Qanunvericiliyin tələbinə görə məcburi audit yoxlamalarından keçməli olan subyektlərin çoxu bundan yan keçir. Auditorlar Palatasının açıqladığı son statistikaya əsasən, 2024-cü ildə respublika üzrə müəyyən edilmiş 5.432 məcburi audit subyektindən yalnız 2.256-sı və ya 41,5%-i maliyyə hesabatlarını müstəqil auditdən keçirib. Onların sırasında yer alan 403 səhmdar cəmiyyətindən cəmi 62-si (15,4 %), 3.368 MMC-dən 1.384-ü (41,1 %), 135 publik hüquqi şəxsdən isə yalnız 48-i (35,6 %) bu tələbi yerinə yetirib. Rəqəmlər də auditə və qanunvericiliyin tələblərinə münasibətin ürəkaçan olmadığını göstərir. Məcburi auditdə iştirak edən auditorların məlumatlarına görə, sahibkarların, müəssisələrin çoxu hələ də cərimə ödəyərək auditdən yan keçməyə üstünlük verirlər. Bu isə ağır nəticələrə səbəb ola bilər.
Bakı Hesabat Mərkəzinin direktoru, auditor Mehdi Babayev bu məqamlara toxunub, eyni zamanda audit yoxlamaları zamanı üzə çıxan problemləri sadalayıb. Onun sözlərinə görə, maliyyə uçotu və hesabatları ilə bağlı problemlər daha çox kiçik və orta sahibkarlıq subyektlərində müşahidə edilir. Onların əksəriyyəti maliyyə hesabatlarını ya hazırlamır, ya da tam hazırlamırlar. Bəzi hallarda isə yanlış olaraq hesab edirlər ki, hesabatı auditor etməlidir.
“Auditor xidməti haqqında” Qanunun 2-ci maddəsinə əsasən, audit – əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Qanuna görə, öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunvericiliklə bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsində nəzərdə tutulur ki, məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda, audit həmin yoxlamanı tələb edən iştirakçının hesabına həyata keçirilir. Mülki Məcəllənin 107.6-cı maddəsində isə göstərilib ki, bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədlərin dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditor cəlb etməyə borcludur. Nizamnamə kapitalında məcmu payı on faiz və ya daha çox olan səhmdarların tələbi ilə səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışı vaxtaşırı keçirilməlidir. Auditor yoxlanışının keçirilməsi qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.
Bu tələblərin bir çox hallarda pozulduğunu deyən M.Babayev müəssisələrin bir qismində uçot siyasətinin olmamasını, inventarizasiyaların, debitor və kreditor borcları üzrə üzləşdirmələrin aparılmadığını vurğulayıb: “Əsas vəsaitlərin kateqoriyalar üzrə təsnifatının düzgün aparılmamasına tez-tez rast gəlinir. Müşahidələr göstərir ki, məcburi auditə cəlb olunan müəssisələrdə amortizasiya siyasəti yoxdur, yalnız vergi məqsədli amortizasiya tətbiq olunur. Mənfəət vergisi bəyannaməsinin 1№-li Əlavəsi düzgün tərtib edilmir. Sənəd dövriyyələrinin təsdiqlənməməsi də əsas nüanslardan biridir. Yoxlama zamanı daxili yerdəyişmə sənədlərində maddi məsul şəxslərin imzalarının olmaması da müşahidə olunur. Giriş təlimatı, maddi məsuliyyət haqqında müqavilələr, təhlükəsizlik, əmək intizamı barədə sənədlər, yəni daxili qaydalar mövcud deyil. Bu da auditorun işini çətinləşdirir”.
Binalar üzrə yenidən qiymətləndirməyə ehtiyac olduğunu deyən mütəxəssis əmlakların ədalətli dəyərlə təqdimatının zəif aparıldığını bildirib, digər mühüm nüansın isə bank kartları ilə bağlı olduğunu vurğulayıb: “Demək olar ki, fərdi sahibkarların və ya müəssisə rəhbərlərinin əksəriyyəti biznesə məxsus korporativ kartlardan sahibkarlıq məqsədləri üçün istifadə etmək istəyirlər. Bu da sonda mənfi nəticələrə gətirib çıxara bilir. Əslində, biznes kartlarına bəzi vacib məqamlarda zərurət yaranır. Məsələn, ezamiyyətə gedən işçiyə ezamiyyə xərclərini yerində ödəmək, gömrük orqanlarında yerində gömrük haqlarını ödəmək, vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alışların əvəzinin yerində ödənilməsi, korporativ bayram, şənlik tədbirlərinin haqqının ödənilməsi, işçilərə, yubilyarlara hədiyyələrin alınması və digər asan ödəniş məqsədləri ilə korporativ kartlardan istifadə edilir. Eyni zamanda, sahibkarın biznes məqsədləri üçün lazım olan malın, işin və ya xidmətin dəyərini yerində ödəmək zərurəti yaranarsa, yəni o faydanı əldən buraxmamaq üçün anında ödəmək məqsədi daşıyırsa, bu zaman kartın əhəmiyyəti mütləqdir. Çünki yerində ödəniş edilməzsə, alış baş tutmaya bilər və fayda da əldən çıxar. Lakin reallıqda görürük ki, biznes kartlarından daha çox fərdi-şəxsi məqsədlər üçün istifadə olunur. Yoxlama zamanı isə həmin kartlardan nağdlaşdırmalar üzrə məxaric sənədləri təqdim olunmur”.
M.Babayev audit zamanı üzə çıxan problemlər sırasında xidmət müqavilələri ilə bağlı alt sənədlərin olmaması və ya sadə məzmunlu aktların olmasını, mənfəət və zərərlər haqqında hesabatda xərclərin funksional təsnifatının düzgün aparılmamasını, ümidsiz debitor borclar və iddia müddəti ötmüş kreditor borcların müəyyən edilməməsini, yanacaq silinmələri cədvəllərinin tərtib olunmamasını, eləcə də yol vərəqələri və əmtəə nəqliyyat qaimələrinin tam işlənmədiyini bildirib: “Bəzi sahibkarlıq subyektləri yanlış olaraq hesab edirlər ki, maliyyə hesabatlarını təqdim etməli olduqları tərəf qanunla nəzərdə tutulmayıb. Buna görə də hesabatı ya hazırlamırlar, ya da açıqlamaqda çətinlik çəkirlər. Halbuki “Mühasibat uçotu haqqında” Qanun və digər qanunvericilik aktlarında bununla bağlı tələblər mövcuddur”.
Qeyd edək ki, qanunvericiliklə həm də auditdən yayınma halına görə cərimələr mövcuddur. İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə uyğun olaraq, “Auditor xidməti haqqında” Qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməli məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər isə 1.500 manatdan 2.500 manatadək məbləğdə cərimə edilirlər. Lakin təcrübə göstərir ki, bəzi subyektlər bu cərimələri ödəməklə öhdəliklərindən yayınmağa davam edirlər. Bu da qeyri-şəffaf fəaliyyətin, vergidən yayınmaların və çirkli pulların yuyulması risklərinin artmasına səbəb olur.
Mənbə: vergiler.az

