Vergi qanunvericiliyinin sistemləşdirilməsi: vergi məcəlləsi

posted in: Xəbər | 0
birbank biznes

Məcəllə nədir?

İş həyatımızda tez-tez Vergi Məcəlləsi, Əmək Məcəlləsi kimi ifadələrə rast gəlirik. Bəs, ümumiyyətlə məcəllə nədir? “Məcəllə” sözü ərəb mənşəlidir, hüququn hər hansı bir sahəsini əhatə edən sistemləşdirilmiş qanunvericilik aktıdır. Bəzən latın mənşəli olan kodeks anlayışından da istifadə edilir. Kodeks kağız, perqament və ya papirus kimi yazıla bilən materiallar dəstini birləşdirən kitaba deyilib. Tarixi inkişaf mərhələsində bu söz bir çox məna daşıyıb, məsələn:

  • romalıların kassa kitabları kodeks adlanırdı.
  • Roma imperatoru tərəfindən hazırlanmış konstitusiya (hüquqi bəyannamələr) toplusu Qreqorian kodeksi qanunvericilik aktı kimi uğur qazanmışdı.

Hansı mənada işlənməsindən asılı olmayaraq, onun strukturu aid olduğu sahənin sistemini kodlaşmış formada əks etdirir. Kodlaşma bir-birindən fərqli, parçalanmış normaların vahid normativ kompleksdə toplanmasına yönəlmiş prosesdir.

Orta əsrlərdə “kodeks” ifadəsi unuduldu, yalnız 16-cı əsrdən bərpa edildi, o vaxtdan daha çox istifadə olunmağa başladı. Xüsusilə 18-ci əsrin sonlarına aid bir sıra qanunlar toplusu kodekslər adlanmağa başlandı.

Azərbaycanda məcəllədən normativ hüquqi akt kimi müstəqillik dövründə istifadə edilməyə başlanıb. Onlardan biri, Azərbaycan Respublikasının Vergi Məcəlləsidir.

Vergi məcəllələri

Bir çox ölkələrdə qəbul edilmiş vergi məcəllələri vergi qanunvericiliyinin əsasını təşkil etməklə vergitutmanın müxtəlif aspektlərinin hüquqi tənzimləməsin həyata keçirir. Vergi qanunvericiliyi dövlətin vergi hüququnu tənzimləyən normativ hüquqi aktlarının məcmusudur. Vergi məcəlləsi:

  • vergilərin növlərini;
  • vergi dərəcələrini;
  • vergilərin tutulması qaydasını;
  • vergi güzəştlərini müəyyən edir.

Vergi məcəlləsi vergi öhdəlikləri, onların yaranması, dəyişdirilməsi və xitam verilməsi ilə bağlı münasibətləri də tənzimləyir. Tənzimləyici orqanlar, onların vəzifəli şəxslərinin vergi nəzarətinin həyata keçirilməsində səlahiyyət və vəzifələri, habelə vergi qanunvericiliyinin pozulması zamanı məsuliyyət də vergi məcəlləsi ilə müəyyən edilir.

Xüsusi normativ akt kimi kodekslərin tətbiqi daha çox kontinental hüquq ölkələri, məsələn, Fransa, Almaniya, İtaliya, İspaniya, Polşa, Belçika və başqaları üçün xarakterikdir. Anglo-Sakson hüquq ailəsinə daxil olan ölkələr üçün belə aktlar tipik deyil.

Vergi məcəllələri vergi hüququnun sonrakı inkişaf mərhələlərində daha geniş tətbiq edildi. Müxtəlif ölkələrin vergi məcəllələri arasında ziddiyyəti aradan qaldırmaq üçün Beynəlxalq  Valyuta Fondunun (İMF) Hüquq Departamenti tərəfindən hipotetik Taxastan Respublikasının Vergi Məcəlləsini hazırladı.

Azərbaycanda Vergi Məcəlləsinin tətbiqini zəruri edən şərtlər

1991-ci ildə müstəqillik əldə edən Azərbaycan Respublikası sovet tipli vergi sistemini miras aldı. Həmin sistem aşağıdakı əsas xüsusiyyətlərə malikdir:

  • dövlət və kooperativ müəssisələrə differensial yanaşma;
  • dövriyyə vergilərinin üstünlük təşkil etməsi;
  • vergi daxilolmalarında fiziki şəxslərdən vergilərin əhəmiyyətsiz rolu;
  • inzibati üsulların  üstünlük təşkil etməsi.

Sovet sisteminin dağılması bazar iqtisadiyyatına əsaslanan yeni iqtisadi münasibətləri meydana çıxardı. Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə keçidi müəssisələr və vətəndaşlar (hüquqi və fiziki şəxslər) üçün vergitutma sisteminin yaradılmasın, vergi münasibətlərinin hüquqi tənzimlənməsi sahəsində əsaslı dəyişikliklər tələb edirdi.

90-cı illərin əvvəllərini bazar münasibətlərinə istiqamətlənən müstəqil Azərbaycan Respublikasının vergi sisteminin formalaşması dövrü kimi xarakterizə etmək olar. 1990-cı illərin əvvəllərində vergi sahəsində tətbiq edilən əsas yeniliklərə nümunə kimi aşağıdakıları göstərmək olar:

  • vergi metodu dövlətin büdcə gəlirlərinin formalaşmasında əsas metoda çevrildi. əvvəllər dövlət müəssisələrinə tətbiq edilən müxtəlif qeyri-vergi ödənişləri (mənfəətdən ayırmalar, fondlar üzrə ayırmalar və s.) vergilərlə əvəz olundu.
  • mülkiyyət formasından asılı olmayaraq vergi sisteminin unifikasiyası prosesi başladıldı.
  • vergilər səviyyələr  üzrü bölündü: dövlət, muxtar respublika, yerli vergilər. vergilər büdcədən əlavə büdcədənkənar məqsədli fondlara daxil edilməyə başlandı.
  • vergi növləri artdı, fiziki və hüquqi şəxslər üçün ümumi olan yeniləri əlavə edildi.
  • əhalinin vergi ödənişləri də unifikasiya edildi: təşkilati-hüquqi və sahə mənsubiyyətindən asılı olmadan ödəyiciləri ümumi yanaşma tətbiq edildi.

Aparılan islahatlar qanunvericilik aktları ilə möhkəmləndirildi, bir sıra qanunlar qəbul edildi. Tətbiqinə 90-cı illərin əvvəlindən başlanılan və Azərbaycan üçün tamamilə yeni olan vergi sisteminin formalaşması, vergi hüququ sahəsində davamlılığın olmadığı sərt siyasi, iqtisadi və struktur dəyişiklikləri şəraitində baş verdi.

Azərbaycanda siyasi və iqtisadi arenada baş verən dəyişikliklər, hakimiyyətin qolları arasında hüquqi və büdcə münasibətlərinin dəyişməsi, respublika iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası prosesi effektiv və ədalətli sabit vergi siyasətinin aparılmasın tələb etdirdi. Vergi siyasəti sahəsində əsas vəzifələrin həyata keçirilməsi üçün bir vasitə olaraq, vergi hüququnun aktual problemlərinin həllinə kompleks yanaşmanı təmin etmək üçün nəzərdə tutulmuş sistemləşdirilmiş kodeksin  – Azərbaycan Respublikasının Vergi Məcəlləsinin hazırlanması  xüsusi əhəmiyyət kəsb etməyə başladı. Məcəllədə vergitutma prosesini tənzimləyən mövcud norma və qaydalar:

  • vergi sisteminin inkişafı üçün seçilmiş prioritetlərə və istiqamətlərə uyğun olaraq işlənir;
  • nizamlı, vahid, məntiqi ardıcıl və əlaqələndirilmiş bir sistemə gətirilir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi 01 yanvar 2001-ci ildən qüvvəyə mindi. Sonrakı illərdə dəyişikliklər, əlavələr və düzəlişlər edilərək təkmilləşdirildi. Bu proses indi də davam etdirilir.


Print Friendly, PDF & Email