Artıq ödənilən vergi və sosial sığorta haqlarının geri qaytarılması

posted in: Xəbər | 0

Təcrübədə tez-tez rast gəlinən hallardan biri də mühasiblərin ödəniş edərkən sosial sığorta haqlarını və vergi ödənişlərini artıq miqdarda köçürmələridir. Onlar rekvizitlərin yanlış göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində belə ödənişlər edə bilərlər. Bu hallarda vergi ödəyiciləri artıq ödənişləri geri ala bilərmi? Bu suala “Turan” Tədris Mərkəzinin təlimçisi və vergi eksperti Cavid Vəlizadə aydınlıq gətirir:

Vergi Məcəlləsinin 87.1 maddəsində göstərilib ki, vergi ödəyicisi artıq ödəniş etdikdə bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.

Misal

Mühasib 1.000 manat vergi ödənişi edəndə bilməyərəkdən 10.000 manat ödəniş edib və bu barədə rəhbərliyə məlumat verib. Artıq ödənilmiş 9.000 (10000-1000) manat vergi digər vergilərlə əvəzləşdirilə bilər. Yəni, növbəti ayda 8.000 manat ƏDV öhdəliyi yaranarsa, bu zaman artıq ödənilmiş 9.000 manat vergidən 8.000 manat azaldılacaq. Lakin artıq ödənilmiş vergi ödənişləri sosial sığorta haqqları ilə əvəzləşdirilə bilməz.

Digər halda ola bilər ki, şəxs rekvizitlərin səhv göstərilməsi nəticəsində sosial sığorta haqqlarını ödəniş edərkən bilmədən vergi ödənişi edib.

Belə olan halda artıq ödənilmiş sosial sığorta haqlarının və verginin geri qaytarılması üçün vergi ödəyiciləri uçotda olduqları vergi orqanına müəyyən olunmuş ərizə forması ilə müraciət etməlidirlər. Vergi Məcəlləsinin 87.5-ci maddəsinə müvafiq olaraq vergilər 20 gün ərzində (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə 45 gün ərzində) qaytarılır.

Qeyd edək ki, artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə tənzimlənir.

Mənbə: vergiler.az

Təhvil-təslim aktı itirildiyi halda alıcı həmin məbləğdən imtina edə bilərmi?

Print Friendly, PDF & Email