Mən fərdi sahibkaram və yerli şirkətlərə telekommunikasiya avadanlıqları servisi sahəsində xidmətlər göstərirəm. Hazırda aylıq gəlirimdən 20% vergi ödəyirəm. Ümumi illik gəlirim 30.000 manatdan çox deyil. Mən 2% dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi ola bilərəmmi?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) görülən işlərdən və göstərilən xidmətlərdən başqa, işlərin görülməsini və xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik deyil.
Vergi Məcəlləsinin 218.6.2-cı maddəsinə əsasən, bu Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən və görülən işlərdən başqa, xidmətlərin göstərilməsini və işlərin görülməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə (işlə) yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi və işlərin görülməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların (qeyri-rezident hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri rezident fiziki şəxslərə hesab-faktura (invoys) əsasında göstərilən xidmətlərin və görülən işlərin dəyəri də daxil olmaqla) həcmi xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi ödəyicisi hüququna malikdir.
Sorğuya cavab olaraq bildirilib ki, həmin vergi ödəyicisi gəlirlərinin yalnız vergi ödəyiciləri tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər vergi ödəyicisinə xidmət etdiyi üçün onun sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur və o, gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidir.
Əsas: Vergi Məcəlləsinin 218.5.10-cu, 218.6.2-ci maddələri.
Mənbə: vergiler.az
