fbpx

Zay xammalın dəyəri vergi tutulan gəlirlərə aid edilirmi?

posted in: Xəbər | 0
birbank biznes

Zay xammalın dəyəri, gəlirlərin və xərclərin uçotunun aparılması, vergitutma,Müsəssisə kafel-metlax yapışdırıcısı istehsal edir. Xammal şəklində alınan qum istehsal prosesindən öncə tərkibindəki daş və çınqıl kimi istehsala yararsız materiallardan təmizlənir. İstehsala buraxılmayan zay xammal (daş, çınqıl, şebel) tullantı şəklində atılır. Atılan xammalın hansı qaydada rəsmiləşdirilməsi, həmçinin dəyərinin istehsal olunan məhsulun maya dəyərinə, yoxsa birbaşa xərcə salınmalı olduğu barədə məlumat verməyinizi xahiş edirəm.

Dövlət Vergi Xidmətindən bildirilib ki, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” ilə tənzimlənir.

Həmin Qaydaların 5.4-cü bəndinə əsasən, məhsulların istehsalı zamanı zay olmuş məhsullarla bağlı istehsal sahəsinin məsul şəxsi (sex rəisi (müavini) və s.) tərəfindən “Zay məhsullara dair akt” tərtib edilir.

“Zay məhsullara dair akt” ciddi hesabat blankı hesab edilmir və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.

Vergi Məcəlləsinin 108.5-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilər, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələr vergitutma məqsədləri üçün gəlirdən çıxılır.

Qeyd olunanlara əsasən, istehsal prosesində norma daxilində baş verən təbii itkilər gəlirdən çıxılan xərclərə aid edilir. İstehsala buraxılmayan zay xammal vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmuş qaydada sənədləşdirildiyi halda, zay xammal istehsal prosesində iştirak etmədiyi və müəssisə tərəfindən təqdim edilmədiyi üçün həmin zay xammalın dəyəri vergitutma məqsədləri üçün vergi tutulan gəlirlərə və gəlirdən çıxılan xərclərə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

Mənbə: vergiler.az



Print Friendly, PDF & Email
error: Content is protected !!