2019-cu ilin iqtisadi göstəriciləri nə vəd edir?

posted in: iqtisadiyyat, Xəbər | 0
birbank biznes

2019-cu ilin iqtisadi göstəriciləriBeynəlxalq maliyyə institutları Azərbaycan iqtisadiyyatının 2019-cu və sonrakı illərdə iqtisadi vəziyyətinə dair yeni proqnozlarını açıqlayıb. Üç beynəlxalq maliyyə təşkilatı – Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Asiya İnkişaf Bankının ekspertlərinin açıqladığı hesabatlarda Azərbaycan iqtisadiyyatının gələn il və yaxınmüddətli dövrdə dayanıqlığını qoruyub saxlayacağı, qeyri-neft iqtisadiyyatının inkişafına dair nikbin proqnozlar öz əksini tapıb. Dünya Bankının «Kriptovalyutalar və blokçeyn texnologiyaları: Avropa və Mərkəzi Asiya regionu üzrə iqtisadi məruzə»sinin müəlliflərindən olan Hans Timmer bildirib ki, Azərbaycanda 2019-2020-ci illərdə ÜDM-in orta illik tempi 3% səviyyəsində proqnozlaşdırılır. Hesabata əsasən, 2019-cu ildə ÜDM-in artımı 2,8%, 2020-ci ildə – 3,6%, 2021-ci ildə – 3,7% təşkil edəcək.

Bax: Vergilər Naziri Vergi Məcəlləsinə təklif olunan dəyişiklikləri açıqladı

ÜDM-də qeyri-neft sektorunun payı artacaq

Hesabatda bildirilir ki, növbəti illərdə ölkədə iqtisadi artımın əsas mənbəyi qeyri-neft sektoru olacaq. Həmin sektorun payı ÜDM-də 60%-dən yüksək olacaq və növbəti illər üzrə artım qeydə alınacaq. Bu tendensiyaya investisiyaların həcminin artması da müsbət təsir göstərəcək. Növbəti illərdə inflyasiya 4 -6% civarında proqnozlaşdırılır. 2019-cu ildə tədiyyə balansının yaxşılaşacağı, 2020-ci ildə isə ixracın daha da artımı hesabına müsbət saldonun böyüyəcəyi vurğulanır.

Beynəlxalq Valyuta Fondunun «Qafqaz və Mərkəzi Asiya üzrə regional iqtisadi proqnoz» hesabatında bildirilir ki, 2018-ci ildə Azərbaycanda qeyri-neft sektoru üzrə artım 2,1%, 2019-cu ildə 2,8% təşkil edəcək. İqtisadi artıma qeyri-neft ixracının artması ilə yanaşı, TANAP qaz kəmərinin istifadəyə verilməsi də təsir göstərib. Hesabatın müəllifi Yoha Kayhonen hesab edir ki, neftin qiymətlərinin yüksək olması və dövlət investisiyalarının genişlənməsi Azərbaycanda iqtisadi artım tempinə müsbət təsir edir. Proqnozlara görə, orta illik inflyasiya bu il 3,5%, gələn il isə 3,3% təşkil edəcək.

Fondun hesablamalarına görə, 2019-cu ildə Azərbaycanda sərmayə cəlbediciliyi, həm yerli, həm də xarici investisiyaların qoyuluşu artacaq. Maliyyə bazarındakı vəziyyət tədiyyə balansını yaxşılaşdıracaq, təkcə Mərkəzi Bankın strateji valyuta ehtiyatları 1 milyard dollar artaraq 6,7 milyarda çatacaq və bu faktor manatın məzənnəsini xarici təsirlərdən qoruyacaq.

Bununla yanaşı, Beynəlxalq Valyuta Fondu Azərbaycana neft gəlirlərini konservativ şəkildə xərcləməyi və ya sərf etməyi, yəni gəlirlərin böyük hissəsini fiskal buferlərin yaradılması, borcların azaldılması və nəsillər arasında münasibətlərdə ədalətin dəstəklənməsi üçün qoruyub saxlamağı tövsiyə edib.

Bax: Sadələşdirilmiş vergiyə hansı dəyişikliklər olacaq?

Manatın sabitliyi üçün ciddi əsaslar var

Asiya İnkişaf Bankının hesabatında da Azərbaycanda 2019-2021-ci illərdə davamlı iqtisadi artımın olacağına dair göstəricilər əksini tapıb. Bankın mütəxəssisi Stiven Grokun fikrincə, Azərbaycanda makroiqtisadi sabitlik üçün möhkəm əsaslar var. Maliyyə sabitliyinin təmin olunmasında monetar siyasətin büdcə-vergi siyasəti ilə effektiv əlaqələndirilməsi, bütövlükdə isə iqtisadiyyatın, tədiyyə balansının və valyuta bazarının tarazlaşdırılması, üzən məzənnəyə tam və effektiv keçidə imkan verən kompleks təbdirlərin görülməsi mühüm rol oynayır. Bu siyasət 2019-cu ildə daha da güclənəcək, manatın sabitliyi təmin olunacaq. Bu baxımdan, maliyyə göstəriciləri ümumi iqtisadi vəziyyət üçün qənaətbəxşdir.

Bankın proqnozlarına görə, 2019-cu ildə respublikamızda qeyri-neft sektoruna qoyulan investisiyaların həcminin artması və biznes sektorunun bu sahədə daha inamla çalışması istehsalın yüksəlməsinə səbəb olacaq. Gələn il «Şahdəniz-2» yatağından qaz nəqlinin başlanması da ümumi iqtisadi artıma təsir göstərəcək və bu, Azərbaycanda ÜDM istehsalının artımının 3% səviyyəsinə çatmasına şərait yaradacaq.

Bax: Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam

Xarici investisiya qoyuluşları artacaq

İqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev bildirib ki, 2019-cu və sonrakı 3 il üzrə ortamüddətli dövr üçün ölkənin sosial-iqtisadi proqnoz göstəriciləri hazırlanarkən kompleks iqtisadi islahatların davam etdirilməsi, bank sektorunun inkişafı, valyuta bazarında gözləntilərin səmərəli idarə olunması, makroiqtisadi sabitliyə təhdid yaradan xarici iqtisadi şokların yaşanmaması şərtləri əsas götürülüb, növbəti ildə inflyasiyanın birrəqəmli olacağı proqnozlaşdırılıb. 2019-cu ildə ÜDM-in real artımı 3,6 faiz olmaqla 81,9 milyard manat, qeyri-neft ÜDM-in artımı 3,9 faiz olmaqla 50,5 milyard manat proqnozlaşdırılır.

Gələn il «Şahdəniz» yatağında neft və qaz hasilatının artması hesabına neft sektorunda 3,1 faiz, növbəti illərdə isə orta hesabla 3,2 faizə yaxın artımın əldə olunması gözlənilir. Növbəti illərdə əsas kapitala investisiya qoyuluşları 17,9 milyard manat, o cümlədən xarici investisiyaların 7,5 milyard manat, daxili investisiyaların isə 10,4 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Əsas kapitala investisiya qoyuluşları hesabına 2019-cu ildə tikinti sektorunda orta hesabla 2,5 faiz artım gözlənilir. Nazir müavininin sözlərinə görə, ölkə iqtisadiyyatının prioritet sahəsi olan qeyri-neft sektorunda artımın 2019-cu ildə 3,9 faiz, növbəti illərdə isə orta hesabla 3,5 faiz olması proqnozlaşdırılır. Gələn il ümumi investisiyaların həcmi 17,9 milyard manat, o cümlədən xarici sərmayələrin payının təxminən 42 faiz təşkil edəcəyi gözlənilir ki, bunun da 50 faizi qeyri-dövlət sektoruna yönəldiləcək.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email