Əvvəlki illərin zərərlərinin növbəti illərin mənfəəti ilə örtülməsinə dair vergi ödəyicilərində müəyyən suallar yaranır. Bu sullara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.
Vergi Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir.
Məsəllənin 121.2-ci maddəsində isə göstərilib ki, fiziki şəxsin – sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirindən çıxılmasına yol verilən xərclərinin belə ümumi gəlirdən artıq olan hissəsi digər gəlirlərdən çıxıla bilməz, lakin gələcək dövrlərdə sahibkarlıq fəaliyyətindən ümumi gəlir hesabına kompensasiya edilməsi üçün üç ilədək davam edən sonrakı dövrə keçirilə bilər.
Maddələrdən belə anlaşılır ki, hüquqi şəxs cari ildə fəaliyyətini zərərlə başa vurarsa, yaranmış zərər növbəti 5 ilə keçirilir və növbəti 5 ildə yaranacaq mənfəətlər hesabına kompensasiya edilir. Fiziki şəxs sahibkarlar üçün bu müddət 3 il müəyyənləşdirilib və ancaq sahibkarlıq fəaliyyətindən əldə edilmiş mənfəətə aiddir. Bu cür kompensasiyalar fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aid edilmir.
Vergi Məcəlləsinin başqa bir maddəsi isə 121-ci maddə üzrə kompensasiyaların tətbiqinə məhdudiyyətlər qoyur. Məcəllənin 148.0-cı maddəsinə əsasən, hüquqi şəxsin sahibliyi əvvəlki ilə nisbətən 50 və ya daha çox faiz dəyişdikdə, bu dəyişikliyin baş verdiyi vergi ilindən başlayaraq əvvəlki vergi ilindən zərərin, gəlirdən çıxılmaların, əvəzləşdirmələrin keçirilməsinə, aşağıdakı hallar istisna edilməklə, icazə verilmir:
- dəyişiklikdən sonrakı 3 il ərzində hüquqi şəxs həmin sahibkarlıq fəaliyyətini həyata keçirirsə və
- dəyişiklikdən sonrakı 1 il ərzində hüquqi şəxs yeni sahibkarlıq fəaliyyətinə başlamırsa.
Maddənin açıqlanması aşağıdakı kimi olacaq:
- 121-ci maddədə fiziki şəxslər üzrə göstərilən kompensasiyaların tətbiqində məhdudiyyətlər yoxdur: 148-ci maddə yalnız hüquqi şəxslərə aid edilir;
- hüquqi şəxsin təsisçilərində, səhmdarlarında, payçılarda dəyişiklik olduqda 148-ci maddədə qeyd edilmiş xüsusi hallar nəzərə alınmaqla 121-ci maddə üzrə hüquqi şəxslərin əvvəlki illərdə yaranmış zərərləri növbəti illərin mənfəətində nəzərə alınır;
- əlavə şərtlər nəzərə alınmaqla hüquqi şəxsin sahibliyi 50% və daha çox dəyişdikdə,121-ci maddə üzrə əvvəlki illərdə yaranmış zərərlər sonrakı illərdə yaranmış mənfəətlərlə kompensasiya edilmir;
- təsisçi dəyişiklikdən sonra həmin hüquqi şəxs ən azı 3 il ərzində həmin sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdır, əks halda zərərlər növbəti ilə keçməyəcəkdir;
- təsisçi dəyişikliyindən sonra hüquqi şəxs yeni sahibkarlıq fəaliyyətini 1 il ərzində həyata keçirmirsə, 121-ci maddə tədbiq ediləcəkdir. Əks halda zərərlər növbəti ilə keçirilməyəcəkdir.
Müəllif qonorarı ilə bağlı hansı vergi öhdəliyi yaranır?
Misal 1: “AA” MMC 2020-ci ildə fəaliyyətini 10.000 manat zərərlə başa vurub. 2021-ci ilin yanvar ayında şirkətdə təsisçi dəyişikliyi olub və yeni təsisçinin payı 45%, əvvəlki təsisçinin payı isə 55% olub. Bu halda Vergi Məcəlləsinin 121-ci maddəsi üzrə kompensasiya tətbiq edilirmi?
Göründüyü kimi, əvvəlki təsisçinin payı 100 faiz idi və təsisçi dəyişikliyindən sonra yeni təsisçinin payı 50%-dən aşağı olduğuna görə zərərin kompensasiyası tətbiq ediləcək.
Misal 2: “BB” MMC-də 2021-ci ilin fevral ayında təsisçi dəyişikliyi olub və yeni təsisçi müəssisənin paylarının 100%-ni alıb. Müəssisə 2021-ci ildə eyni faəliyyətini davam etdirib və heç bir yeni sahibkarlıq fəaliyyəti həyata keçirməyib.
Bu halda payların 50%-dən çoxu yeni təsisçiyə keçsə də, Məcəllənin 121-ci maddəsi üzrə güzəştlər tətbiq ediləcək. Çünki müəssisə dəyişiklikdən sonra növbəti 3 il ərzində eyni fəaliyyətlə məşğul olur, yeni sahibkarlıq fəaliyyətini həyata keçirmir.
Misal 3: 2-ci misaldakı əməliyyatlar olub, ancaq yeni təsisçinin qərarı ilə 2021-ci ildə müəssisə əvvəlki sahibkarlıq fəaliyyəti ilə yanaşı, yeni sahibkarlıq fəaliyyətini də həyata keçirməyə başlayıb. Bu halda şirkətə Vergi Məcəlləsinin 121-ci maddəsi üzrə kompensasiya güzəşti tətbiq edilməyəcək. Çünki müəssisə əhəmiyyətli təsisçi dəyişikliyindən sonra 1 il müddətində yeni sahibkarlıq fəaliyyətinə başlayıb.
Bəs Vergi Məcəlləsinin 148-ci maddəsinin tələblərinə görə, hüquqi şəxs hökmən əvvəlki sahibkarlıq fəaliyyətini dayandırıb, yeni sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdırmı?
Maddənin müdəalarında vergi ödəyicisinin zərərlə başa vurduğu sahibkarlıq fəaliyyəti və ya fəaliyyətlərinin dayandırılması haqqında heç bir tələb qoyulmayıb, əksinə bu fəaliyyətlərin 3 il müddətinə davam etdirilməsi göstərilib, həmçinin yeni sahibkarlıq fəaliyyətinin və ya fəaliyyətlərinin başlanması tələbi qoyulub.
Misal 4: Müəssisədə misal 3-də olan əməliyyatlar olub. Sadəcə, yeni fəaliyyətə 2021-ci ildə yox, 2022-ci ildə başlanılıb. Bu halda 121-ci maddə üzrə kompensasiya tətbiq edilirmi?
Bu cür əməliyyatlarda 121-ci maddə üzrə kompensasiya tətbiq edilir. Çünki MMC əvvəlki fəaliyyətini davam etdirir, yeni fəaliyyətə isə təsisçi dəyişikliyindən 1 il ərzində yox, 2-ci ildə başlayıb.
Misal 5: Müəssisə əhəmiyyətli (90 faiz sahibliklə) təsisçi dəyişikliyi edib, vergi ilini zərərlə başa vurub və növbəti 3 ildə həmin fəaliyyəti davam etdirib, 4-cü ildə isə köhnə fəaliyyətini tam dayandıraraq yeni fəaliyyətə başlayıb.
Bu halda müəssisə 3 ildən sonra (4-cü ildə) tam yeni sahibkarlıq fəaliyyətlə məşğul olmasına başmayaraq, müəssisəyə 121-ci maddədə nəzərdə tutulan kompensasiya güzəşti tətbiq ediləcək. Çünki xüsisi tələb müəssisəsin 3 il zərərlə işlədiyi fəaliyyətlə məşğul olmasına qoyulub, 3 ildən sonra isə bu xüsusi tələbin əhəmiyyəti qalmır.
Mənbə: vergiler.az
İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi zamanı hansı öhdəliklər yaranır?