Təhtəlhesab şəxs kimdir?
Təhtəlhesab şəxs – vergi ödəyicisi tərəfindən verilmiş pul vəsaitlərinin xərclənməsinə cavabdeh olan, vergi ödəyicisində əmək müqaviləsi əsasında işləyən şəxsdir.
“Təhtə” sözü ərəb mənşəlidir, “altında” anlamını verir, kiminsə cavabdehliyi, hesabı altında mənasında işlədilir. Azərbaycan dilinin izahlı lüğətində “təhtəlhesab” sözü “sonradan haqq-hesab vermək şərtilə alınan pul” kimi şərh olunur.
| Beləliklə, təhtəlhesab şəxs dedikdə müəyyən məqsədlər üçün müvəqqəti vəsait verilən əməkdaş nəzərdə tutulur. Əsas etibarı ilə satınalma şöbəsinin işçiləri, xəzinədarlar və ezamiyyəyə yola salınan şəxslər təhtəlhesab şəxs qismində çıxış edirlər. |
Bu yazıda təhtəlhesab şəxslərlə hesablaşmaların əsas nüansları şərh olunur.
Təhtəlhesab şəxsə pul vəsaiti necə verilir?
Pul vəsaitinə ehtiyac yarandıqda, işçi xərclərin məqsədini əks etdirməklə sərbəst formada ərizə ilə vergi ödəyicisinin rəhbərinə ərizə yazır. Ərizədə xərclərin məqsədi konkret göstərilməlidir (məsələn, ofis ləvazimatlarının alınması, yaxud ezamiyyə xərclərinin ödənilməsi).
Rəhbərin dərkənarından alındıqdan sonra pulun verilməsi əmr hazırlanır. Əmr bir neçə ərizə əsasında fərqli şəxslər üçün də hazırlana bilər (məsələn, kollektiv ezamiyyə zamanı). Əmrdə işçilərin tam adları, onların hər biri üçün fərdi məbləğlər və müddətlər əks etdirilməlidir.
Təhtəlhesab şəxsə pul hansı formada verilir?
Hazırlanmış əmrə uyğun olaraq pul aşağıdakı üsullardan biri ilə alına bilər:
- təşkilatın kassasından nağd pul;
- ərizəçinin bank kartına köçürməklə;
- təşkilatın korporativ kartına köçürmə formasında.
Kassadan pul kassa məxaric orderində göstərilən şəxsə verilir. Vergi ödəyicisinin kassasından təhtəlhesab şəxslərə nağd pulun verilməsi AR NK-nın təsdiq etdiyi “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması” qaydasının 2-ci maddəsi əsasında nizamlanır.
Təhtəlhesab vəsait hansı hallarda verilir?
Pul vəsaitləri təhtəlhesab şəxslərə aşağıdakı hallarda verilə bilər:
- ezamiyyə xərcləri üçün;
- inzibati-təsərrüfat və əməliyyat xərcləri üçün (dəftərxana mallarının alınması, xırda təmir, nümayəndəlik xərcləri və s.);
- nümayəndəlik xərcləri üçün.
Təqvim ayı ərzində təhtəlhesab şəxslərə verilən pul vəsaitlərinin ümumi məbləğinə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə uyğun məhdudlamalar tətbiq edilməlidir.
Nağd vəsaitin verilməsinə hansı tələblər var?
Təşkilatın kassasından təhtəlhesab şəxslərə nağd pul (avans) 5 (beş) iş günündən çox olmayan (ezamiyyə xərcləri istisna olmaqla) müddətə verilir.
Ezamiyyə müddətləri fərqli ola bildiyi üçün qanun bununla bağlı hər hansı limit təyin edilməyib.
Təhtəlhesab şəxs isə öz növbəsində aldığı avansı hansı istiqamətdə xərcləməsi, onda qalan pul vəsaiti barədə 5 iş günündən gec olmayaraq bildirməlidir. Bunun üçün ayrıca avans hesabatı mövcuddur. Avans hesabatı tərtib edilməklə yanaşı həmin hesabata alışla bağlı bütün təsdiq edici sənədləri əlavə etmək lazımdır (alış aktı, qəbz, çek, qaimə faktura vəs.).
Təhtəlhesab məbləğlər adətən xırda olur, bu səbəblə adətən təşkilatın kassasından verilir. Ola bilər ki, belə şəxs təsərrüfat xərcləri üçün kassadan 100 manat götürsün, lakin faktiki olaraq daha çox xərclə qarşılaşın əskik məbləği öz şəxsi vəsaiti hesabına qarşılasın. Belə olan təqdirdə həmin artıq məbləğ təsdiqedici sənədlərlə həmin şəxsə qaytarılır.
Ezamiyyətə getmiş şəxslər üçün qayıtdıqdan sonra həmin hesabatın təqdim edilmə müddəti isə 3 iş günüdür.
Təhtəlhesab məbləğlərin mühasibat uçotu necə aparılır?
Təhtəlhesab şəxslərə verilmiş pul vəsaitləri 244 saylı “Təhtəlhesab məbləğlər” adlı aktiv hesabda aparılır. Hesablar planının “Sair qısamüddətli aktivlərin uçotu” adlı 22 saylı maddəsinə aiddir. Həmin hesab üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir.
Təhtəlhesab şəxslərlər bağlı aşağıdakı müxabirləşmələr mümkündür :
| Dt | Kt | Məbləğ | Əməliyyatın məzmunu |
| 244 | 221 | 1 000 | Kassadan nağd vəsaitin verilməsi |
| 201 | 531 | 800 | Təhtəlhesab şəxs tərəfindən materialların alınması |
| 731 | 244 | 100 | Təhtəlhesab şəxs ümumtəsərrüfat xərcləri ödədikdə |
| 221 | 244 | 100 | Avans qalıq məbləğinin kassaya qaytarılması |
Həmçinin:
| 244 | 221 | 100 | Təhtəlhesab şəxsin artıq xərclənmiş vəsaitinin kompensasiyası |
| 341 | 244 | 100 | Vaxtında qaytarılmayan təhtəlhesab məbləğin silinməsi |
| 533 | 341 | 100 | Vaxtında qaytarılmayan təhtəlhesab məbləğlərin əmək haqqından tutulması |
Təhtəlhesab məbləğlər üzrə analitik uçot hər bir təhtəlhesab şəxs üçün ayrıca aparılır. Uçot, müxabirləşmə nümunələri ilə buradan daha ətraflı oxumaq olar.


gullu
bəs təhtəl hesab şəxsə ezamiyyətdən gəldikdən sonda məbləğ verilirmi?