Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat sistemi üzrə xidmətlərin elektron texnologiyalar üzərində qurulması işləri çərçivəsində növbəti addım kimi, uşağın anadan olmasına görə birdəfəlik müavinət təyinatı da elektronlaşdırılıb.
Bununla əlaqədar DOST Agentliyində mətbuat konfransı və yeni e-sistemin təqdimatı olub.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, Prezident İlham Əliyevin islahatlar proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən pensiya təyinatı avtomatlaşdırılıb. Nəticədə ölkəmizdə ilk proaktiv xidmət olaraq, pensiya hüququ yaranmış şəxs özü müraciət etmədən və sənəd təqdim edilmədən ona elektron qaydada pensiya təyin edilir. Bununla yanaşı, ilin sonuna kimi 10-a qədər müavinət və təqaüd üzrə təyinatın avtomatlaşdırılması nəzərdə tutulub. Onlardan biri – uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı artıq elektronlaşdırılıb.
A.Kərimov diqqətə çatdırıb ki, uşağın doğulmasına görə birdəfəlik müavinət valideynlər (və ya onlardan biri) işlədikləri halda onların iş yeri vasitəsilə ödənilir. Hər iki valideyn işləmirsə, bu ödənişin alınması üçün müvafiq sənədlərlə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon (şəhər) şöbəsinə müraciət olunur. Təcrübə göstərir ki, həmin birdəfəlik müavinətin alınması prosesi hər iki valideyn işləmədiyi halda onlar üçün müxtəlif sənədlərin toplanması, təqdim edilməsi və s. baxımından müəyyən çətinliklər, həm də vaxt itkisi yaradırdı. Ona görə də bu amil nəzərə alınmaqla, uşağın anadan olmasına görə birdəfəlik müavinətin e-qaydada təyinatı xidməti ilkin mərhələdə məhz hər iki valideyn işləmədiyi halda həmin valideynləri əhatə edəcək. Növbəti mərhələdə isə müvafiq hazırlıq işlərindən sonra bu e-xidmət işləyən valideynləri də əhatə edəcək.
Nazir müavini deyib ki, cari ildə dövlət başçısı tərəfindən təqdim edilən və 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olan iki sosial paketin tərkib hissəsi kimi, ölkədə uşağın anadan olmasına görə birdəfəlik müavinət də 109 manatdan 200 manata çatdırılıb. Bu müavinət təyin olunanların sayı ötən il 130 min nəfər olub. Göründüyü kimi, yeni e-sistemin tətbiqi il ərzində xeyli sayda insanın bu sahədə proaktiv xidmətlə təminatına, həmin müavinətin valideynlər tərəfindən alınmasında vətəndaş rahatlığına və məmnunluğuna imkan yaradacaq.
Sonra nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov yeni sistemin təqdimatını edib.
Qeyd edilib ki, uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı (ilkin mərhələdə) hər iki valideyn işləmədiyi halda elektron qaydada həyata keçiriləcək. Doğulan uşaq üçün doğum haqqında şəhadətnamə alındığı gündən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə inteqrasiya şəraitində, həmin sistemdən əldə olunan məlumat əsasında müavinət e-qaydada təyin olunacaq. Bunun üçün valideynlərin hər hansı quruma müraciət və sənəd təqdim etmələrinə artıq ehtiyac qalmayacaq.
Valideynlərin işləmədiyi barədə məlumat real vaxt rejimində elektron informasiya ehtiyatlarından əldə olunacaq. Birdəfəlik müavinət uşağın anasına (ana olmadıqda və ya digər istisna hallarda atasına) təyin ediləcək və bu barədə, həmçinin müavinəti hansı bankdan alacağı barədə valideynə sms-məlumat göndəriləcək. Bundan sonra valideyn şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq bankdan müavinəti alacaq. (SMS göndərilməsi üçün valideynin adına nömrə yoxdursa, o, məlumatı nazirliyin 142-Çağrı mərkəzindən və ya nazirlik yanında DSMF-nin yerli şöbəsindən əldə edə biləcək.
Təqdimatdan sonra jurnalistlərin sualları cavablandırılıb.
Mənbə: sosial.gov.az