Faktorinq xidmətləri göstərilən zaman ƏDV-nin hesablanması və əvəzləşdirilməsində yaranan fərqlər

posted in: Xəbər | 0

Mövzunu vergi eksperti Azər Qənbərov şərh edir.

Məlum olduğu kimi, hazırkı dövrdə biznesin artması, investisiya qoyuluşu və iqtisadiyyatın davamlı olaraq müsbət istiqamətdə inkişafı üçün sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin sərbəst pul vəsaitinə ehtiyacı yaranır. Belə ki, debitorların vaxtında ödənilməməsi vergi ödəyicisinin qarşısında kreditor borcların ödənilməsində də problemlər yaradır. Bu isə əlavə maliyyə itkilərinə, eləcə də biznesin davamlılığının azalmasına və vergi ödəyicisinin imicinin zəifləməsinə səbəb olur.

Bu səbəbdən, əksər sahibkarlar pul vəsaitlərinin likvidliyini saxlamaq üçün faktorinq xidmətlərindən istifadə edirlər. Belə olduğu təqdirdə, pul vəsaitinin faktor (tələb hüququ güzəşt edilən şəxs) tərəfindən satıcıya və alıcı tərəfindən faktora ödənildiyi zaman ƏDV-nin necə hesablanması və nə zaman əvəzləşdirilməsi məsələsi aktuallaşır.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.14-cü maddəsinə əsasən, alınmış mallarla (işlərlə, xidmətlərlə) bağlı yaranmış borclar üzrə faktorinq (tələbin güzəşti) əməliyyatları çərçivəsində əməliyyatın dəyəri faktorun bank hesabına, ƏDV məbləği isə satıcının ƏDV depozit hesabına keçirildikdə ödənilmiş ƏDV məbləği əvəzləşdirilir. Həmin Məcəllənin 166.1.1-ci və 166.1.6-cı maddələrinə görə, ƏDV üçün vergi tutulan əməliyyatın vaxtı, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla, digər fəaliyyət növləri üzrə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt, tələb hüququ güzəşt edildikdə isə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt hesab edilir.

Göründüyü kimi, ƏDV-nin hesablanması və əvəzləşdirilməsi müxtəlif vaxtlarda həyata keçirilməli olur. Qeyd edilən hallara nümunə üzərindən baxaq:

Misal 1

A MMC rezident ƏDV ödəyicisidir və 2025-ci ilin yanvar ayında B MMC-yə 300.000 manat dəyərində mal satıb. 2025-ci ilin aprel ayında B MMC maliyyə çətinliyi ucbatından borcunu ödəyə bilmədiyindən faktorinq xidməti göstərən digər müəssisə ilə müqavilə bağlayır və faktor satıcıya həmin məbləği ödəyir. Lakin B MMC həmin məbləği bağlanmış müqaviləyə əsasən 2 ay sonra, yəni iyun ayında komissiya haqqı ödəməklə faktora ödəyir və bu zaman da 54.000 manat ƏDV məbləği 1 iş günü müddətində B MMC tərəfindən satıcının depozit hesabına ödənilməlidir. Belə olduğu təqdirdə, A MMC 54.000 manat ƏDV-ni büdcəyə tələb hüququ güzəşt edilən hesabat ayında, yəni aprel ayında hesablayacaq. B MMC isə ƏDV-ni iyun ayında satıcının depozit hesabına, əsas məbləği isə faktora iyun ayında ödədiyindən əvəzləşməni də iyun ayında aparacaq.

Misal 2

A MMC rezident ƏDV ödəyicisidir və 2025-ci ilin fevral ayında B MMC-yə 300.000 manat dəyərində mal satıb. 2025-ci ilin mart ayında B MMC maliyyə çətinliyi ucbatından borcunu ödəyə bilmədiyindən faktorinq xidməti göstərən digər müəssisə ilə müqavilə bağlayır və faktor satıcı ilə məbləğin may ayında ödəniləcəyi ilə bağlı razılığa gəlir. Lakin B MMC həmin məbləği bağlanmış müqaviləyə əsasən 2 ay sonra, yəni iyul ayında komissiya haqqı ödəməklə faktora ödəyir. Bu zaman da 54.000 manat ƏDV məbləği 1 iş günü müddətində B MMC tərəfindən satıcının depozit hesabına ödənilməlidir. Belə olduğu təqdirdə A MMC 54.000 manat ƏDV-ni büdcəyə tələb hüququ güzəşt edilən hesabat ayında, yəni mart ayında hesablayacaq. B MMC isə ƏDV-ni iyul ayında satıcının depozit hesabına, əsas məbləği isə faktora iyul ayında ödədiyindən əvəzləşməni də iyul ayında aparacaq.

Misal 3:

A MMC rezident ƏDV ödəyicisidir və 2025-ci ilin yanvar ayında B MMC-yə 400.000 manat dəyərində xidmət göstərib. 2025-ci ilin aprel ayında B MMC maliyyə çətinliyi ucbatından borcunu ödəyə bilmədiyindən faktorinq xidməti göstərən digər müəssisə ilə müqavilə bağlayır və faktor satıcıya həmin məbləği ödəyir. B MMC isə 72.000 manat ƏDV-ni satıcının hesabına ödəyir. Lakin B MMC xidmətin dəyərini bağlanmış müqaviləyə əsasən 4 ay sonra, yəni avqust ayında komissiya haqqı ödəməklə faktora ödəyir. Belə olduğu təqdirdə A MMC 72.000 manat ƏDV-ni büdcəyə tələb hüququ güzəşt edilən hesabat ayında, yəni aprel ayında hesablayacaq. B MMC isə ƏDV-ni aprel ayında satıcının depozit hesabına ödəməsinə baxmayaraq əsas məbləği faktora avqust ayında ödədiyindən əvəzləşməni də avqust ayında aparacaq.

Qeyd edilən əməliyyatlar zamanı ƏDV tutulan əməliyyatların və əvəzləşmələrin vaxtının düzgün müəyyən edilməməsi vergi ödəyicisi üçün əlavə maliyyə sanksiyalarının hesablanmasına səbəb ola bilər. Bu səbəbdən də faktorinq əməliyyatları zamanı təqdim edilən mallara (işlərə, xidətlərə) görə ödənişlər aparılarkən qanunvericiliyin tələblərinə düzgün riayət olunmalıdır.

Mənbə: vergiler.az

Azərbaycanda sadələşdirilmiş vergi limiti artırılacaq

Hesablama Palatasının sədr müavini: “Gələn ildən vergi elastikliyi artacaq”

posted in: Xəbər | 0

2026-cı ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə bəzi mənbələrdən proqnozlaşdırılan gəlirlərin reallaşdırılmasında ciddi risklər yaranmayacaq, bəzi mənbələr üzrə vergi elastikliyi artacaq.

Bunu Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.

Bundan başqa, onun sözlərinə görə, əvvəlki ildə müşahidə olunan meyilə uyğun olaraq Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmaların çox nəzərdə tutulması tendensiyası davam etdirilib, gəlirlərin proqnozlaşdırılması prosesində istifadə olunan iqtisadi göstəricilərin tərkib komponentlərində əhəmiyyətli dəyişikliklərin baş verməməsi şərti ilə müəyyən edilmiş proqnozların icra olunacağı qənaətinə gəlinib.

“2026-cı ilin büdcə xərcləri “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, o cümlədən “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” kimi strateji proqramları əhatə edir”, – deyə sədr müavini əlavə edib.

Bundan başqa, Palata rəsmisi deyib ki, növbəti ildən dövlət adından yaradılan publik hüquqi şəxslərə və müvafiq müəssisələrə dövlət büdcəsindən ödənişlərin xəzinənin müşayiəti ilə aparılması nəzərdə tutulur: “Hesab edirik ki, bu, vəsaitlərin təyinatı üzrə istifadəsi üzərində nəzarəti gücləndirəcək. Növbəti ilin dövlət büdcəsində bir sıra dövlət proqramı və tədbirlər üzrə xərclərin icrasının İcbari Tibbi Sığorta Fondunun vəsaitləri hesabına həyata keçirilməsi, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün kifayət edici təminatlar mövcuddur”.

Həmçinin onun sözlərinə görə, növbəti ildə dövlət büdcəsi kəsirinin 2,6 milyard manatının borclanmadan cəlb olunan vəsaitlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulur: “Kəsirin maliyyələşdirilməsində borclanmanın əsas mənbə kimi ön plana çıxması orta və uzunmüddətli perspektivdə borc yükünün artmasını şərtləndirməklə risk amili kimi qiymətləndirilə bilər. Əvvəlki illərin proqnoz göstəricilərinə nisbətən 2025-2026-cı illərdə kəsirin maliyyələşdirilməsi mənbəyi kimi borclanmanın kəsirə kəskin şəkildə yaxınlaşması diqqəti cəlb edən məqamlardandır”.

Mənbə: report.az

Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib

Sahil Babayev: “Plandan artıq vergi yığımlarına dair mexanizmdən istifadə olunur”

posted in: Xəbər | 0

Azərbaycanın regionlarında plandan artıq vergi yığımları şəhər və rayonların xərclərini ödəməyə böyük ölçüdə kifayət edir.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.

“Artıq yığımların şəhər və rayonların ehtiyacları üçün istifadə olunması məsələsinə gəlincə, bununla bağlı mexanizmdən artıq istifadə olunur. Hər il planımızda müəyyən edilmiş vergilərdən artıq yığılan vəsaitin 50 %-i həmin şəhər və rayonun ehtiyacları üçün onların xərcləri bölməsinə daxil edilir. Bu vəsaitlər həm sosial müdafiə, həm rayon ərazisində yaşayan az təminatlı ailələrə dəstəyi müəyyən edir. Gələn ilin dövlət büdcəsində bu istiqamətdə proqnoz 100 milyon manatdır. Yəni rayonlarımız bu mexanizmdən aktiv istifadə edirlər və növbəti ildə də istifadə edəcəklər”, – deyə o qeyd edib.

Mənbə: report.az

Ezamiyyə normasında kiçik dəyişiklik edilib

Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib

posted in: Xəbər | 0

Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlər üzrə vergi dərəcəsi 14%-dən 10%-ə endirilir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov deyib.

“Artıq kirayə bazarlarında iki istiqamətdə tədbir nəzərdə tutulub. Birincisi, vətəndaşların özü vergi uçotuna durmaq istəmir, ancaq gəlirlərindən vergi vermək istəyir. Qanunda şərait yaradılır ki, özləri agent təyin etsinlər, vergilərini bu agentlər vasitəsi ilə yerinə yetirsinlər. İkinci addım isə məhz kirayə gəlirləri üzrə vergi dərəcəsinin azaldılması ilə bağlıdır. Yəni vergi dərəcələri 14%-dən 10%-ə endirilir. Təklif kirayə bazarının stimullaşdırılmasına xidmət edir”, – deyə Nicat İmanov bildirib.

Mənbə: apa.az

207 saylı “Digər ehtiyatlar” hesabı üzrə uçot

1 114 115 116 117 118 119 120 2. 693