Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yeni qaydalar təklif olunub

posted in: Xəbər | 0

Müəssisədaxili intizam qaydaları,Millət vəkili Vüqar Bayramov Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsini parlamentə təqdim edib. Onun sözlərinə görə, indiki qaydalarla bəzən fiziki şəxs olan işəgötürənlərlə işçilər arasında mübahisələr yaranır:

“Fiziki şəxs olan işəgötürənlə bağlı bir sıra hallar baş verdikdə, onlar tərəfindən bağlanılmış və əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminə daxil edilmiş əmək müqavilələrinə xitam verilməsi zərurəti yaranır. Lakin əmək müqaviləsinə xitam verilməsi səlahiyyəti işəgötürəndə olduğu üçün bu zərurətin həyata keçirilməsi mümkün olmur. Nəticədə digər işəgötürənlə əmək müqaviləsi bağlaya bilməyən işçinin əmək hüquqları məhdudlaşır ki, bu da narazılıqlara və məhkəmə mübahisələrinə səbəb olur”.

Millət vəkili qeyd edib ki, həmin halların tənzimlənməsi məqsədilə Əmək Məcəlləsinin 74-cü maddəsinə bir sıra əlavələr təklif edilib. Qanun layihəsinə əsasən, bir sıra hallarda (fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə və s.) fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsas olacaq.

Bu hallarda əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi əmək münasibətlərinin iştirakçılarını, habelə vəfat etmiş fiziki şəxs olan işəgötürənin vərəsələrini (miras payı həddində) əmək qanunvericilyi ilə müəyyən edilmiş öhdəliklərin icrasından azad etməyəcək.

V.Bayramov bildirib ki, Əmək Məcəlləsinin 49-cu maddəsinə yeni 5-ci hissə əlavə edilməklə qeyd edilən hallarla bağlı işçinin müraciəti əsasında əmək müqaviləsi bildirişinin qüvvədən salınması səlahiyyəti əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana verilir. Başqa sözlə, qeyd olunan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab ediləcək.

Mənbə: vergiler.az


Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *