Torpaq vergisi hesablamaları
Əgər torpağa mülkiyyət yaxud ondan istifadə hüququnu təsdiq edən sənədiniz varsa, siz torpaq vergisi ödəyicisi hesab sayılırsınız. Bu sənədlər əsasında torpaq vergisinin hesablanması və ödənilməsi həyata keçirilir. Tikili, qurğu altındakı, habelə obyektlərin sanitariya mühafizəsinə görə zəruri olan torpaq sahələri vergiyə cəlb olunur.
Nümunə 1: Sahibkarlıq fəaliyyətini həyata keçirən “Aqro” MMC-nin 7500 kv.m sənaye təyinatlı torpaq sahəsi, həmçinin həmin torpağa mülkiyyət hüququnu təsdiq edən sənədi var. Bunun 3200 kv.m-i tikililərin, 2700 kv.m-i qurğuların altında qalıb. Hüquqi şəxs mülkiyyətində olan torpaq sahəsindən tam istifadə etməsə də, vergini 75000 kvadrat metrə görə hesablayaraq dövlət büdcəsinə ödəyəcək.
Müəssisələr sahələrin ölçüsünə görə müəyyən edilmiş vergi dərəcəsi tətbiq etməklə illik torpaq vergisi hesablanması aparır, onu may ayının 15-dən gec olmamaq şərti ilə vergi qurumlarına təhvil verir. Əgər torpaq sahəsi üzərində tikili bir neçə şəxsə məxsusdursa, hər bir şəxs vergini öz tikili payına mütənasib formada hesablayaraq ödəyir.
Bələdiyyələr üzrə vergini hesablama tarixləri fərqlənir. Belə ki, fiziki şəxsin mülkiyyətindəki torpağın sahəsinə əsasən vergi hesablanması hər il iyul ayının birinə qədər həyata keçirilir. Ona müvafiq tədiyyə bildirişləri 1 avqust tarixinə qədər təqdim etməlidir.
Bəzən elə olur ki, eyni torpağın üzərində istifadə hüququ qarışıq olur, yəni torpaq sahəsi müxtəlif şəxslər tərəfindən istifadə olunur.
Nümunə 2: Sahəsi 2400 kvm olan torpaq sahəsində “A” müəssisəsinin ofisi, “B” müəssisəsinin anbarı yerləşir. Tikililərin altında olan sahənin 700 kvm-i A müəssisəsinə, 1100 kvm-i B müəssisəsinə məxsusdur. A müəssisəsi 700 kvm, B müəssisəsi isə 1100 kvm sahənin vergisini ödəyəcək.
Nümunə 3: Sahibkarlıq məqsədləri üçün istifadə edilən bina 3 fiziki və bir hüquqi şəxsə məxsusdur. Tikilinin altında yerləşən torpaq sahəsi 1200 kvadrat metrdir. Birinci və ikinci fiziki şəxsin hər birinə 275 kvadrat metr, üçüncü şəxsə 200 kvadrat metr, hüquqi şəxsə 450 kvadrat metr tikinti sahəsi düşür. Bu şəxslərin ödəyəcəyi vergini hesablayaq.
Ümumi torpaq sahəsinə görə vergi məbləği :
(1200 : 100) * 10 = 120 manat
Birinci və ikinci fiziki şəxsin payı (275 : 1200) * 100 = 22.92 %, uyğun olaraq hər biri üçün vergi 27,50 manat;
Üçüncü fiziki şəxsin payı (200 : 1200) * 100 = 16.66 %, uyğun olaraq vergi 20 manat;
Hüquqi şəxsin payı: (450 : 1200) * 100 = 37.5 %, uyğun olaraq vergi 45 manat olacaq.
Vergi ödəmələrinin vaxtı
Hesablanmış torpaq vergisini bərabər miqdarda 15 avqust və 15 noyabra qədər ödəmək lazımdır. Əvvəlki sahibi vergini ödəməyibsə, torpağın yeni sahibi vergi məcəlləsində qeyd olunan maddəyə müvafiq olaraq verilmiş ödəmə vaxtında vergini ödəməlidir.
Müəssisələr torpaq vergisini dövlət büdcəsinə ödəyir. Fiziki şəxslərdə bu bir az fərqlidir. Belə ki, fiziki şəxslər üzrə vergi:
- məcəllənin 206.1 maddəsinə uyğun hallar üzrə dövlət büdcəsinə;
- digər hallarda yerli büdcəyə (bələdiyyəyə) ödənir.
Nümunə 4: Bələdiyyə orqanları vətəndaşa məxsus torpaq sahəsi üçün 2021-ci ilə münasibətdə 18.6AZN məbləğində vergi hesablamış, həmin ilin iyun ayında bu barədə ona bildiriş göndərmişdir. Həmin şəxs avqust ayının 15-dək vergi məbləğinin azı 9.3 manatını, noyabr ayının 15-dək isə qalan məbləği bələdiyyə büdcəsinə ödəməlidir.
Nümunə 5: Şərur rayonunun Oğlaq qəsəbəsində vətəndaş Namiq bəyin mülkiyyətində əkin sahəsi var. Sahənin həcmi 1.6 hektar, I keyfiyyət qrupudur.
Həmin qrup üzrə torpağın şərti bal 53 təyin edilib. Vətəndaş qeyd edilən torpaq sahəsinin 1 hektarını taxıl əkin, digər 0.6 hektarını təyinatına uyğun olmayaraq quşçuluq təsərrüfatı məqsədləri üçün işlədir.
Təyinatına müvafiq istifadə edilən hissəyə 3.18 AZN (53 * 0.06 * 1), təyinata görə istifadə edilməyən 0.6 ha torpaq sahəsinə görə 120 AZN (6000 : 100) * 2 ) vergi ödənilməlidir.
Nümunə 6:“Abraziv” MMC-nin 850 kv.m torpağı var, müəssisənin rəhbəri fiziki şəxsin 350 kv. şəxsi həyəti mövcuddur.
“Abraziv” MMC-yə məxsus torpaq sahəsinə görə vergi dövlət büdcəsinə, rəhbər fiziki şəxsin həyətyanı torpağına görə vergi bələdiyyəyə ödənilir.
Son olaraq qeyd edək ki, hesablanmış torpaq vergisi gəlir(mənfəət) vergisi məqsədləri üçün məhdudlaşdırılmadan gəlirdən çıxıla bilər.
Nümunə 7: “Mars pro” ASC 2021-ci il ərzində 7100manat torpaq vergisi, 12000manat əmlak vergisi hesablayıb. Cəmiyyətin həmin təqvim ili üçün ümumi gəliri 420000 manat, gəlirdən çıxılan xərcləri isə hesablanmış torpaq, habelə əmlak vergiləri nəzərə alınmadan 270000 manat olmuşdur. Mənfəət vergisini hesablayaq :
Səhmdar cəmiyyəti hesabladığı torpaq vergisini VM-nin 119-cu maddəsinə əsasən ümumi gəlirdən çıxa bilər. Onun vergiyə cəlb edilən mənfəəti:
420.000 – (270.000+7.100+12.000) = 130.900 manat olacaq.