Uşaq pulu: Məbləğ və tənzimlənmə

posted in: Müavinət, Xəbər | 0
birbank biznes

Uşaq pulu: Məbləğ və tənzimlənmə


Uşaq pulu və ya 3 yaşınadək uşağa qulluğa görə müavinət Azərbaycan Respublikası qanunvericiliyi ilə tam həcmdə tənzimlənmiş və sosial təminata aid edilən ödəniş kimi çıxış edir.

Xatırladaq ki, bu növ müavinət uşağın doğumuna görə ödənilən birdəfəlik müavinətdən çox fərqli bir ödənişdir. Uşağın anadan olmasına görə müavinət bu faktın təsdiq edilməsini özündə əks etdirən arayış təqdim edildikdən sonra birdəfəlik (yalnız bir dəfə) ödənilir. Hazırda bu müavinətin məbləği 90 Azn təşkil edir. Ölkə başçısının 23.02.2018-ci il tarixli sərəncamı ilə bu məbləğ 1 mart 2018-dən etibarən 10% artırılmışdır.

Uşağa 3 yaşınadək qulluğa görə 2016-cı il fevralın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 40 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 25 manat miqdarında müəyyən edilmişdir. Qeyd edək ki, Prezidentimizin 23.02.2018-ci il tarixli sərəncamı ilə bu məbləğlər də 1 mart 2018-dən etibarən 10% artırılmışdır.

Bu müavinət kimə ödənilir?

Qanunvericiliyə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin uşaq 3 yaşına çatana qədər uşağa qulluğa görə müavinət almaq hüququ vardır. Daha ətraflı desək DSMF-nə əmək müqaviləsinə əsasən 3% və ya sadələşdirilmiş vergi ödəyicisi olaraq sosial öhdəliyinə əsasən ayda 26 AZN ödəyən və fərdi sahibkarlıqla məşğul olan şəxslər, hərbi qulluqçular kimi şəxslər qismən ödənişli sosial məzuniyyətə çıxdıqda bu müavinəti almaq hüququ əldə edirlər.

Xatırladaq ki, uşağa bilavasitə qulluq edən əmək müqaviləsinə əsasən çalışan valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Bu hüququndan yazılı ərizəsinə əsasən tam və ya hissə-hissə istifadə edə bilərlər.

Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət işləyən qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət qurtardıqdan sonra haqqı qismən ödənilən məzuniyyət rəsmiləşdirildikdə uşağın üç yaşı tamam olanadək ödənilir.Mühüm bir məsələni də diqqətinizə çatdıraq ki, əgər uşaq məktəbəqədər uşaq müəssisəsində (körpələr evi, uşaq bağçası) yerləşdirilmişdirsə, belə hallarda məzuniyyət təqdim edilmir və uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə müavinət təyin edilmir. Qeyd etmək lazımdır ki, bu məbləğin təyin olunması üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət edilməlidir və bu müavinətlərin məbləğinə heç bir vergi və ya sosial sığorta haqqı tətbiq edilmir.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email