Bank fəaliyyəti və vergi qanunvericiliyi

posted in: bank, Vergi, Xəbər | 0

Bank fəaliyyəti2017-ci il  yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsində dəyişikliklər həm vətəndaşların, həm bank sektorunun, həm də ümumilikdə ölkə iqtisadiyyatının inkişafında önəmli rol oynayır.

Vergi Məcəlləsinin 125.1-1. maddəsinə görə, Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən bank həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur. Mövcud qanunvericiliyə əsasən, elektron pul kisəsi vasitəsilə ölkədən valyutanın çıxışına vergi tətbiq edilir.

Aydın Kərimovla mühasibat uçotu kursu

Mövzu ilə bağlı müraciətimizi «Respublika Bank»ın departament direktoru Tural Səlimov belə cavablandırıb: «Məsələn, hər hansı şəxs xaricdə yerləşən elektron pul kisəsinə (tutaq ki, skrill.com ünvanında) ödəniş kartı, yaxud pul köçürməsi yolu ilə vəsait mədaxil edərsə, bu halda həmin şəxsdən əməliyyatın 10 faizi məbləğində vergi tutulacaqdır. Verginin tutulmasına məsul olan banklar əməliyyatın elektron pul kisəsinə köçürülən vəsait olduğunu həmin əməliyyatın koduna əsasən müəyyən edir və müvafiq verginin tutulmasını təmin edirlər».

Vergi Məcəlləsinin 220.12-ci maddəsində bildirilir ki, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. Mütəxəssisin fikrincə, bu maddə nağdsız dövriyyənin stimullaşdırılmasına xidmət etsə də,  bəzən 1 faizlik vergidən yayınmaq üçün  sahibkarlar daha çox nağd dövriyyəyə üstünlük verirlər.

Vergi Məcəlləsinin 169.1 və 169.3 maddələri elektron ticarət qaydalarını əks etdirir. T.Səlimov bildirib ki, bu qaydalarda  işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarış və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçota durmayan şəxs olduqda, ödənişi aparan bank tərəfindən hesablanan 18% ƏDV büdcəyə alıcının vəsaiti hesabına ödənilir: «Başqa sözlə desək, vergi uçotunda olmayan şəxs hər hansı xarici saytdan müəyyən bir xidmət aldıqda (otel və aviabilet istisna edilməklə, lotereya bileti, mərc oyunlarına bilet və s.) ƏDV ödəməlidir. Bu zaman ƏDV-nin məbləği banklar tərəfindən avtomatik tutulmalı və vergi şəklində dövlət büdcəsinə köçürülməlidir. Burada məqsəd ölkədən valyuta axınının məhdudlaşdırılması, xaricdən əldə edilən xidmətlərlə müqayisədə yerli xidmətlərə üstünlük verilməsi, onların inkişafı üçün stimul yaradılmasıdır».

Bax: Elektron ticarət zamanı bank tərəfindən tutulan ƏDV-ni əvəzləşdirmək mümkündür?

Vergi Məcəlləsinin 150.1 və 150.1.11-ci maddələrinə əsasən, lotereyaların keçirilməsindən, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) rezident hüquqi şəxs və fərdi sahibkarlar tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə, bu gəliri əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin şəxsdən ödəmə mənbəyindən vergi tutmağa borcludur. Bu maddə bankları vergitutma prosesinə cəlb etdiyi üçün vergidən yayınmanın qarşısı alınır və gəlirlər vergiyə cəlb edilir.

T.Səlimov diqqəti Vergi Məcəlləsinin 102-ci maddəsində gəlir vergisindən azadolmalar və güzəştlər müəyyən edildiyinə yönəldərək deyib: «102.1.22-ci maddəyə görə 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilib. Bu o deməkdir ki, fiziki şəxslər Azərbaycan Respublikasında yerləşən banklara əmanət yerləşdirdikdə və bu əmanətlərdən gəlir əldə etdikdə, yaxud buna bənzər əməliyyatlar qiymətli kağızlar üzrə həyata keçirildikdə həmin şəxslərdən gəlir vergisi tutulmur. Bu maddə bank sektoruna vəsaitlərin cəlb edilməsində xüsusi önəm daşıyır. Bank sektorunun inkişafı isə, təbii ki, ümumilikdə ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərir».

Bax: Əmək Məcəlləsi ilə bağlı Fərmanda kiçik dəyişiklik edilib

Qeyd olunub ki, vergi qanunvericiliyinə edilən bütün təkmilləşdirmələr ölkə iqtisadiyyatının daha da güclənməsini, bank sektorunun bu prosesə daha yaxından cəlb edilməsini təmin edir: «İlk dövrlərdə qeyri-nağd dövriyyəyə uyğunlaşmamış sahibkarlıq subyektlərinin və fiziki şəxslərin bu prosesə cəlb edilməsində çətinliklərin olması anlaşılandır. Lakin zaman keçdikcə, bu proseslərdə müəyyən boşluqlar aradan qaldırılacaq, aparılan islahatların təsiri həm fiziki şəxslər, həm sahibkarlıq subyektləri, həm də banklar, ümumilikdə isə ölkə iqtisadiyyatı üçün daha aydın hiss ediləcək».

Mənbə: vergiler.az

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *