Yaşı 18-dən az olan şəxslərin əmək hüququ

posted in: Xəbər | 0

Yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının (o cümlədən, əmək hüququ) həyata keçirimlisinə dövlət nəzarət edir. Bu Azərbaycan Respublikasının Konstitusiyasının 27-ci maddəsində təsbit edilib. Müəyyən yaşa çatmış yetkinlik yaşına çatmayanların əmək qabiliyyətinə nəzarət etmək, təhlükəsiz əmək şəraiti, əməkhaqqı, istirahət hüququ, əmək hüquqlarının müdafiəsi hüququ vardır.

Yetkinlik yaşına çatmayanların psixofiziki xüsusiyyətlərini, onların yaşla bağlı durumunu nəzərə alaraq, əmək qanunvericiliyi yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə ilə bağlı xüsusi qaydalar müəyyən edir.

Yaşı 18 – dən az olan şəxslərin əmək hüququ

Müəyyən yaş həddinə, yetkinlik yaşına çatmayan hər bir şəxs təhlükəsiz əmək şəraiti, əməkhaqqı, istirahət, əmək hüquqlarının müdafiəsi hüququna malikdir. Həmin şəxslərin psixofiziki xüsusiyyətləri və  yaşı ilə bağlı şərtləri nəzərə alaraq, əmək qanunvericiliyi onların əməyindən istifadə üçün xüsusi qaydalar müəyyən edir. Müəssisə və təşkilatlarda yalnız 15 yaşı tamam  olan şəxslərlə  əmək müqaviləsi bağlamaq mümkündür. Lakin 15 yaşdan 18 yaşınadək şəxslərlə müqavilə bağlanan zaman valideynlərindən və ya övladlığa götürənlərdən birinin, yaxud qanunla onları əvəz edən şəxsin mütləq şəkildə yazılı razılığı alınmalıdır (ƏM maddə 46.4). 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır.  İşəgötürən yetkinlik yaşına çatmayan işçini işə götürərkən bunu nəzərə almağa borcludur və uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etdiyi halda  qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilə bilər. Yaşı 18-dən az olan şəxslərin əmək hüququ Əmək Məcəlləsinə uyğun tənzimlənir. Qanunvericilikdə həmin işçilərə müvafiq güzəşt və təminatlar nəzərdə tutulur və işəgötürənlərin bu qaydalara əməl etməsi məcburidir.

Məhdudlaşdırmalar

Yaşı 18-dən az olan şəxslərə onların sağlamlığını qorumaq məqsədi ilə müəyyən məhdudiyyətlər tətbiq edilir. Belə hallar aşağıdakılardır:

Mühasibat xidmətləri
  • onlar üçün qısaldılmış iş vaxtı müəyyən olunur. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində:
  • 16 yaşa qədər – 24 saatdan;
  • 16 yaşdan 18 yaşa qədər – 36 saatdan artıq olmamalıdır (ƏM maddə 91);
  • zərərli və təhlükəli iş şəraitində, yeraltı işlərdə, habelə sağlamlığa və mənəvi inkişafa xələl gətirə bilən işlərdə (qumar biznesi, gecə klubları, spirtli içkilərin istehsalı, daşınması və ticarəti, tütün məmulatları, narkotik və digər zəhərli preparatlar) 18 yaşı tamam olmayan şəxslərin əməyinin tətbiqi qadağandır (ƏM maddə 250);
  • belə işçilərin gecə növbəsinə cəlb edilməsi əmək hüququnun pozulması sayılır, bu yolverilməzdir (ƏM maddə 98);
  • qısaldılmış iş vaxtı şəraitində və işəmuzd işlərdə çalışan 18 yaşına çatmamış işçilərin əməkhaqqı yaşlı işçilər üçün müəyyən edilmiş məbləğdə ödənilir. Qısaldılmış iş vaxtının müddəti ilə yaşlı işçilərin gündəlik iş vaxtı arasındakı fərq üçün taarif dərəcəsi üzrə əlavə haqq verilir (ƏM maddə 253)
  • yaşı 18-dən az olan işçilərin ezamiyyətə göndərilməsi, iş vaxtından artıq işlərə, gecə, istirahət və iş günü olmayan günlərdə işə cəlb edilməsi qadağandır. Bu onların qanunla müəyyən edilmiş əmək hüququnun pozulması hesab olunur. Gecə vaxtı dedikdə axşam saat 20-dən səhər saat 7-dək olan müddət başa düşülür (ƏM maddə 254);

Əmək müqaviləsi ilə bağlı güzəşt və imtiyazlar

  • 18 yaşına çatmamış şəxslə bağlanan əmək müqaviləsində onun tapşırılan işə uyğunluğunu yoxlamaq üçün sınaq müddəti nəzərdə tutulmur (ƏM maddə 52);
  • yaşı 18-dən az olan işçilərlə bağlanan əmək müqaviləsində onların əmək və peşə vərdişlərinin artırılması üçün əlavə şərtlər nəzərdə tutulmalıdır. İş günü ərzində peşə hazırlığına sərf edilən vaxt iş vaxtı kimi nəzərə alınmalıdır (ƏM maddə 247);
  • onların azyaşlı və yaxud peşəkarlıq səviyyəsinin aşağı olmasına görə  işə qəbul olunmasından imtina əmək hüququ pozuntusu sayılır (ƏM maddə 248);
  • peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması səbəbindən bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə əsasən yaşı 18-dən az olan işçinin əmək müqaviləsi ləğv edilə bilməz (ƏM maddə 255);

İşə qəbul və qiymətləndirmə

  • 18 yaşı tamam olmayan şəxslər məcburi tibbi müayinədən keçdikdən sonra işə qəbul olunur. Sonra 18 yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən müayinədən keçirilməlidir (ƏM maddə 252);
  • 18 yaşı tamam olmayan işçilər əvəzçilik qaydasında əlavə iş yerlərində çalışa bilər, bir şərtlə ki, həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmasın;
  • yaşı 18 dən az olan işçilər attestasiyadan keçirilmir (ƏM maddə 66).

Əmək məzuniyyəti ilə bağlı tələblər

  • yaşı 16-dan az olan işçilərin əmək məzuniyyəti 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək olan işçilərin isə 35 təqvim günündən az olmamalıdır (ƏM maddə 119);
  • 18 yaşı tamam olmayan işçilər əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan birinci iş ili üçün əmək məzuniyyətindən istiifadə etmək hüququna malikdirlər (ƏM maddə 131).

Pozulmuş əmək hüququnun müdafiəsi üçün yetkinlik yaşına çatmayan, habelə onun qanuni nümayəndəsi – valideyn (qəyyum) hüquq mühafizə orqanlarına müraciət etmək hüququna malikdir.

Muzdlu işlə əlaqədar gəlir