“Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası” təsdiq edildi

posted in: Xəbər | 0
birbank biznes

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 618
Bakı şəhəri, 29 dekabr 2017-ci il
“Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə
sığortaçıda qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin birinci abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 1. “Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası” təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri                                         Artur Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 29 dekabr
tarixli 618 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə
sığortaçıda qeydiyyatı
QAYDASI
1. Ümumi müddəalar

1.1. Bu Qayda “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hazırlanmışdır və həmin Qanunun əhatə dairəsinə düşən sığortaedənlərin və sığortaolunanların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində qeydiyyatı qaydalarını tənzimləyir.

1.2. Bu Qaydada istifadə olunan “Fərdi şəxsi hesab” anlayışı – dövlət sosial sığorta sistemi üzrə məlumatların toplusunu özündə əks etdirən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesab mənasını ifadə edir.

1.3. Bu Qaydada istifadə olunan digər anlayışlar “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

2. Sığortaedənlərin işsizlikdən sığorta üzrə
sığortaçıda qeydiyyatı

2.1. Sığortaedənlər işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyata alınmağa borcludurlar.
2.2. Məcburi dövlət sosial sığortası məqsədləri üçün “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, Fondda uçota alınmış sığortaedənlər  işsizlikdən sığorta məqsədləri üçün Fondda qeydiyyata alınmış hesab edilirlər.

2.3. Sığortaedənin məcburi dövlət sosial sığortası məqsədləri üçün Fond tərəfindən verilmiş uçot nömrəsi (SUN) eyni zamanda onun işsizlikdən sığorta məqsədləri üçün Fondda qeydiyyat nömrəsi hesab edilir.

2.4. Yeni yaradılan (ləğv edilən) sığortaedənlərin işsizlikdən sığorta məqsədləri üçün Fondda qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) qaydaları “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin dördüncü hissəsinə uyğun tənzimlənir.

3. Sığortaolunanların işsizlikdən sığorta üzrə
sığortaçıda qeydiyyatı

3.1. Məcburi dövlət sosial sığortası üzrə dövlət sosial sığorta sistemində fərdi uçotu aparılan sığortaolunanlar işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyata alınmış hesab olunurlar.

3.2. Sığortaolunanların işsizlikdən sığorta məqsədləri üçün Fondda qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) qaydaları “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tənzimlənir.

3.3. Sığortaçı sığortaedənlər tərəfindən hesablanıb ödənilən işsizlikdən sığorta haqları barədə məlumatları sığortaolunanların fərdi şəxsi hesablarında nəzərə almır.

3.4. Sığorta hadisəsi baş verdiyi halda sığortaolunanların işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı onların sığorta ödənişini almaq hüququnu və sığorta stajını müəyyənləşdirir.

4. Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta
üzrə sığortaçıda qeydiyyatı qaydasının icrasına nəzarət

4.1. Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı qaydasının icrasına nəzarəti Fondun orqanları həyata keçirirlər. Fondun orqanları bu nəzarəti məcburi dövlət sosial sığorta haqqının toplanması qaydalarına və məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu qaydalarına uyğun həyata keçirirlər.

4.2. Sığortaolunanlar və sığortaedənlər işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı ilə bağlı məsələlərdə Fondun yerli orqanlarının işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilərlər.

Mənbə: www.cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

Print Friendly, PDF & Email