223 saylı “Bank hesablaşma hesabları”: xaricolmalar

posted in: Xəbər | 0

Bank hesablaşma hesabı nədir?

Bank hesablaşma hesabları hüquqi yaxud sahibkarlıqla məşğul olan fiziki şəxslər tərəfindən bankda açılır və nağdsız əməliyyatların aparılması üçün istifadə olunur. Bank hesabları üzrə aşağıdakı əməliyyatlar aparıla bilər:

  • vergilərin, sosial sığorta haqlarının, cərimə və maliyyə sanksiyalarının ödənilməsi;
  • icarə haqqı ödənişləri, ofis avadanlıqlarının ödənilməsi;
  • işçilərə əməkhaqqının verilməsi;
  • kontragentlərlə hesablaşmalar və sair.

Mühasibat uçotu subyektlərinin bütün biznes maliyyə axınları bank hesablaşma hesabından keçir. Ona müxtəlif bank xidmətlərini qoşmaq olar, məsələn;

  • əməkhaqqı layihəsi – işçilərin əməkhaqqının bank kartları vasitəsi ilə ödənişi, yaxud;
  • hesabın biznes-kart qusulması – sahibkar istənilən vaxt və istənilən yerdə hesabdakı pulla ödəniş edə bilir.

Bank hesablaşma hesabları üzrə uçotun əsasları

Mühasibat uçotu subyektlərində bank hesabları üzrə əməliyyatların uçotu 223 saylı “Bank hesablaşma hesabları” adlı aktiv hesabda aparılır. Hesab hüquqi və sahibkarlıqla məşğul olan fiziki şəxslərin kredit təşkilatlarında açılmış hesablaşma hesablarında pul vəsaitlərinin mövcudluğu və hərəkəti haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulub. Pul vəsaitlərinin daxil olması hesabın debeti, məxarici isə krediti üzrə aparılır.

Pul vəsaitləri üzrə uçot hesablarının açılması, həmin hesablarda mühasibat yazılışları 7 saylı “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat” adlı MUBS-un (IAS7) tələblərinə cavab verməlidir. Pul vəsaitlərinə kassada olan nağd pul və tələbli bank hesablarında olan vəsaitlər daxildir.

Mühasibat xidmətləri

Azərbaycan Respublikasının qanunvericiliyinə görə mühasibat uçotu subyektlərində hesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” əsasında  tənzimlənir. Bu hesab mühasibat uçotunun hesablar planının  22 saylı “Pul vəsaitləri və onların ekvivalentləri maddəsi üzrə açılan hesabdan biridir. Hesablar Planının 22-ci maddəsi üzrə açılan hesablar, habelə  223 saylı “Bank hesablaşma hesabları” üzrə tənzimləmələr, hesaba daxilolmaların mühasibat yazılışları barədə buradan oxumaq olar.

Aşağıda pul vəsaitlərinin bank hesablaşma hesabından məxarici zamanı müxabirləşmə nümunələri verilib.

223 saylı “Bank hesablaşma hesabı” üzrə məxariclə bağlı nümunələr  

Nümunə 1: Bank hesablaşma hesabından kassaya mədaxili

“A” MMC kassa hesabının möhkəmləndirilməsi məqsədilə bankdakı hesablaşma hesabından 30000 manatlıq vəsaiti müəssisənin kassasına köçürmüşdür.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Bank hesablaşma hesabından kassaya pul mədaxil olunduqda 221 – Kassa 223 – Bank hesablaşma hesabları 30000.00

Nümunə 2:  Kreditor borcların bank hesabı vasitəsi ilə ödənişi

“A” MMC iyun ayında “B” MMC-dən 10500 manatlıq mal almışdır. Borcun 40%-i ödənildi. Qalan hissəsi növbəti aylarda ödəniləcək.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Malların alışı həyata keçirildikdə 205 – Mallar 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 10500.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 1890.00
3 Borcun 40%-i ödənildildə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 4200.00
4 Satılmış malların əsas məbləği bank hesabına daxil olduqda 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 226 – ƏDV-nin Depozit hesabı 756.00

Nümunə 3: Bank kreditinin ödənişi

“A” MMC istehsal prosesini fasiləsiz şəkildə davam etdirmək üçün pul vəsaitlərinin yetərsiz olduğu qənaətinə gəlmişdir. Bankdan 80000 manatlıq kredit götürməklə pul problem həll olunmuşdur. İllik faiz dərəcəsi 17%. Kredit borcu 12 ay ərzində ödənilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Bankdan kredit götürüldükdə 223 – Bank hesablaşma hesabları 501 – Qısamüddətli bank kreditləri 80000.00
2 İllik faiz xərcləri hesablandıqda 242 – Gələcək hesabat dövrünün xərcləri 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 13600.00
3 İllik faiz xərcləri ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 13600.00

Hesabat dövrünün sonunda gələcək hesabat dövrünün xərcləri maliyyə xərclərinə bağlanır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Faiz xərcləri maliyyə xərclərinə bağlandıqda 751 – Maliyyə xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 13600.00
2 Bank kreditinin əsas məbləği ödənildikdə 501 – Qısamüddətli bank kreditləri 223 – Bank hesablaşma hesabları 80000.00

Nümunə 4: Bank hesablaşma hesabına avans məbləğlərin köçürülməsi

“A” MMC istehsal prosesini fasiləsiz şəkildə davam etdirmək üçün pul vəsaitlərinin yetərsiz olduğu qənaətinə gəlmişdir. Məsələni həll etmək üçün daimi müştərisi olan “B” MMC-dən malları təqdim edənədək həmin malların ödənişinin bir qismini avans formasında almışdır. Avans məbləği 20000 manatdır. Avansı ödəyən  “B” MMC-nin uçotuna baxaq.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Verilmiş avans məbləği bank hesablaşma hesabından xaric olduqda 243 – Verilmiş qısamüddətli avanslar 223 – Bank hesablaşma hesabları 20000.00

Nümunə 5: Mənfi məzənnə fərqi yarandıqda    

“A” MMC 25 may tarixində 2500 dollar alaraq bankdakı hesablaşma hesabına mədaxil etmişdir. Mədaxil olunan pul bankdakı dollar hesabında saxlanılır. 14 iyun tarixində dolların 900 manatlıq hissəsi satılır.

Alış tarixinə  1 $ = 1.70 ₼

Satış tarixinə 1 $ = 1.68 ₼

Alış tarixinə 2500 dolları manatla ifadə edərək uçota almaq lazımdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Alış tarixində dollar manatla uçota alındıqda 223-2 – Bank hesablaşma hesabları 223-1 – Bank hesablaşma hesabları 4250.00

Görürük ki, dolların məzənnəsi aşağı düşüb. Bu o deməkdir ki, alış tarixinə olan məbləğlə satış tarixinə olan məbləğ arasındakı fərq qədər zərər əldə edib.

1 $ = 1.70 ₼  →  900 × 1.70 = 1530

1 $ = 1.72 ₼  →  900 × 1.68 = 1512

Mənfi məzənnə fərqi  →  1530 – 1512 = 18

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Dollar satış tarixinə olan məzənnə ilə uçota alındıqda 223-1 – Bank hesablaşma hesabları 223-2 – Bank hesablaşma hesabları 1512.00
2 Satış tarixinə məzənnə fərqindən gəlir nəzərə alındıqda 731 – Sair əməliyyat xərcləri 223-2 – Bank hesablaşma hesabları 18.00

Nümunə 6: Təhtəlhesab şəxslərə bank hesablaşma hesabları vasitəsi ilə ödənişlər   

“A” MMC öz işçisini xidməti tapşırığı yerinə yetirməsi üçün ezamiyyətə göndərməyi qərara almışdır. Hesablanmış 250 manat məbləğ işçinin kart hesabına köçürülmüşdür.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Təhtəlhesab şəxsə ezamiyyə ödənişi edildikdə 244 – Təhtəlhesab məbləğlər 223 – Bank hesablaşma hesabları 250.00

Nümunə 7: Dividendlərin bank hesabından ödənişi    

“A” MMC-nin təsisçiləri hesabat ilinin sonunda Dividend götürülməsi ilə bağlı qərar qəbul etmişdir. Qərara əsasən təsisçilərə 26000 manat Dividend ödənilib.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Dividend elan edildikdə 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 344 – Elan edilmiş dividendlər 26000.00
2 Elan edilmiş dividend üzrə təsisçilər qarşısında kreditor borcu yarandıqda 344 – Elan edilmiş dividendlər 534 – Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları 26000.00
3 Dividend ödənildikdə 534 – Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları 223 – Bank hesablaşma hesabları 26000.00

Nümunə 8:  İcarə haqlarının ödənişi

“A” MMC malları saxlamaq məqsədilə fiziki şəxsdən anbar icarəyə götürmüşdür. Aylıq icarə haqqı 500 manat olaraq razılaşdırılmışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İcarə məbləği hesablandıqda və xərcə aid edildikdə 721 – İnzibati xərclər 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 500.00
2 Ödəmə mənbəyində vergi hesablandıqda (14%) 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 521 – Vergi öhdəlikləri 70.00
3 İcarə məbləği ödənildikdə 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 430.00
4 Bankdan vergi öhdəliyi ödənildikdə 521 – Vergi öhdəlikləri 223 – Bank hesablaşma hesabları 70.00

Bank hesablaşma hesabı ilə bağlı daha ətraflı məlumat almaq üçün  buraya keçid  ala bilərsiniz.

Mühasibatlıqda uçot hesabları: maliyyə əməliyyatlarının qeydiyyatı