Əfsanəvi amerikalı milyarder Warren Buffett, Berkshire Hathaway şirkətinin rəhbəri postunda özünə varis seçib. Bu haqda CNBC telekanalı xəbər verib.
90 yaşlı Buffett-in sözlərinə görə, direktorlar şurasının üzvləri belə razılığa gəliblər ki, əgər milyarderlə bağlı hər hansı bir hadisə baş verərsə, onun yerini şirkətin vitse-prezidenti Greg Abel tutacaq.
“Əgər, Allah eləməmiş, Greg-in başına bir iş gələrsə, onda şirkətə Ajit Jain (Berkshire Hathaway şirkətinin vitse-prezidenti) başçılıq edəcək” – Buffett belə söyləyib. Milyarder izahatında bildirib ki, seçim edərkən, namizədlərin yaş amilini əsas götürüb. Belə ki, Abelin 59, Jain-in isə 69 yaşı var.
Warren Buffett tərəfindən əsası qoyulan Berkshire Hathaway şirkəti 2020-ci ilin yekunlarına görə 42,5 milyard dollar qazanc əldə edib. Qeyd etmək lazımdır ki, ötən ilin sentyabr ayında investor ən çox yoxsullaşan amarikalı varlılar sırasına düşmüşdü. O, həmin vaxt 7,3 milyard dollar itki ilə üzləşmişdi. Analitiklər bunun səbəbləri arasında ötən ilin iyul ayında Berkshire Hathaway şirkətinin xeyriyyə aksiyaları üçün 2,9 milyard dollar xərclədiyini qeyd edirlər.