Vergilərin online ödənişinin hansı metodları var?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergilərin online ödənişiÖlkəmizdə elektron vergi ödənişlərinin tətbiqinə 2008-ci il yanvarın 1-dən başlanıb. Bu vaxtadək  ƏDV ödəyiciləri ƏDV depozit hesabı vasitəsilə həm ƏDV, həm də digər tədiyyələr üzrə ödənişləri dövlət büdcəsinə tranzaksiya edə bilirdilər.

«2011-ci ilin dövlət büdcəsi haqqında» Qanunun 6-cı bəndində nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə vergi, rüsum və digər ödənişlərin elektronlaşdırılması Vergilər Nazirliyi və Mərkəzi Banka tapşırılıb. Bu tapşırığın icrası ilə əlaqədar görülmüş işlər nəticəsində bütün tədiyyələr üzrə dövlət büdcəsinə edilən ödənişlərin elektron qaydada həyata keçirilməsi xidməti vergi ödəyicilərinin istifadəsinə verilib. Vergi, rüsum və digər büdcə ödənişlərinin Milli Ödəniş Sistemi (MÖS) vasitəsilə qəbul edilməsinin təmin edilməsi məqsədilə Mərkəzi Bankın Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminə (KÖMİS-ə) inteqrasiyası təmin edilib, İnternet Vergi İdarəsinin «Onlayn Kargüzarlıq və EHF» bölməsində vergi və rüsumların internet vasitəsilə dövlət büdcəsinə ödənilməsi üçün yeni «Onlayn ödəmə» xidməti yaradılaraq istifadəyə  verilib.

Bax: Vergilər Naziri Vergi Məcəlləsinə təklif olunan dəyişiklikləri açıqladı

Hazırda ödənişləri onlayn qaydada həyata keçirmək üçün əsas  2 metoddan istifadə edilir:

Birinci metod: Vergi ödəyicisi Vergilər Nazirliyinin www.taxes.gov.az rəsmi internet səhifəsinin «E-xidmətlər» keçidini seçərək «İnternet Vergi İdarəsi»ndə (www.e-taxes.gov.az) «Giriş» düyməsini sıxmaqla «Sistemə giriş səhifəsi»ndə öz istifadəçi kodunu, parol və şifrəsini (bunlar ona əvvəlcədən Vergilər Nazirliyi tərəfindən müqavilə əsasında verilir) daxil edir, «Bölmə» menyusunda «Onlayn Kargüzarlıq & e-VHF» seçib həmin bölməyə daxil olaraq, buradakı «Onlayn ödəmə» vasitəsilə vergi və rüsumların internet vasitəsilə ödənilməsini həyata keçirir.

Bu sahədə vergi ödəyicilərini məlumatlandırmaq məqsədilə Vergilər Nazirliyinin rəsmi internet saytında vergi ödəyicilərinin xidmətinə «Onlayn ödəmələrin video-təlimatı» təqdim olunub. Bu təlimatda onlayn ödəmənin aparılması haqda daha ətraflı məlumat verilmişdir.

Bax: Sadələşdirilmiş vergiyə hansı dəyişikliklər olacaq?

İkinci metod: Vergi ödəyicisi Mərkəzi Bankın Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin www.apus.az internet saytına daxil olub «Ödəniş xidmətləri» bölməsində funksional imkanlardan istifadə etməklə, real rejimdə qeydiyyatdan keçərək «Abonent kodu» və «Şifrə» vasitəsilə və ya qeydiyyatdan keçmədən «Qeydiyyatsız ödənişlər» vasitəsilə elektron qaydada ödənişi həyata keçirə bilər.

Hər iki metod vasitəsilə elektron qaydada vergi ödənişlərini həyata keçirmək üçün vergi ödəyicisinin sahib olduğu və etibarlılıq müddəti bitməmiş bank ödəniş kartı tələb olunur.

Vergi ödənişlərinin nağd qaydada həyata keçirilməsi banklarda növbələrin yaranmasına səbəb olur, geniş ictimai xidmət sahələri tələb edir və bu işə xeyli  sayda əməkdaşın cəlb olunmasına gətirib çıxarır. Texnologiyalar düzgün tətbiq edildikdə vergilərlə bağlı məlumatların toplanması sadələşir və xəta səviyyəsi azalır. Ödənişlərin elektron formada həyata keçirilməsi ilə ödəyicilərin də rahatlığı təmin olunur. Onlar vergi orqanına, banka və ya digər ödəniş məntəqəsinə getmədən istənilən yerdən və istənilən vaxtda ödənişləri həyata keçirə bilirlər. Bu, həm də ödəmənin etibarlı və təhlükəsiz olmasına təminat verir.

Bax: Vergilər Nazirliyinin səlahiyyətlərinə yenisi əlavə olundu

Elektron ödəniş sisteminin tətbiqi ölkədə vergi yığımını sürətləndirməklə bərabər, vergi orqanlarına vergitutma bazasını daha dəqiq müəyyən etməyə, vergidən yayınma hallarını minimuma endirməyə və nəticədə büdcə gəlirlərində vergi daxil­olmalarının həcminin əhəmiyyətli dərəcədə artmasına zəmin yaradır.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email