Sizə təqdim edilən məqalədə 432 saylı “Törəmə (asılı) cəmiyyətlərə uzunmüddətli kreditor borcları” hesabında yerli və beynəlxalq uçot qaydalarına uyğun uçotun aparılması şərh olunur.
Törəmə (asılı) cəmiyyətlər
Törəmə cəmiyyətlər anlayışı və onlarda mühasibat uçotunun aparılması üzrə əsas prinsiplər həm yerli qanunvericilikdə, həm də beynəlxalq uçot standartlarında hüquqi və iqtisadi baxımdan müəyyən edilir.
Azərbaycan Respublikasının “Mülki Məcəlləsi”- nə görə ”təsərrüfat cəmiyyəti o halda törəmə cəmiyyət sayılır ki, digər (əsas) təsərrüfat ortaqlığı və ya cəmiyyəti onun nizamnamə kapitalında üstün iştirakına görə və ya onlar arasında bağlanmış müqaviləyə müvafiq surətdə həmin cəmiyyətin qəbul etdiyi qərarları müəyyənləşdirmək imkanına malik olur.”
27 saylı MUBS: “Fərdi maliyyə hesabatları.” (IAS 27) və 28 saylı MUBS: “Asılı müəssisələrə və birgə müəssisələrə investisiya qoyuluşları.” (IAS 28) standartlarına əsasən, törəmə müəssisə ana müəssisənin nəzarəti altında olur və bu nəzarət mülkiyyət payı, idarəetmə hüquqları və ya müqavilə əsasında təmin edilir. İqtisadi mahiyyət baxımından, törəmə müəssisə ana şirkətin biznes strategiyasına uyğun fəaliyyət göstərir, lakin hüquqi baxımdan müstəqil təsərrüfat subyektidir.
Kreditor borclar nədir?
Məqalənin əvvəlində 432 saylı hesabda törəmə (asılı) cəmiyyətlərə uzunmüddətli kreditor borcların uçotu aparıldığın qeyd etmişik. Bəs kreditor borc nədir?
| Kreditor borclar – müəssisənin mal, iş və xidmətlərin alınmasına, borc vəsaitlərinin cəlb edilməsinə və digər öhdəliklərin yerinə yetirilməsinə görə üçüncü şəxslərə qarşı yaranmış maliyyə öhdəlikləridir. Bu öhdəliklər müəyyən olunmuş məbləğdə və müəyyən olunmuş müddətdə ödənilməlidir. |
1 saylı MUBS: “Maliyyə hesabatlarının təqdimatı” (IAS 1) standartına əsaslanaraq (maddə 61) kreditor borcları aşağıdakı kimi təsnif etmək olar:
- qısamüddətlilər (cari);
- uzunmüddətlilər (qeyri cari).
Uzunmüddətli kreditor borclar – hesabat tarixindən etibarən 12 aydan artıq müddətdə ödənilməsi nəzərdə tutulan öhdəliklərdir
32 saylı MUBS 32: “Maliyyə alətləri: təqdimat” (IAS 32) baxımından kreditor borc maliyyə öhdəliyi kimi tanınır, çünki bu, müəssisənin müqavilə üzrə digər subyektə pul və ya digər maliyyə aktivləri ödəmə öhdəliyini əks etdirir (maddə 11).
Uzunmüddətli kreditor borclar üzrə uçot prinsipləri
432 saylı “Törəmə (asılı) cəmiyyətlərə uzunmüddətli kreditor borcları” hesabı AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə müəyyən edilmiş hesablar planının 43-cü “Uzunmüddətli kreditor borcları” bölməsinə aid olan hesablardan biridir. Bu bilməyə aid olan digər hesablar bunlardır:
- 431-ci hesab: “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları”;
- 433-cü hesab: “Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları”;
- 434-cü hesab: “Faizlər üzrə uzunmüddətli kreditor borcları”;
- 435-ci hesab: “Digər uzunmüddətli kreditor borcları”.
Uzunmüddətli kreditor borclar beynəlxalq uçot standartlarının tələblərinə əsasən aşağıdakı prinsiplərlə uçota alınır:
- tanınma (recognition) – müəssisə maliyyə öhdəliyini yalnız müqavilə və ya qanunvericilik əsasında real öhdəlik yarandıqda tanıyır.
- ölçmə (measurement) – ilk tanınma zamanı öhdəlik ədalətli (fair) dəyər üzrə ölçülür;
- təqdimetmə (presentation) – maliyyə hesabatında uzunmüddətli öhdəliklər bölməsində ayrıca göstərilir.
- izah (disclosure) –öhdəliklərin şərtləri, faiz dərəcələri, təminatlar və ödəniş qrafikləri açıqlanmalıdır.
432 saylı “Törəmə (asılı) cəmiyyətlərə uzunmüddətli kreditor borcları” hesabı
Hesabın təyinatı AR MN-nin yuxarıda qeyd edilən qaydalarının 37.10-cu maddəsində şərh olunub: “432 №li “Törəmə (asılı) cəmiyyətlərə uzunmüddətli kreditor borcları” hesabında mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində ödənilməsi tələb olunmayan əsas fondlar, qeyri-maddi aktivlər, ehtiyatlar, görülmüş işlər və göstərilmiş xidmətlərin əldə edilməsi üzrə, habelə faizlərə görə törəmə (asılı) cəmiyyətlərə yaranan kreditor borcları barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.”
Törəmə müəssisədən 12 aydan artıq müddətə ödənməli borc vəsaitlərinin tanınması, yəni öhdəliyin yaranması hesabın krediti, öhdəliyin qismən və ya tam ödənilməsi, müddətin 12 aydan az qalan hissəsinin qısamüddətli hesablara keçirilməsi üzrə yazılışlar isə hesabın debeti üzrə əks etdirilir.
Hesab üzrə tənzimləmələr
432 saylı “Törəmə (asılı) cəmiyyətlərə uzunmüddətli kreditor borcları” hesabı üzrə tənzimləmələr AR MN-nin qeyd edilən qaydalarının 37.10-30.17-ci bəndləri əsasında aşağıdakı formada aparılır:
| Əməliyyatın məzmunu | Debet | Kredit |
| Uzunmüddətli kreditor borcun tanınması (37.10-cu bənd) | Məsələn, pul vəsaitləri (221, 223) | 432 saylı hesab |
| Aksiz vergili xammal və materiallar əldə edilən zaman, aksiz vergisinə (bənd 37.11) | 241-2: “Əvəzləşdirilən aksiz” | 432 saylı hesab |
| Əsas fondlar, qeyri-maddi aktivlər, ehtiyatlar, görülmüş işlər və göstərilmiş xidmətlərin əldə edilməsi zamanı yaranan ƏDV (bənd 37.12) | 241-1: “Əvəzləşdirilən əlavə dəyər vergisi” | 432 saylı hesab |
| Uzunmüddətli kreditor borcları qısamüddətli kimi təsnifləşdirildikdə (bənd 37.13) | 432 saylı hesab | 532: “Törəmə (asılı) cəmiyyətlərə qısamüddətli kreditor borcları” |
| Müsbət məzənnə fərqi yarandıqda (bənd 37.14) | 432 saylı hesab | 611-8: “Məzənnə fərqləri üzrə gəlirlər” |
| Mənfi məzənnə fərqi yarandıqda (bənd 37.14) | 731-8: “Məzənnə xərcləri” | 432 saylı hesab |
| Öhdəlik qısamüddətli kimi təsnifləşdirilmədən birbaşa ödənildikdə (bənd 37.15) | 432 saylı hesab | Pul vəsaitləri (221-225) |
| Öhdəliyin üçüncü şəxs tərəfindən ödənilməsi (37.16) | 432 saylı hesab | 171-177, 211-217, 243, 244, 538, 545 |
| Öhdəliyin bağışlanılması və ya silinməsi (bənd 37.17) | 432 saylı hesab | 611-10: “Digər əməliyyat gəlirləri” |
| Aksiz vergisi əvəzləşdirildikdə (bənd 37.17) | 432 saylı hesab | 521 saylı hesab |
| Aksiz vergisi əvəzləşdirilmədikdə (bənd 37.17) | 432 saylı hesab | 241-2 saylı hesab |
| ƏDV əvəzləşdirildikdə (bənd 37.17) | 432 saylı hesab | 521 saylı hesab |
| ƏDV əvəzləşdirilmədikdə (bənd 37.17) | 432 saylı hesab | 241-1 saylı hesab |
Mühasibat yazılışlarına nümunə
“Abc” MMC öz törəmə müəssisəsindən ƏDV məbləği 3600 manat (vergi dərəcəsi 18%), ƏDV daxil qiyməti 23600 manat olan material ehtiyatları alıb. Tərəflər arasında bağlanmış müqaviləyə görə onların dəyəri 12 aydan artıq müddətdə ödəniləcək.
432 saylı “Törəmə (asılı) cəmiyyətlərə uzunmüddətli kreditor borcları” hesabından da istifadə edilməklə mühasibat yazılışları aşağıdakı cədvəldə verilib.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Satılan malların maya dəyəri nəzərə alındıqda | 201: “Material ehtiyatları” | 432 saylı hesab | 20000.00 |
| 2 | Malların ƏDS-i hesablanır | 241-1: “Əvəzləşdirilən əlavə dəyər vergisi” | 432 saylı hesab | 3600.00 |
| 3 | 12 aydan sonra malların dəyəri törəmə müəssisəyə ödənib | 432 saylı hesab | 223: “Bank hesablaşma hesabları” | 23600.00 |
| 4 | Əvəzləşdirilən ƏDV | 521 saylı hesab | 241-1 saylı hesab | 3600.00 |
Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları 172 saylı hesabda aparılır.
