Ukraynada kriptovalyuta əməliyyatları vergiyə cəlb oluna bilər

posted in: Xəbər | 0
birbank biznes

kriptovalyuta əməliyyatlarıUkraynanın Ali Radası kriptovalyutanın tənzimlənməsi ilə bağlı yollar axtarır. Deputatların təklif etdikləri qanun layihəsi qüvvəyə mindikdən sonra kriptovalyuta sahiblərinin hamısını əhatə edəcək və bu valyuta ilə əməliyyat aparanlar vergi ödəməli olacaqlar.  Bundan bir neçə ay əvvəl isə hökumətin açıqlamasında bildirilmişdi ki, rəqəmsal valyuta ilə mayninq əməliyyatları ilə bağlı hər hansı tənzimləmə gündəlikdə yoxdur və əldə edilən tokenlərdən (uçot vahidlərindən) vergi tutulmayacaq.

Bu günlərdə 23 nəfər hökumət məmuru tərəfindən irəli sürülmüş qanun layihəsində rəqəmsal valyuta sahəsində fəaliyyət göstərən  həm fiziki, həm də hüquqi şəxslərin 5 faiz dərəcəsində vergiyə cəlb edilməsi nəzərdə tutulmuşdur. 2024-cü ildən isə kriptovalyuta mayninqlərindən əldə edilən qazancdan tutulan verginin dərəcəsi 18 faizə qaldırılacaq və bununla da kriptovalyuta vergisinin dərəcəsi gəlir vergisinin dərəcəsi ilə eyni səviyyəyə çatdırılacaq.

Deputatlar bu qanun layihəsinin qəbul edilməsinin zəruriliyini onunla əsaslandırırlar ki, belə bir addımın atılması kölgə iqtisadiyyatının daha çox sayda əməliyyatlarının aşkara çıxmasına şərait yaradacaq. Bundan əlavə, hökumət büdcə daxilolmalarının artacağını, eləcə də kriptovalyuta fəaliyyətinin inkişafının stimullaşdırılacağını proqnozlaşdırır. Qanun layihəsinin izahat hissəsində bildirilir: «Kriptovalyuta tranzaksiyalarına vergi tətbiq olunması hər il büdcəyə 1,3 milyard qrivna (79 milyon manat) əlavə vəsait cəlb etməyə şərait yaradacaq».

Hazırda Ukraynada kriptovalyuta əməliyyatları sahəsində hər hansı qanun və ya normativ akt mövcud deyildir. 2017-ci ilin sentyabr ayında Ukraynada Maliyyə Sabitliyi  üzrə Şuranın yığıncağında kriptovalyutaların hüquqi statusunun müəyyənləşdirilməsi üçün belə bir qərar qəbul edilmişdi. 2018-ci ilin baharında isə Qiymətli Kağızlar üzrə Milli Komissiya bitkoin və digər rəqəmsal valyutaların qanuni ödəniş vasitəsi kimi tanınması məsələsinə baxılacağını, bu cür valyutalarla aparılan əməliyyatların hüquqi statusunun müəyyənləşdirilməsinin zəruriliyini  bəyan etmişdi.

Mənbə: vergiler.az


Print Friendly, PDF & Email