ABŞ ticarət müharibəsinin səbəbkarı kimi ittiham edilir və ittiham edir

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ABŞG20 ölkələrinin Buenes-Ayres şəhərində keçirilmiş yığıncağında Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer ABŞ-la Avropa arasında ticarət müharibəsinin başlandığını bildirmişdir: «Ən böyük iqtisadiyyata malik iyirmi dövlətin hamısında başa düşürlər ki, ticarət müharibəsi reallıqdır və burada dünya iqtisadiyyatının artımı üçün risk mövcuddur». Nazir qeyd etmişdir ki,  indiki şəraitdə dialoq üçün ilk addımı ABŞ atmalıdır, bunsuz Avropa komissiyasının öz təkliflərini formalaşdırması mümkün deyildir.

Bruno Le Merin sözlərinə görə, Avropa mallarına ABŞ tərəfindən yeni rüsumların tətbiq ediləcəyi təqdirdə Avropanın cavab tədbirləri görməkdən başqa çarəsi qalmayacaq. Vaşinqton alüminium və polad üçün tətbiq etdiyi idxal rüsumundan imtina etmədiyi müddətcə Avropa İttifaqı ABŞ ilə azad ticarət haqqında danışıqları müzakirə etməyəcək. Xatırlatmaq yerinə düşər ki, bundan bir qədər əvvəl ABŞ Prezidenti Avropa İttifaqından idxal edilən avtomobillər üçün irimiqyaslı rüsumlar tətbiq olunacağını bəyan etmişdi.

Həmçinin bax: Böyük Britaniyanın Aİ-nin ƏDV zonasını tərk etməsi təsdiqlənib

Qeyd edək ki, ABŞ-ın yaratdığı ticarət gərginliyi Avropa ilə məhdudlaşmır və əks ittihamlarla da qarşılaşmaq mümkündür. Mərkəzi Kəşfiyyat İdarəsinin Asiya regionu üzrə eksperti Maykl Kollinz öz açıqlamasında Çin Xalq Respublikasını ABŞ-a qarşı soyuq müharibə aparmaqda günahlandırmışdır. Onun rəyinə əsasən, Pekinin niyyəti ABŞ-ı «aparıcı dünya dövləti mövqeyindən» salmaqdır. Ekspert qeyd etmişdir ki, Çinin hakim dairələri ABŞ-la açıq qarşıdurmaya girişmək fikrində olmasalar da, ölkənin dünyadakı nüfuzunu aşağı salmağa çalışırlar. «Onların bizə qarşı əməlləri, öz mahiyyətinə görə, soyuq müharibədir, lakin bu bizə tanış olan soyuq müharibə deyildir».

İyunda ABŞ Prezidenti Donald Tramp dəyəri 50 milyard dollar olan Çin mallarına 25 faizlik rüsum tətbiq edilməsi ilə bağlı qərar vermişdi. Buna cavab olaraq Çin də ABŞ-dan gələn 659 adda məhsula 25 faizlik rüsum tətbiq etdi. Qarşılıqlı şəkildə artırılmış gömrük rüsumları iyulun 6-dan qüvvəyə mindi.

İyulun 11-də isə məlumat yayıldı ki, rəsmi Vaşinqton Çinlə ticarət müharibəsinin yeni mərhələsinə hazırlaşır və bu dəfə 200 milyard dollar dəyərində Çin mallarına görə əlavə rüsumlar tutulacaq. Bu məsələnin araşdırılması üçün Çin hökuməti Ümudünya Ticarət Təşkilatına müraciət etmişdir.

ABŞ-ın rəsmi statistikasına əsasən, 2017-ci ildə ABŞ-a idxal edilən Çin mallarının dəyəri 505,5 milyard dollar təşkil etmişdir, Çinə göndərilən Amerika mallarının dəyəri isə bundan dəfələrlə az – cəmi 129,9 milyard dollardır.

Mənbə: vergiler.az


Print Friendly, PDF & Email