Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar ödəmə mənbəyində vergini tutmalı və hesabatı təqdim etməlidir. Bəs həmin şəxslərin vergi və sosial ödənişlərinin məbləği necə hesablanır? Suala mühasibat mütəxəssisi Emin Salamov aydınlıq gətirir.
Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin mülki hüquqi müqavilələrlə göstərdikləri xidmətlərə görə gəlirlərindən tutulmalar Vergi Məcəlləsinin və “Sosial sığorta haqqında” Qanunun müvafiq maddələri ilə tənzimlənir:
Misal: 1 iyul 2021-ci il tarixində vergi orqanında uçotda olmayan fiziki şəxslə büdcə təşkilatı arasında aylıq 1000 manat dəyərində mülki-hüquqi xidmət müqaviləsi bağlanıb. Bu zaman fiziki şəxsin vergi və sosial tutulmaları necə hesablanılacaq?
Vergi Məcəlləsinin 101.1-3-cü maddəsinin müddəaları nəzərə alınmaqla, Məcəllənin 101.1-1-ci maddəsinə uyğun olaraq fiziki şəsin aylıq gəliri 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat+2500 manatdan çox olan məbləğin 25 faizi həcmində vergi tutulur. Mülki-hüquqi xidmət müqaviləsi bağlanarkən əmək kitabçası açılmasına ehtiyac olmadığı və həmin müqavilə üzrə iş əsas iş yeri sayılmadığı üçün aylıq gəlirdən Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində nəzərdə tutulan 200 manat çıxılma edilmir.
Yuxarıda göstərilən misalda aylıq gəlirdən məcburi dövlət sosial sığorta haqqı “Sosial Sığorta haqqında” Qanunun 14.5.2-ci maddəsinə uyğun olaraq aylıq gəlirin 25%-i həcmində tutulur:
S/n | Aylıq gəliri
(manat) |
Gəlir vergisi | MDSS 25% | İşsizlikdən sığorta | İcbari tibbi sığorta | Cəmi tutulmalar | Karta köçürülən məbləğ |
1 | 1000,00 | 140,00 | 250,00 | 0,00 | 20,00 | 410,00 | 590,00 |
Mülki-hüquqi xidmət müqaviləsi bağlanılarkən aylıq gəlirdən “Tibbi sığorta haqqında” Qanunun 15-10.1.4-cü maddəsinə uyğun olaraq aylıq gəlirin 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı hissəsindən 1 faiz icbari tibbi sığorta haqqı tutulur.
Büdcə təşkilatında əmək müqaviləsi bağlamaq şərtilə işçinin aylıq gəlirindən vergi və sosial tutulmaları isə belə hesablanır:
S/n | Aylıq gəliri | Gəlir vergisi | MDSS 3% | İşsizlikdən sığorta 0,5% | İcbari tibbi sığorta 2% | Cəm tutulmalar | Karta köçürülən məbləğ | MDSS 22% (işə götürən) | İşsizlikdən sığorta 0.5% (işə götürən) | İcbari tibbi sığorta 2% (işə götürən) |
1 | 1000,00 | 112,00 | 30,00 | 5,00 | 20,00 | 167,00 | 833,00 | 220,00 | 5,00 | 20,00 |
Mənbə: vergiler.az
Bax:
Fiziki şəxs evini və ya obyektini satarkən nə qədər vergi ödəməlidir?
Hüquqi ünvanın dəyişdirilməsi üçün hansı sənədlər tələb olunur?
Elektron ticarət əməliyyatından hansı hallarda ƏDV hesablanmır?
Başqa işçinin əmək funksiyasının icrası hansı qaydada həyata keçirilir?
POS-terminaldan istifadədən yayınmağa görə tətbiq olunan sanksiyalar
Nəqliyyat vasitəsinin yanacaq xərclərinin gəlirdən çıxılması