəsinin 5-ci hissəsinə əsasən, işçinin səhhətinə və sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlıq haqqında tibbi arayış təqdim etməlidirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 yanvar tarixli 1 nömrəli Qərarı ilə həmin peşələrin (vəzifələrin) və iş yerlərinin siyahısı təsdiq edilib. İşəgötürən heç bir halda adıçəkilən qərarda qeyd edilməyən peşə (vəzifə) və iş yerləri üzrə işə qəbul zamanı sağlamlıq haqqında tibbi arayışı (Forma 86) tələb edə bilməz.

Bəzən işçiyə Әmək Məcəlləsi və Vergi Məcəlləsi ilə müəyyən edilmiş təminat və güzəştləri tətbiq etmək üçün işçidən müəyyən sənədləri tələb edirlər. Məsələn, Әmək Məcəlləsinin 117-ci maddəsinə əsasən, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşadək üç və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Bu güzəşti tətbiq etmək məqsədilə işçidən ailə tərkibi haqqında və ya uşağının əlilliyi ilə bağlı sənədləri tələb edirlər.

Mühasibat xidmətləri

Digər bir misal işçinin Vergi Məcəlləsinin 102-ci maddəsində nəzərdə tutulan əməkhaqqından gəlir vergisi üzrə güzəştlərlə bağlıdır. Həmin Məcəllənin 102.3-cü maddəsinə əsasən, daimi qulluq tələb edən əlilliyi olan uşağa və ya orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (öz istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Әmək Məcəlləsinin 48-ci maddəsi, eyni zamanda, işəgötürənə işçidən qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb edilməsini qadağan edir. Belə ki, həmin maddənin 6-cı hissəsinə əsasən, əmək münasibətlərinə girən işçidən aidiyyəti dövlət informasiya sistemlərindən və ehtiyatlarından əldə edilməsi mümkün olan, bu Məcəllədə nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır.

Əmək Məcəlləsində edilmiş son dəyişiklik işçidən tələb olunan sənədlərlə bağlı mübahisələrin həllinə yardımçı olub. Məcəllənin 48-ci maddəsinə əlavə edilən 5-1-ci hissəyə əsasən, işçinin əmək və sosial hüquqları ilə bağlı təminatlarının və güzəştlərinin təmin edilməsi məqsədilə əmək münasibətləri ilə əlaqəli digər sənədlər (himayəsində olan ailə üzvlərinin sayı, əlilliyi olan şəxs olması, müharibə veteranı, məcburi köçkün statusu və s. barədə) işçi tərəfindən könüllü olaraq təqdim olunur.

Әmək Məcəlləsinə əlavə edilən yeni norma ilə bağlı vacib məqamları qeyd edək.

Birinci məqam işçinin sənədləri hansı məqsədlə təqdim etməsidir. Әmək Məcəlləsinin 48-ci maddəsinin 5-1-ci hissəsində açıq şəkildə göstərilir ki, sənədlər işçinin əmək və sosial hüquqları ilə bağlı təminatlarının və güzəştlərinin təmin edilməsi məqsədilə könüllü təqdim olunur.

Misal 1: İşçinin könüllü olaraq məhkumluq arayışını işəgötürənə təqdim etməsi Əmək Məcəlləsinin 48-ci maddəsinin 5-1-ci hissəsinə uyğun hesab olunmur. Çünki bu sənəd işçinin əmək və sosial hüquqları ilə bağlı hər hansı təminat və ya güzəştin tətbiqi məqsədi daşımır. Qanunvericilikdə məhkumluğu olmayan işçilər üçün ayrıca təminat və ya güzəşt nəzərdə tutulmayıb.

Misal 2: İşçi əlilliyi olan uşağı ilə bağlı sənədi könüllü olaraq işəgötürənə təqdim edə bilər. Çünki həm Əmək Məcəlləsində, həm də Vergi Məcəlləsində bu hal üzrə güzəştlər və təminatlar nəzərdə tutulub.

İkinci məqam işəgötürənin həmin məlumatlara elektron sənəd formasında çıxış imkanının olmasıdır.

Misal 3: İşəgötürənin ƏMAS altsistemində işçinin əlilliyi, müharibə veteranı və ya məcburi köçkün olması barədə məlumatlara çıxışı mövcuddur. Bu halda işəgötürən işçidən əlavə sənədlər tələb etmədən, dövlət informasiya sistemlərindən əldə edilən məlumatlar əsasında Əmək və Vergi məcəllələrində nəzərdə tutulan güzəşt və təminatları tətbiq etməlidir.

Üçüncü məqam işçinin güzəşt hüququ verən sənədləri gec təqdim etməsidir. Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda, vergi güzəşti həmin əmək müqaviləsinin hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Misal 4: İşəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsinə əsasən, işçinin işə başlama tarixi 10 yanvar 2025-ci ildir. İşçi isə Vergi Məcəlləsinin 102.5-ci maddəsində nəzərdə tutulan güzəştlə bağlı sənədi 2026-cı ilin yanvar ayında təqdim edir. Bu halda işəgötürən əvvəlki bir il üzrə işçiyə tətbiq edilməli olan güzəştlərin təmin olunması məqsədilə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etməlidir.

Dördüncü məqam işçinin əməkhaqqından gəlir vergisi üzrə güzəşt hüququndan istifadə üçün təqdim etməli olduğu sənədlərlə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə “Әməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin siyahısı” təsdiq edilib. Təcrübədə bu siyahı ilə bağlı sualların çoxluğu nəzərə alınaraq, həmin siyahını təqdim edirik:

1. Әməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin güzəşt hüququ aşağıdakı sənədlər əsasında müəyyənləşdirilir:

1.1. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanları:

Azərbaycan Respublikası Vətən müharibəsi Qəhrəmanlarının təltif edilmə barədə vəsiqəsi;

1.1-1. Azərbaycanın Milli Qəhrəmanları:

– Azərbaycan Respublikası Milli Qəhrəmanlarının təltif edilmə barədə vəsiqəsi;

1.2. Sovet İttifaqı və Sosialist Әməyi Qəhrəmanları:

– Sovet İttifaqı və Sosialist Әməyi Qəhrəmanlarının təltif edilmə barədə vəsiqəsi;

1.3. “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslər:

– “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmə barədə vəsiqə;

1.4. Orqanizminin funksiyaları 61-100 faiz pozulmuş müharibə ilə əlaqədar əlilliyi olan şəxslər:

– orqanizminin funksiyaları 61-100 faiz pozulmuş müharibə ilə əlaqədar əlilliyi olan şəxs barədə əlilliyi olan şəxslərin reyestrindən çıxarışı;

– Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

– Azərbaycan Respublikası Әmək və Әhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun və ya “DOST” mərkəzinin arayışı:

1.5. Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin (şəhid statusu almış şəxslər istisna olmaqla) dul arvadları (ərləri) və övladları:

– Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

– Azərbaycan Respublikası Әmək və Әhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun və ya “DOST” mərkəzinin arayışı;

– Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Әdliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Әdliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin arayışları;

1.6. 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər:

– orden və medallarla təltif olunma haqqında vəsiqələr;

1.7. Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər:

– müharibə veteranı vəsiqəsi;

– Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı;

– Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Әdliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Әdliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin arayışları:

1.8. Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində, digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər:

– tibbi-sosial ekspert komissiyasının qərarı;

– Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,
Әdliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Әdliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları:

1.9. Orqanizminin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), əlilliyi olan uşaqlar;

– Azərbaycan Respublikası Әmək və Әhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun və ya “DOST” mərkəzinin arayışı;

– tibbi-sosial ekspert komissiyasının qərarı;

1.10. Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin (şəhid statusu almış şəxslər istisna olmaqla) valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri):

– Azərbaycan Respublikası Әmək və Әhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun və ya “DOST” mərkəzinin arayışı;

– Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,
Әdliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Әdliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan
Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

1.12. Әfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər:

– Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı;

– hərbi hissənin, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisənin arayışları;

– Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Әdliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Әdliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin arayışları;

1.13. Daimi qulluq tələb edən əlilliyi olan uşağa və ya orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum;

– himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı:

– ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yeri üzrə işəgötürənin arayışı

– uşağın doğulması haqqında şəhadətnamənin surəti:

– birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;

– Azərbaycan Respublikası Әmək və Әhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun arayışı;
– övladlığagötürmə barədə məhkəmə qərarının surəti;

1.14. Məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslər:

– Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məcburi köçkün statusu haqqında vəsiqəsi;

1.15. Himayədə olanlara görə əməkhaqqından tutulan gəlir vergisindən güzəşt aşağıdakı sənədlərə əsasən verilir:

– ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı;

– Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən verilmiş arayışları.

1.16. Şəhid ailəsi statusu verilmiş şəxslərin valideynləri, dul arvadları (ərləri) və övladları:

– Azərbaycan Respublikası Әmək və Әhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilən şəhid ailəsi statusunu təsdiq edən vəsiqə.

Qeyd edək ki, güzəşt hüququna malik olan şəxslər yuxarıda adları çəkilən sənədlərdən birini təqdim etməlidirlər.

Mənbə: vergiler.az

Əlavə dəyər vergisi tutulan dövriyyənin dəqiqləşdirilməsi qaydası

error: Content is protected !!