Başqa işə keçirmə
İşəgötürən işçini başqa struktur bölməyə və ya başqa vəzifəyə keçirmək hüququna malikdir və buna yalnız işçinin razılığı ilə, həmçinin yeni əmək müqaviləsi bağlamaqla yol verilir (AR Əmək Məcəlləsi maddə 59). Proses işçinin başqa işə keçirilmə əmri ilə rəsmiləşdirilməlidir.
Başqa işə keçirmə həm işçinin, həm də işəgötürənin təşəbbüsü ilə həyata keçirilə bilər və bu, yalnız hər iki tərəfin qarşılıqlı razılığı olduqda mümkündür. Əgər işin dəyişilməsi işəgötürənin təşəbbüsü ilə baş verərsə, işçiyə bu barədə məlumat verilir və onun yazılı razılığı alınır.
İşçinin yazılı ərizəsi və ya yazılı razılığı əsasında işçinin başqa işə keçirmə əmri verilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir və yaxud da yeni əmək müqaviləsi tərtib olunur. Müqavilə iki nüsxədə hazırlanır, onlardan biri təşkilatda qalır, digəri isə işçiyə verilir.
Bəzi hallarda işçi, onun razılığı olmadan istehsalat zəruriyyəti ilə əlaqədar bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçiyə görülən işin müqabilində, lakin əvvəlki orta əməkhaqqından az olmamaq şərtilə əməkhaqqı ödənilməlidir.
İşçinin ərizəsi
Əgər işçi öz təşəbbüsü ilə başqa vəzifəyə keçmək istəyirsə, o, müəssisə rəhbərinin adına ərizə yazmalıdır. Ərizənin doldurulması üçün vahid qayda yoxdur və o, istənilən formada tərtib edilir. Ərizədə məzmun hissədə işçinin başqa vəzifəyə keçmə sorğusu, onun əsl səbəbinin göstərilməsi vacibdir. Əgər işçinin səhhəti ilə əlaqədar vəzifəsinin dəyişdirilməsi zərurəti yaranarsa, ərizəyə təsdiqedici sənədlər əlavə edilməlidir (əmək qabiliyyətinin itirilməsi barədə arayış). Ərizədə:
- ərizənin ünvanlandığı şəxs (müəssisə rəhbərinin tam adı və vəzifəsi);
- ərizəni yazan şəxs (işçinin tam adı və vəzifəsi);
- başqa vəzifəyə keçirilmək üçün birbaşa müraciət (işçinin razılığını ifadə edən mətn);
- əvvəlki və yeni iş yeri;
- işçinin tam adı və imzası;
- ərizənin tarixi qeyd edilir.
Başqa işə keçirmə üçün ərizə formasına nümunəni yüklə
Başqa işə keçmə əmri
İşçinin ərizəsi (razılığı) alındıqdan sonra onun başqa işə keçirilməsi əmrlə rəsmiləşdirilir.
Əmrdə aşağıdakı məlumatlar qeyd olunur:
- təşkilatın adı;
- əmrin nömrəsi və onun hazırlanma tarixi;
- işçinin adı, atasının adı və soyadı;
- işlədiyi struktur bölmə, habelə tutduğu vəzifə;
- başqa vəzifəyə keçirilmə növü – müvəqqəti və ya daimi;
- başqa işə keçirilmə səbəbi;
- yeni iş yeri və müddəti;
- işçinin işə başlama tarixi;
- müəssisə rəhbərinin imzası;
- işçinin imzası.
Əmr müəssisə rəhbərinin imzası ilə təsdiqlənir. İşçi əmrlə tanış olmalı və öz razılığını bildirməlidir.

