Nəqliyyat vasitəsinin yanacaq xərclərinin gəlirdən çıxılması

posted in: Xəbər | 0

Mühasiblərin tez-tez qarşılaşdıqları məsələlərdən biri də nəqliyyat vasitəsinin işlətdiyi yanacağa çəkilən xərclərin hansı hallarda gəlirdən çıxılmasıdır. Mövzuya mühasibat mütəxəssisi İlqar Əsədov aydınlıq gətirir.

Yanacaq xərcləri təsdiqedici sənədlər əsasında gəlirdən çıxılan xərclərə aid edilir. Lakin bunun üçün yeganə şərt təsdiqedici sənədlərin olması deyil, burada həm də yanacaq xərclərinin müəssisənin fəaliyyəti və gəlirin əldə edilməsi ilə bağlı olması nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 108-ci maddəsində bildirilir ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Ona görə də vergi ödəyicisinin gəlirin əldə edilməsi ilə bağlı olmayan yanacaq xərcləri təsdiqedici sənədlər olsa belə, gəlirdən çıxılan xərclərə aid edilmir. Bəzi hallarda fərdi sahibkar və ya müəssisənin direktoru minik avtomobilindən faktiki olaraq öz şəxsi məqsədləri üçün istifadə etsə də, yanacaqla bağlı müvafiq şirkətlərlə müqavilə bağlayaraq onlardan yanacağa görə elektron qaimə faktura alır və bu fakturada göstərilən məbləği gəlirdən çıxılan xərclərə aid edir. Bu tamamilə yanlış addımdır və yoxlama zamanı aşkar ediləcək bu cür hallar vergi ödəyicisi üçün ciddi problemlərin yaranmasına səbəb ola bilər.

Vergi Məcəlləsinin 109.2-ci maddəsinə əsasən, qeyri-kommersiya fəaliyyəti ilə bağlı xərclərin gəlirdən çıxılmasına yol verilmir. Bu səbəblə də gəlirdən çıxılan xərc əsas etibarlə ya gəlirin əldə edilməsi ilə bağlı, ya da icbari ödəniş formasında olmalıdır.

Bəs yanacağa görə hansı sənəd xərcin gəlirdən çıxılmasına əsas verən təsdiqedici sənəd hesab olunur?

Vergi Məcəlləsinin 16.1.11-6-ci maddəsinə əsasən, bir qrup şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifələrinə aid edilib. “Elektron qaimə fakturalarının forması, tətbiqi, uçotu qaydaları”-nın 1.2 və 1.3-cü bəndlərinə nəzər salsaq görərik ki, elektron qaimə-faktura Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir.

Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura isə mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. Həmin qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermirsə, onun, ümumiyyətlə, tərtib edilməməsi də əməliyyatın rəsmiləşdirilməməsi mənasına gəlir. Bu həm də vergi qanunvericiliyinin pozulması deməkdir. Buna görə də hətta nəqliyyat vasitəsi müəssisənin sahibkarlıq fəaliyyəti ilə bağlı istifadə edilsə belə, alınmış yanacağa görə mütləq e-qaimə olmalıdır. Əgər bu sənəd yoxdursa, vergi ödəyicisinin yanacaqdoldurma məntəqələrindən aldıqları qəbzlə həmin xərcləri gəlirdən çıxmağa icazə verilmir. Çünki Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən, nəzarət-kassa aparatının çeki və ya qəbz (bu Məcəllənin 16.1.11-6.1-ci – 16.1.11-6.3-cü maddələrində nəzərdə tutulan şəxslər tərəfindən verilən qəbz və ya digər ciddi hesabat blankları istisna olmaqla) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur.

Bəs yanacaq alınan zaman elektron qaimə-faktura üzrə yalnız yanacağın dəyəri gəlirdən çıxılmadır, yoxsa xərclər yol vergisi ilə birgə çıxılmalıdır?

Vergi ödəyicisi aldığı e-qaimə üzrə ödədiyi yol vergisini də gəlirdən çıxmaq hüququna malikdir. Belə ki, benzin alarkən yol vergisini ödəmək icbari formada baş verir. Başqa sözlə, yol vergisi benzinin dəyəri ilə birgə ödənilir. Qeyd etdiyimiz kimi, qanunla müəyyən edilmiş icbari ödənişlər gəlirdən çıxılır. Bu səbəblə müvafiq bəyannamədə də “Yanacaq xərcləri” bölməsinə yol vergisi benzinin dəyəri ilə birgə daxil edilməlidir.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *