“Praym” agentliyi Rusiya maliyyə nazirinin müavini Aleksey Sazanova istinadən yazır ki, varlılar üçün nəzərdə tutulan vergi bu il Rusiya dövlət büdcəsinə 130 -133 milyard rubl məbləğində əlavə gəlirlər gətirəcək.
Nazir müavininin sözlərinə görə, gəliri ildə beş milyon rubldan çox olan vətəndaşlar üçün artırılmış fərdi gəlir vergisi bu il keçən illə müqayisədə 50 milyard rubl çox gəlir gətirəcək. “Əgər 2021-ci ildə bu əlavə iki faiz dərəcəsindən təxminən 83 milyard rubl gəlir toplamışıqsa, 2022-ci ildə təxminən 130-133 milyard rubl olacaq və bu, artıq kifayət qədər dəqiq hesablamadır. Buna müvafiq olaraq biz əlavə artım da gözləyirik” – Sazanov belə söyləyib.
Bununla yanaşı, nazir müavini vurğulayıb ki, verginin artırılmasından sonra maaşların bir hissəsinin gizlədilməsi ehtimalı böyük olsa da, narahatlıqlar özünü doğrultmayıb. Gəlirlər, əksinə, Maliyyə Nazirliyinin bu il gözlədiyi gəlirləri 78,6 milyard rubl üstələyib. 2025-ci ilə qədər nazirlik zənginlərin vergisindən gəlirlərin 147,9 milyard rubla qədər artacağını proqnozlaşdırır.
Rusiyada 2001-ci ildən bəri sabit vergi şkalası qüvvədə idi. Onun ləğv edilməsi və imkanlı vətəndaşlar üçün fərdi gəlir vergisinin 2021-ci ilin yanvar ayından 15 faizə qədər artırılması ilə bağlı qərar 2020-ci ilin iyul ayında məlum olmuşdu. O vaxt Rusiya prezidenti Vladimir Putin koronavirus pandemiyasının qızğın çağında, birbaşa müraciəti zamanı bu qərarı açıqlamışdı. Dövlət başçısı onu da vurğulamışdı ki, varlılardan alınan vergidən alınan pullar nadir xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə sərf olunacaq. Eyni zamanda, prezident bu tədbirdən dövlət büdcəsinə əlavə gəlirləri ildə 60 milyard rubl həcmində qiymətləndirmişdi.
Müxalif parlament partiyalarından olan deputatlar dəfələrlə onun ləğvi ilə bağlı qanun layihələri təqdim etsələr də, həmin layihələr həmişə rədd edilib. 2020-ci ilin noyabrında Maliyyə Nazirliyi artıq gəlir üçün istisnanın birdəfəlik olacağına və sistemdə əlavə dəyişiklik nəzərdə tutulmadığına əmin etmişdi. Bir il sonra, 2021-ci ilin noyabrında Dövlət Dumasının maliyyə bazarı Komitə sədrinin zənginlər üçün vergilərin 35 faizə qaldırılması təklifi tənqid olunmuşdu.