Vergi uçotunda olmayan şəxsdən əsas vəsait alışı necə rəsmiləşdirilir?

posted in: Xəbər | 0

Vergi uçotunda olmayan (vergi ödəyicisi olmayan) fiziki şəxsdən əsas vəsait satın almaq istəyirik. Bu prosesi elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? Əgər mümkündürsə, proses necə tənzimlənir və hansı vergi öhdəlikləri yaranır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə əsasən, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Vergi Məcəlləsinin 102.1.7 maddəsinə əsasən, qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan, habelə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən malların vergi ödəyicilərinə təqdim edilməsindən (kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının təqdim edilməsi istisna olmaqla) başqa, daşınan maddi əmlakın təqdim edilməsindən əldə edilən gəlir vergisindən azad edilib.

Əlavə olaraq bildirilib ki, Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən mallar, habelə daşınmaz əmlak, avtomobil nəqliyyatı vasitələri və daşınar əsas vəsaitlər istisna olmaqla, digər malların vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması və ya malların vergi ödəyicilərindən bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verən nəzarət kassa aparatının çeki əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin hər bir hal üzrə 2 faizi həddində məhdudlaşdırılır və bu həddən yuxarı məbləğ gəlirdən çıxılmır.

Xidmətdən əlavə edilib ki, vergi öhdəliklərinin dəqiq müəyyən edilməsi üçün işin faktiki halları barədə, o cümlədən ödəniş sənədləri və digər zəruri təsdiqedici sənədlər ilə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Mənbə: vergiler.az

Aksizli məhsulların dövriyyəsi üzrə vergi nəzarəti gücləndirilib

error: Content is protected !!