Təsərrüfat subyektinin (obyektinin) uçota alınmamasına görə maliyyə sanksiyası necə hesablanır?

posted in: Xəbər | 0

təsərrüfat subyekti, maliyyə sanksiyası, vergi, uçotQanunvericilikdə vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) vergi orqanlarında uçota alınmamasına və ya həmin obyektin sahəsi barədə təhrif olunmuş məlumatın verilməsinə görə maliyyə sanksiyası nəzərdə tutulur. İqtisadçı ekspert Anar Bayramov sanksiyanın məbləği və tətbiq olunduğu halları açıqlayıb.

Vergi Məcəlləsinin 58.2-1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyektinin (obyektinin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada vergi orqanlarında uçota alınmamasına və (və ya) təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumatın verilməsinə görə mikro sahibkarlıq subyektlərinə, qeyri-kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 40 manat məbləğində, digər şəxslərə münasibətdə 400 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Maddədən belə anlaşılır ki, təsərrüfat subyektinin (obyektinin) uçotu ilə bağlı maliyyə sanksiyası iki halda tətbiq edilir:

  • Təsərrüfat subyektinin (obyektinin) müəyyən edilən qaydada vergi orqanlarında uçota alınmamasına görə;
  • Təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumatın verilməsinə görə.

Vergi Məcəlləsinin 58.2-1-ci maddəsinə əsasən, maliyyə sanksiyası fərqli maddələr üzrə tətbiq edilir:

  • 40 manat məbləğində – mikro sahıbkarlıq subyektlərinə, qeyri-kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə;
  • 400 manat məbləğində – mikro sahibkarlıq subyektləri, qeyri-kommersiya təşkilatları və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla digər şəxslərə.

Qeyd edək ki, 1 yanvar 2022-ci il tarixədək Vergi Məcəlləsində obyektin uçota alınmamasına görə hər hansı maliyyə sanksiyası nəzərdə tutulmurdu.

Misal 1: Pərakəndə ticarətlə məşğul olan mikro sahibkarlıq subyekti təsərrüfat obyektini vergi orqanında uçota salmayıb. Bu zaman həmin subyektə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.2-1-ci maddəsinə uyğun olaraq 40 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 2: Qeyri-kommersiya təşkilatı olan “Bizim mühasiblər” İctimai Birliyi “Caspi Plaza”da (adlar şərtidir) icarə müqaviləsi ilə yerləşməsinə baxmayaraq, vergi orqanına obyekt haqqında məlumat verməyib. Bu halda vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.2-1-ci maddəsinə uyğun olaraq 40 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 3: Avtotəmir xidməti göstərən mikro sahibkarlıq subyekti – fərdi sahibkar obyekti uçota saldırmayıb. Bu halda vergi orqanı tərəfindən vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 4: Kiçik sahibkarlıq subyektinin baş ofisi və filialı mövcuddur. Vergi ödəyicisi baş ofisi vergi orqanında uçota salsa da filialla bağlı müvafiq prosesi həyata keçirməyib. Bu halda vergi orqanı tərəfindən 400 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 5: Orta sahibkarlq subyektinin 3 təsərrüfat obyekti vardır. Onlardan biri pərakəndə, digəri topdansatış fəaliyyəti üzrə, üçüncüsü isə anbar kimi istifadə edilir. Vergi ödəyicisi yalnız topdansatış fəaliyyəti üzrə istifadə etdiyi təsərrüfat obyektini vergi orqanında uçota saldırıb. Vergi nəzarəti tədbirləri zamanı digər iki obyektin uçota alınmaması aşkar olunarsa, bu halda vergi orqanı tərəfindən uçotda olmayan hər obyekt üzrə 400 manat olmaqla, cəmi 800 manat məbləğində maliyyə sanksiyası tətbiq edilə bilər.

Misal 6: Vergi nəzarəti tədbirləri zamanı məlum olur ki, mikro sahibkarlıq subyekti vətəndaşla icarə müqaviləsi bağlayaraq, onun obyektində dərzi xidməti göstərir. Bu halda vergi ödəyicisi mikro sahibkarlıq obyektini uçota salmadığına görə ona 40 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 7: Vergi nəzarəti tədbirləri nəticəsində aşkar edilir ki, orta sahibkarlıq subyekti olan vergi ödəyicisi mikro sahibkarlıq subyekti olan hüquqi şəxsdən ofis icarəyə götürüb. Amma hər iki tərəf obyekti uçota salmayıb. Vergi yoxlaması zamanı orta sahibkarlıq subyekti olan vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.2-1-ci maddəsinə uyğun olaraq 400 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. Amma mümkündür ki, vergi orqanının digər qərarı ilə ofisin sahibi olan mikro sahibkarlıq subyektinə də 40 manat maliyyə sanksiyası tətbiq edilsin.

İndi isə təsərrüfat subyektinin sahəsi barədə məlumatların təhrif olunması ilə bağlı nümunələri nəzərdən keçirək:

Misal 8: Orta sahibkarlıq subyektinin obyektin qeydiyyatı ilə bağlı təqdim etdiyi məlumatlarda ofisin yerləşdiyi mərtəbə səhv qeyd edilib. Bu halda vergi orqanı tərəfindən maliyyə sanksiyası tətbiq olunmur, çünki maliyyə sanksiyası obyektin sahəsi ilə bağlıdır.

Misal 9: İdxal fəaliyyəti ilə məşğul olan və orta sahibkarlıq subyekti hesab edilən vergi ödəyicisi obyektin qeydiyyatı ilə bağlı məlumatda sahənin 400 kvadratmetr olmasını qeyd edib. Vergi nəzarəti tədbirləri zamanı obyektin sahəsinin 80 kvadratmetr olması müəyyən edilərsə, bu zaman vergi orqanı tərəfindən vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.2-1-ci maddəsinə uyğun olaraq 400 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Mənbə: vergiler.az


Print Friendly, PDF & Email