Azərbaycan Respublikasının Prezidentinin 22 oktyabr 2026-cı il tarixli Fərmanı ilə Əsasnamə yenilənib. Rezidentlik 7 istiqaməti əhatə edir, frilanser və rəqəmsal səyyahlar da rezident ola biləcək, qeydiyyat isə 7 iş günü ərzində aparılacaq.
Prezident İlham Əliyev 2026-cı il oktyabrın 22-də “Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə” Fərman imzalayıb. Əsasnamə 476-VIIQD nömrəli Qanunla müəyyən edilən güzəştlərdən kimin yararlanacağını müəyyənləşdirir. Fərmanın Əsasnaməyə aid hissəsi 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.
Fəaliyyət istiqamətləri
Texnoparkın rezidenti kimi qeydiyyata alınmaq üçün tələb olunan fəaliyyət istiqamətləri yeni redaksiyada Əsasnamənin 8.10.1-8.10.7 bəndlərində aşağıdakı yeddi istiqamətdə qruplaşdırılıb:
- proqram təminatı, informasiya sistemləri və sistem inteqrasiyası (layihələndirilmə, hazırlanma, təkmilləşdirilmə, habelə onların inteqrasiyası və tətbiqi);
- oyun və yaradıcı texnologiyalar (öyrədici platformalar, virtual reallıq və artırılmış reallıq texnologiyalarına əsaslanan həllər, virtual laboratoriyalar və sair);
- əşyaların interneti, mikroelektronika və robototexnika (pilotsuz idarəetmə, uzaqdan monitorinq, mikroelektronika əsaslı sistemlər üçün proqram və aparat həlləri və sair);
- süni intellekt, məlumatların təhlili və alqoritmik modellər üzrə;
- bulud hesablama xidmətləri, məlumat infrastrukturu və rəqəmsal platformalar;
- kibertəhlükəsizlik və informasiya mühafizəsi;
- yalnız ixraca yönəlmiş rəqəmsal xidmətlər (məsləhət, audit, IT təlimi). Burada hüquqi şəxs başqa fəaliyyətlə məşğul ola bilməz.
Yeni statuslar
Rezident anlayışı ilə yanaşı frilanser və rəqəmsal səyyah anlayışları da əlavə edilib. Frilanser muzdlu işçi cəlb etmədən, mülki-hüquqi müqavilə əsasında xidmət göstərən fiziki şəxsdir. Hər iki status üçün şəhadətnamə almazdan əvvəl vergi orqanında uçota durmaq lazımdır. Texnopark ərazisində rezidentlərə mal və xidmət təqdim edən şəxslər üçün “qeyri-rezident” anlayışı da müəyyən edilib.
Müraciət
Qeydiyyatın ümumi müddəti 7 iş günüdür. Ərizəçidən vergi borcunun və riskli vergi ödəyicisi qərarının olmaması tələb olunur, habelə innovasiya layihəsi və ya biznes-plan təqdim edilməlidir. Ixtisaslı mütəxəssis şərti frilanser və rəqəmsal səyyahlara aid deyil. Layihəni 7 nəfərlik ekspertlər şurası qiymətləndirir. Texnopark ərazisindən kənar fəaliyyət göstərən rezidentə şəhadətnaməni Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi verir.
Hesabatlıq
Rezident rüblük sənədləri növbəti ayın 20-dək, illik hesabatı isə fevralın 20-dək təqdim edir. Frilanser və rəqəmsal səyyah yalnız fəaliyyət və gəlir barədə hesabat verir. Güzəştli və digər fəaliyyət üzrə gəlir və xərclər sub-hesablarda ayrıca uçota alınmalıdır.
Şəhadətnamənin ləğvi
Fəaliyyət müəyyən edilmiş istiqamətlərə uyğun gəlmədikdə, hesabatlar təqvim ili ərzində üç dəfə vaxtında təqdim edilmədikdə və ya məlumat qəsdən təhrif olunduqda şəhadətnamə ləğv edilir. Texnopark ərazisindən kənar fəaliyyət göstərən rezident (frilanser və rəqəmsal səyyah istisna) hesabat ilinin nəticələrinə görə mikrosahibkarlıq subyekti qalarsa, şəhadətnaməsi ləğv ediləcək.
Keçid qaydası
2027-ci il yanvarın 1-dək verilmiş şəhadətnamələr qüvvədə qalır. Həmin rezidentlər fəaliyyətlərini bu tarixədək Fərmana uyğunlaşdırmalıdırlar. 476-VIIQD nömrəli Qanunun yeni güzəştlərindən istifadə etmək üçün isə yenidən müraciət edib yeni şəhadətnamə almalıdırlar.
