Nazirlər Kabinetinin 15 yanvar 2024-cü il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş fəaliyyət növünə uyğun olaraq, şirin peçenye və vafli istehsal edən hüquqi şəxsə Vergi Məcəlləsinin 106.1.31-ci maddəsinə görə vergi güzəşti hansı hallarda tətbiq edilir? Yəni bu güzəşt istehsalçı şirin peçenye istehsalında istifadə olunan xammalın (məsələn: un, şəkər tozu, maya və s.), yoxsa bilavasitə şirin peçenyenin istehsalı ilə məşğul olduqda tətbiq edilir?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 106.1.31-ci maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida məhsullarının istehsalını həyata keçirən hüquqi şəxslər müvafiq siyahının təsdiq olunduğu ildən etibarən 7 il müddətinə həmin fəaliyyətdən əldə etdikləri mənfəətin 50 faizi üzrə mənfəət vergisini ödəməkdən, habelə həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə əmlak vergisi və torpaqlara görə torpaq vergisini ödəməkdən azaddırlar.
Nazirlər Kabinetinin qeyd olunan qərarı ilə təsdiq edilmiş siyahı qida məhsullarının xammalından istifadə edərək həmin xammal üzərində istehsal (emal) əməliyyatlarını həyata keçirməklə qida məhsullarının istehsalını (emalını) həyata keçirən vergi ödəyicilərinə şamil olunur. Xammal və ya hazır məhsulların hər hansı istehsal (emal) əməliyyatlarına məruz qoymadan bükülməsi, qablaşdırılması və ya etiketlənməsi vergitutma məqsədləri üçün qida məhsullarının istehsalı (emalı) hesab edilmir və Vergi Məcəlləsinin 102.1.37-ci, 106.1.31-ci, 199.17-ci və 207.10-cu maddələrində nəzərdə tutulmuş vergi güzəştləri bu fəaliyyətləri həyata keçirən vergi ödəyicilərinə şamil olunmur.
Vergi Məcəlləsinin 106.1.31-ci maddəsində nəzərdə tutulmuş vergi güzəşti Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda göstərilən qida məhsullarının, o cümlədən şirin peçenye və vaflinin istehsalını (emalını) həyata keçirən hüquqi şəxslərə tətbiq edilir.
Əsas: Vergi Məcəlləsinin 102.1.37-ci, 106.1.31-ci, 199.17-ci və 207.10-cu maddələri, Nazirlər Kabinetinin 2024-cü il 15 yanvar tarixli 22 nömrəli Qərarı
Mənbə: vergiler.az
