Azərbaycanda şirkət qeydiyyatı necə aparılır: 2026-cı il üçün bələdçi

posted in: Xəbər | 0

Azərbaycanda biznes qurmaq, şirkət açmaq və onu qeydiyyatdan keçirmək prosesi sadə görünə bilər, amma qanunvericilik aktlarının praktik tətbiqi prosesində müəyyən çətinliklər ortaya çıxır. Belə çətinliklər işin yubanması ilə yanaşı, maliyyə itkilərinə də səbəb olur. Bunlardan necə yayınmaq olar? Təqdim etdiyimiz məqalədə 2026-cı ildə Azərbaycanda şirkət qeydiyyatı, qeydiyyata hazırlıq və qeydiyyatdan sonrakı məsələlər şərh olunur.

Hüquqi şəxs, müəssisə və şirkət

“Hüquqi şəxs” anlayışı, onun növləri, hüquqi şəxslə bağlı digər müddəalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 4-cü fəslində müəyyən edilib. AR Vergi Məcəlləsinin 13.2.39-cu bəndi sahibkarlıq fəaliyyəti üçün yerli və xarici dövlətlərin qanunvericiliyinə uyğun yaradılan hüquqi şəxsləri müəssisə kimi xarakterizə edir. Bu Məcəllənin 13.2.39.2-ci bəndinə görə xarici hüquqi şəxslər kateqoriyasına aşağıdakılar aid edilir:

  • korporasiyalar;
  • şirkətlər;
  • firmalar;
  • digər analoji qurumlar.

Həmçinin, xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi təsisatlar və hüquqi şəxslərin Azərbaycanda filialları və ya daimi nümayəndəlikləri də müəssisə sayılır.

Şirkət hüquqi şəxsdir, fiziki yaxud hüquqi şəxslər tərəfindən məhsul istehsalı və satışı, habelə xidmət göstərilməsindən davamlı gəlir əldə etmək məqsədi ilə yaradılır.

Mühasibat xidmətləri

Azərbaycanda şirkət qeydiyyat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR Qanununun tələblərinə uyğun aparılır.

Azərbaycanda şirkət qeydiyyatının mərhələləri

Mülki Məcəlləyə uyğun olaraq, hüquqi şəxs, o cümlədən şirkətlər dövlət qeydiyyatına alındığı andan yaradılmış hesab olunur, mülki hüquqlara sahib olur və mülki vəzifələr daşıyır.

Şirkət açmaq üçün görülməsi zəruri olan işləri şərti olaraq 3 qrupa ayırmaq olar.

  • qeydiyyata hazırlıq;
  • qeydiyyat;
  • qeydiyyatdan sonrakı fəaliyyət.

Hüquqi şəxs qanunvericiliyin tələblərini gözləməklə yenidən təşkil oluna yaxud ləğv edilə bilər.

Hüquqi forma seçimi, vergi sistemi və uçot məsələlərində düzgün qərar verin!

Şirkət açmağa hazırlıq

  1. Şirkət qeydiyyatı prosesinə başlamazdan əvvəl hüquqi forma seçilməlidir. Azərbaycanda yerli və xairici investorların ən çox müraciət etdiyi hüquqi formalarla buradan tanış olmaq olar.
  2. Şirkətin hüquqi forması müəyyən edildikdən sonra, şirkət üçün ad seçmək lazımdır. Mülki Məcəlləyə görə ad unikal olmalı, təkrarlanmamalıdır. Bunun üçün onlayn rejimdə Azərbaycanda şirkət axtarışı və dövlət reyestrində oxşar hüquqi adlar yoxlanılır.
  3. Növbəti addımda hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının yeri – hüquqi ünvan müəyyən edilir. Bu şirkət haqqında məlumatların dövlət reyestrinə daxil edilməsi zamanı zəruridir.
  4. Yer seçdikdən sonra gələcək şirkətin əsas fəaliyyətini seçin. Təsis sənədlərində bütün fəaliyyət istiqamətlərinin mütləq göstərilməsi vacib deyil. Qeydiyyat ərizəsində bir əsas fəaliyyət növünü göstərmək olar. Bu fəaliyyət növü “İqtisadi fəaliyyət növləri təsnifatında” 7 rəqəmli kodla təmsil olunur.
  5. Təsis sənədləri və şirkətin yaradılması haqqında qərar (protokol) hazırlanır. Nizamnamənin nümunəsi üçün Dövlət Vergi Xidmətinin onlayn formalarından da istifadə etmək olar. Həmçinin təsisçilərin və direktorun şəxsiyyətini təsdiq edən sənəd (fiziki şəxslər üçün), habelə VÖEN-i (sahibkarlıq subyektləri üçün) tələb olunur. Xarici təsisçilər üçün pasportun tərcüməsi + notariat təsdiq + apostil tələb edilə bilər.
  6. Şirkətin dövlət qeydiyyatı üçün sənədlər təqdim etməzdən əvvəl nizamnamə kapitalı tam şəkildə formalaşdırılır (əgər nizamnamıdə başqa hal nəzərdə tutlmayıbsa). Nizamnamə kapitalının formalaşdırılmasının ən çox yayılmış üsulu pul vəsaitlərindən istifadədir. Bu halda, müvəqqəti bank hesabı açılır və yaradılan hüquqi şəxsin nizamnamə kapitalına tam ödəniş ora yerləşdirilir.

Şirkətin qeydiyyat mərhələləri

Yuxarıda göstərilən addımları yerinə yetirdikdən sonra dövlət qeydiyyatı üçün müraciət edə bilərsiniz. Azərbaycanda şirkət qeydiyyatı Dövlət Vergi Xidməti orqanları vasitəsi ilə aparılır.

Qeydiyyat üçün sənədlər  rəsmi poçt vasitəsi ilə, şəxsən hüquqi təmsilçi vasitəsi ilə yaxud onlayn elektron formada təqdim edilir. Qeydiyyat uğurla bitdikdən sonra hüquqi şəxsə qeydiyyat şəhadətnaməsi və Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) təqdim olunur.

Bu şirkətin:

  • dövlət qeydiyyatı;
  • hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi;
  • vergi uçotuna alınması deməkdir.

Azərbaycanda şirkət qeydiyyatı üzrə xərclər və dövlət rüsumları haqqında buradan məlumat almaq mümkündür.

Qeydiyyatdan sonrakı fəaliyyət

  1. Təsisçilər tərəfindən təyin edilmiş direktor qeydiyyat orqanının təsdiq etdiyi nizamnaməni təqdim etməklə möhürləri (ştampları) sifariş edir. Bunun üçün xüsusi icazə tələb olunmur.
  2. Möhür hazır olduqdan sonra hesab açmaq üçün bankla əlaqə saxlanılır, hesab açmaq və ona xidmət üçün bankla müqavilə bağlanılır.
  3. Xüsusi fəaliyyət sahələri üçün lazımı lisenziya və icazələr alınması məcbiridir;
  4. Əgər işçilər arasında xarici vətəndaşlar olacaqsa, onlar üçün iş icazələrinin alınmasına diqqət edilməlidir, əks halda cərimələrlə üzləşə bilərsiniz.

Mühasibat və vergi uçotunun aparılması, əmək müqavilələrinin elektron portala daxil edilməsi, kassa (əgər varsa) və ƏDV (tələb olunduqda) qeydiyyatı kimi məsələləri də unutmayın.

Biz sizə Azərbaycanda biznes qurmaq istəyinizi reallaşdırmaqda uğurlar arzulayıq. Bu istiqamətdə məsləhətə ehtiyacınız olsa bizim konsaltinq xidmətinə müraciət edin!

 

Cəmil Əsədov – Accounting.az saytının redaktoru