Vergi auditi xidməti: şirkətin vergi risklərinin peşəkar təhlili

posted in: Xəbər | 0

Vergi auditi xidməti – şirkətin vergi öhdəliklərinin düzgün hesablanması, vergi hesabatlarının dəqiqliklə yoxlanılması və vergi risklərinin minimallaşdırılması məqsədilə həyata keçirilən müstəqil audit prosesidir. Müasir vergi mühitində şirkətlərin səyyar vergi yoxlamasından yayınması, cərimə və əlavə hesablanmaların qarşısının alınması üçün vergi auditi xidmətinə ehtiyacı əvvəlkindən daha çoxdur.

Tərəfdaşımız Audit.Az MMC-nin təklif etdiyi auditi xidmətləri bizneslərin vergi yükünü optimallaşdırmasına, mümkün riskləri vaxtında aşkar edib aradan qaldırmasına və əlavə ödənişlərin qarşısını almasına kömək edir.

Vergi auditi xidməti nədir?

Vergi auditi – vergi bəyannamələrinin, uçot sənədlərinin, vergi öhdəliklərinin və hesablama metodlarının tam təhlilidir. Auditorlar bütün vergilərin düzgün hesablanmasını, tətbiq olunan güzəştlərin uyğunluğunu və vergi qanunvericiliyinə əməl olunmasını yoxlayırlar.

Vergi auditinin əsas məqsədləri:

  • vergi risklərinin müəyyənləşdirilməsi və azaldılması;
  • gələcək səyyar vergi yoxlaması ehtimalının minimuma endirilməsi;
  • əlavə vergi, cərimə və faiz məbləğlərinin qarşısının alınması;
  • vergi yükünün optimallaşdırılması və ehtiyatların aşkarlanması.

Qabaqlayıcı vergi yoxlaması şirkətlər üçün niyə önəmlidir?

Hazırkı dövrdə vergi orqanları riskə əsaslanan yanaşmadan istifadə edir. Bu o deməkdir ki, vergi orqanı yalnız ciddi uyğunsuzluqlar aşkar etdikdə şirkətə səyyar vergi yoxlaması təyin edir.
Vergi bəyannamələrindəki kiçik uyğunsuzluqlar belə kameral yoxlama zamanı aşkar edilir və şirkəti risk qrupuna sala bilər.

Vergi auditi xidməti şirkətə nə qazandırır?

  • vergi hesabatının şəffaflığını artırır;
  • maliyyə sanksiyaları və əlavə hesablanmaların qarşısını alır;
  • kameral yoxlamalar zamanı sorğuların sayını azaldır;
  • rəhbərliyə real vəziyyət haqqında dəqiq məlumat verir;
  • artıq ödənilşləri geri almağa kömək edir.

AUDITDƏN HƏR KƏS QAZANACAQ!
Audit.Az MMC-nin mütəxəssisləri sizin maliyyə hesabatlarınızı nəzərdən keçirəcək, riskləri müəyyən edəcək və maliyyə ehtiyatlarını müəyyən edəcəyik. Vergi hüquşunasları sizi qoruyacaq, həmçinin Dövlət Vergi Xidmətinin cərimələrindən sığortalanacaqsınız.
Daha ətraflı məlumat üçün buraya keçin.

Xidmətinin əhatə dairəsi

Audit.Az MMC vergi auditi xidmətini bütün əsas vergi növləri üzrə həyata keçirir.

  1. Mənfəət vergisi auditi
  • gəlir və xərclərin düzgün sənədləşməsi;
  • vergi agenti öhdəliklərinin qiymətləndirilməsi;
  • ikiqat vergitutma sazişlərinin tətbiqi;
  • xarici tərəfdaşlarla əməliyyatların təhlili.
  1. ƏDV auditi

ƏDV ən riskli vergi sahəsidir. Auditorlar aşağıdakıları qiymətləndirir:

  • kontragentlərin etibarlılığı;
  • ƏDV bazasının düzgün hesablanması;
  • 0% və 18% dərəcələrinin tətbiqi;
  • ƏDV-nin ayrılmış uçotu.
  1. Əmlak vergisi auditi
  • düzgün hesablanmalar;
  • güzəştlərin tətbiqi;
  • artıq və ya az hesablanan vergilərin aşkarlanması.
  1. Gəlir vergisi və sosial sığorta haqlarının auditi
  • əmək haqqı ödənişlərinin şəffaflığı,
  • xarici işçilərlə bağlı vergitutma,
  • özünüməşğullar (mülki müqavilə) ilə əməkdaşlığın qanunauyğunluğu.
  1. Digər vergilər üzrə audit
  • sadələşdirilmiş vergi;
  • dövlət rüsumları;
  • nəqliyyat vergisi;
  • ekoloji ödənişlər və s.

Vergi auditi xidməti necə aparılır?

  1. Şirkətin fəaliyyət istiqamətləri öyrənilir
  2. Audit dövrü və həcmi müəyyən edilir
  3. Gözləntilər, metodologiya və komanda razılaşdırılır
  4. Yerində və ya məsafədən auditin həyata keçirilir
  5. Nəticələr tam yazılı hesabat şəklində təqdim olunur

Hesabatın tərkibi:

  • aşkarlanmış vergi riskləri və onların məbləği;
  • mümkün cərimə və faiz ödənişləri;
  • səhvlərin aradan qaldırılması üzrə tövsiyələr;
  • artıq ödənilmiş vergilərin geri qaytarılması imkanları;
  • rəhbərlik üçün qısa infografikalı analiz.

Sahibkar və şirkət rəhbəri

  • riskləri öyrənmək;
  • əlavə ödənişlərin qarşısını almaq;
  • şirkətin vergi yükünü optimallaşdırmaq.

Baş mühasib və maliyyə direktoru

  • uçotun dəqiqliyini qiymətləndirmək;
  • auditin nəticələri ilə rəhbərliyə obyektiv məlumat vermək;
  • məsuliyyəti auditorla bölüşmək.
BIZ SİZİN TƏRƏFINIZDƏYIK!
Audit.Az MMC-də peşəkarlar şalışır Biz heç bir məlumatı üçüncü tərəflərlə paylaşmırıq və mühasiblərinizi aldatmağa çalışmırıq. Biz İ həll yollarını müəyyənləşdiririk və səhvləri aradan qaldırmaq üçün tövsiyələr veririk.
Auditin qiymətini hesablayın.

Şirkətin auditi üçün auditoru necə seçməli?

Yalnız qüsursuz reputasiyaya malik audit şirkətlərinə  etibar edin. Əks halda vergi auditinin mənasız prosesə çevrilir.

Heç də bütün audit şirkətləri bu prosesi uğurla tamamlamağa qadir deyil, çünki bunun üçün vergi qanunvericiliyini mükəmməl bilən işçilər tələb olunur. Qeyd edək ki, ənənəvi maliyyə auditi zamanı auditorlar mühasibat hesabatlarının yoxlanmasına fokuslanırlar. Vergilər yalnız mühasibat hesabatlarının düzgünlüyünə təsir edə biləcək əhəmiyyətli səhvlərə görə yoxlanılır.

Audit xidmətləri bazarında mühasibat uçotu kimi vergi uçotu sahəsində də məlumatlı olan mütəxəssilərə malik şirkətlər çox deyil.

Nəzərə almaq lazımdır ki, vergi yoxlamaları ekspertlər və vergi hüquqşünasları tərəfindən aparılır. Belə mütəxəssislər təkcə vergi risklərini təhlil etməyəcək, həm də ödənişlərin optimallaşdırılması yollarını təklif edəcəklər ( məsələn, vergi güzəştlərinin tətbiqi, vergi uçotunda ehtiyatların yaradılması, uçot xərcləri üçün əmsalların artırılması və s.)

Ucuz qiymətə keyfiyyətli vergi yoxlaması ola bilməz!
“Risklərdən qaçmaq üçün auditoru düzgün necə seçməli?” çek-listi yükləyin.

Audit.az – peşəkar vergi auditi xidməti

Audit.az auditorları və vergi mütəxəssisləri:

  • vergi qanunvericiliyinin bütün tələblərini bilir;
  • yüzlərlə şirkətin vergi auditini həyata keçirir;
  • real vergi ehtiyatlarını aşkarlayır;
  • vergi yoxlaması risklərini minimuma endirməyə kömək edir.

Peşəkar vergi auditi xidməti həm risklərin qarşısını alır, həm də şirkətə qənaət etməyə imkan verir.  Audit.az olaraq şirkıtin məqsədi – bizneslərin təhlükəsiz və qanunauyğun fəaliyyətinə dəstək verməkdir.

BİR AUDİTDƏN ARTIQ!
Auditorlar daxili nəzarət sisteminizi nəzərdən keçirməyə, istənilən mürəkkəblikdə vergi və mühasibat məsələlərini həll etməyə kömək edəcəklər.
Əlaqə saxlayın, daha geniş məlumat alın!

 

ƏMAS-da sosial sığorta haqqı necə daxil edilir?

posted in: Xəbər | 0

Əmək Məcəlləsinin 43-cü maddəsinin “a” bəndinə əsasən, işçinin məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsi haqqında məlumatların əmək müqaviləsində qeyd olunması tələb edilir. Bəs bu məqam ƏMAS altsistemində formalaşan elektron əmək müqavilələrində necə əksini tapər?

Suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir. 

Azərbaycan Respublikasının 20 noyabr 2020-ci il tarixli 199-VIQD nömrəli Qanunu ilə Əmək Məcəlləsinin 43-cü maddənin 2-ci hissəsinin “a” bəndində “sosial və digər sığorta” sözləri “məcburi dövlət sosial sığorta və digər icbari sığorta” sözləri ilə əvəz edilib. Həmin Qanunla Əmək Məcəlləsinə işçilərin icbari tibbi sığortası ilə bağlı yeni maddə də əlavə olunub.

Məcəllənin 307-1-ci maddəsinə əsasən, işəgötürən “Tibbi sığorta haqqında” Qanunla müəyyən olunmuş qaydada hər bir işçinin icbari tibbi sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin icbari tibbi sığortalanması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir.

Həmçinin, Əmək Məcəlləsinə 1 saylı Əlavənin 6.2-ci bəndində ikinci halda “sosial” sözü “məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, tibbi sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari” sözləri ilə əvəz edilib.

Əmək müqaviləsinin nümunəvi formasında işçinin məcburi dövlət sosial sığorta məbləğlərinin əl ilə yazılması tələb olunur. Əlavənin 6.1-ci bəndinə əsasən, işçinin məcburi dövlət sosial sığortası üçün qanunvericiliklə müəyyən olunmuş qaydada hər ay __________ məbləğdə sığorta haqqı ödənilir və işəgötürən tərəfindən o, __________ məbləğdə əlavə sığorta edilir.

“Sosial sığorta haqqında” Qanuna əsasən, işçilərin işlədiyi təşkilatların kateqoriyasına görə hesablanan sosial ayırma fərqli hesablanır. Qanunun 14.3-cü maddəsinə əsasən, 14.4-cü maddənin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

– sığortaedən tərəfindən ödənilən sığorta haqqı – hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi;

– sığortaolunan tərəfindən ödənilən sığorta haqqı – işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digar gəlirlərinin 3 faizi.

“Sosial sığorta haqqında” Qanunun 14.4-cü maddəsində göstərilib ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı dərəcələrlə ödənilir:

Sığorta haqqına cəlb edilən aylıq gəlir sosial sığorta haqqı dərəcəsi
cəmi sığortaolunanın gəlirlərindən tutulan sığortaedənin vəsaiti hesabına ödənilən
200 manatadək 25 faiz 3 faiz 22 faiz
200 manatdan çox olduqda 25 faiz 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi

ƏMAS altsistemində isə məcburi dövlət sosial ayırmalarının faizlə yox, məbləğlə daxil edilməsi tələb olunur.

Misal 1

Dövlət qurumunda çalışan işçinin tarif (vəzifə) maaşı 500 manatdır. Bu zaman işçi (sığortaolunan) tərəfindən ödənilən sığorta haqqı 15 manat (500 x 3%), işəgötürən (sığortaedən) tərəfindən hesablanan məbləğ isə 110 manat (500 x 22%) təşkil edəcək.

Misal 2

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən təşkilatda çalışan işçinin tarif (vəzifə) maaşı 500 manatdır. Bu halda məcburi dövlət sosial ayırmalarının hesablanması fərqli olacaq. Belə ki, işçiyə görə hesablanan məcburi dövlət ayırma məbləği 36 manat, işəgötürən üçün isə bu məbləğ 89 manat təşkil edəcək:

6 + (500 – 200) x 10% = 6 + 30 = 36 manat;
44 + (500 – 200) x15%) = 44 + 45 = 89 manat.

Mənbə: vergiler.az

211 saylı “Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları” hesabı üzrə uçot

211 saylı “Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Debitor borc nədir?

Debitor borclar – şirkətin və ya fərdi sahibkarın digər təşkilatlara, sahibkarlara, podratçılara, işçilərə, istehlakçılara və dövlətə borclu olduğu pul, mal və xidmətlərdir. Bu, şirkətin qazandığı və ya əldə etdiyi, lakin hesablarında və ya anbarlarında hələ də almadığı hər şeydir. Borcu verən şəxs debitor, borcu olan isə kreditor adlanır.

Bir şirkətin maliyyə sabitliyi borcların nə qədər tez ödənilməsindən çox asılıdır. Qısamüddətli debitor borclar, o cümlədən alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları cari aktivlərə aiddir – bu, müqavilə üzrə öhdəliklərin bir il ərzində yerinə yetirilməsidir.

Ödəniş müddəti bir ildən çoxdursa, o zaman uzunmüddətli borcdan danışırıq.

Bunlar daha çox uzunmüddətli aktivlərdir. 171 saylı “Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları” hesabı üzrə uçot haqqında bizim eyni adlı məqaləmizdən oxumaq olar. Digər uzunmüddətli aktivlərin, o cümlədən uzunmüddətli debitor borcların uçotu üzrə müxabirləşmə nümunələri ilə buradan tanış olmaq mümkündür.

Ödəniş müddətinə görə debitor borcları aşağıdakı kimi qruplaşdırmaq olar:

  • normal debitor borclar – müqavilə üzrə ödəniş şərtləri pozulmadıqda;
  • vaxtı keçmişlər – müddətlər keçib, lakin hələ də pul ödənilməyib.

Həmçinin, borc:

  • şübhəli ola bilər – yəni bank təminatı, girov və ya zaminliklə təmin olunmayıb və;
  • ümidsiz kimi təsnif edilə bilər – iddia müddəti keçib və borclu şirkət ləğv edilib, vergi ödəyicisi vahid dövlət reyestrindən silinmişdi.

Qısamüddətli debitor borcların uçotu

Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları üzrə uçotun beynəlxalq mühasibat uçotuna uyğun tənzimlənməsinin əsasını aşağıdakı standartlar təşkil edir:

  • 9 saylı “Maliyyə Alətləri” adlı MHBS (IFRS 9)
  • 39 saylı “Maliyyə alətləri: Tanınma və ölçülmə” adlı MUBS (IAS 39)
  • 5 saylı “Müştərilərlə müqavilələrdən gəlir” adlı MHBS (IFRS 15)

Mühasibat uçotu subyektlərində (kommersiya təşkilatları, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) qısamüddətli debitor borcları üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Qeyd edək ki, bu qaydalar kredit təşkilatlarına tətbiq edilmir, onlar bu məqsədlə “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”ndan istifadə edir. Bundan sonra mətndə “Qaydalar” dedikdə birinci qanunvericilik aktını nəzərdə tutacağıq.

211 saylı “Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları” hesabı

Mühasibat uçotu subyektlərində qısamüddətli debitor borcların uçotu hesablar planının 2-ci bölməsinin (“Qısamüddətli aktivlər”) 21-ci maddəsində (“Qısamüddətli debitor borcları”) açılmış hesablar üzrə aparılır. 211 saylı “Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları” aktiv hesabı bu maddə üzrə açıla bilən səkkiz hesabdan biridir. Bu hesaba mühasibat uçotu subyektinin fəaliyyətinin həyata keçirilməsilə əlaqədar malların (işlərin, xidmətlərin) satışı prosesində alıcılar, sifarişçilər tərəfindən ödənilməli olan qısamüddətli debitor borcların hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Qaydaların 23.1 maddəsinə görə qısamüddətli debitor borcların uçotu üçün aşağıdakı hesablar açıla bilər:Qısamüddətli debitor borclar - hesablar planının 2-ci bölməsi (“Qısamüddətli aktivlər”) 21-ci maddəsi (“Qısamüddətli debitor borcları”) hesab özündə debitor borcların uçotunu əks etdirən səkkiz hesabı birləşdirir

Hesabat dövrü ərzində mühasibat uçotu subyekti tərəfindən malların (işlərin, xidmətlərin) satışı zamanı yuxarıda qeyd edilən Qaydaların 23.11-ci bəndi nəzərə alınır.

Mühasibat uçotu subyekti tərəfindən aksiz vergisinə cəlb edilən malların satışı zamanı aksiz vergisi məbləği qaydaların 23.12-ci, əlavə dəyər vergisi isə 23.13-cü bəndilə nizamlanır.

Mühasibat uçotu subyekti tərəfindən satılmış malların qaytarılması, ucuzlaşdırılması, habelə verilmiş güzəştlər həmin qaydaların 23.15-ci bəndilə tənzimlənir.

Qısamüddətli debitor borclara görə ödənişlərə həmin qaydaların 23.16-cı, kreditor borclarla əvəzləşdirilməyə isə 23.17-ci bəndinin tələbləri tətbiq edilir.

Aşağıda 211 saylı “Alıcıların, sifarişçilərin qısamüddətli debitor borcları” hesabı üzrə müxabirləşmə nümunələri verilib.

Malların satışı həyata keçirildikdə qısamüddətli debitor borcları

Nümunə 1: “A” MMC ofis avadanlıqlarının satışı fəaliyyətini həyata keçirir. ƏDV ödəyicisi olan cəmiyyət anbarındakı 6500 manatlıq malları 8400 manata satmışdır. Malların ödənişi qəbul edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 205 – Mallar 6500.00
2 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 601 – Satış 8400.00
3 ƏDV hesablandıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 1512.00
4 Satılmış malların əsas məbləği bank hesabına daxil olduqda 223 – Bank hesablaşma hesabları 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 8400.00
5 Satılmış malların ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda 226 – ƏDV-nin Depozit hesabı 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 1512.00
6 Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 1512.00
7 Əldə edilən gəlir ümumi mənfəətə aid edildikdə 601 – Satış 801 – Ümumi mənfəət (zərər) 8400.00
8 Maya dəyəri xərci ümumi mənfəətə silindikdə 801 – Ümumi mənfəət (zərər) 701 – Satışın maya dəyəri üzrə xərclər 6500.00

İş, xidmət göstərildikdə qısamüddətli debitor borcları

Nümunə 2:  “A” MMC-nin əsas fəaliyyəti mühasibatlıq sahəsində məsləhət xidməti göstərməkdir. ƏDV ödəyicisi olan cəmiyyət “B” MMC-ə 5000 AZN dəyərində bir aylıq xidmət göstərmiş və ödənişi almışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Xidmətin göstərilməsi nəticəsində debitor borcları formalaşdıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 601 – Satış 5000.00
2 ƏDV hesablandıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 900.00
3 Xidmətə görə olan əsas məbləğ bank hesabına daxil olduqda 223 – Bank hesablaşma hesabları 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 5000.00
4 Xidmətə görə olan ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda 226 – ƏDV-nin Depozit hesabı 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 900.00
5 Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 900.00
6 Əldə edilən gəlir ümumi mənfəətə aid edildikdə 601 – Satış 801 – Ümumi mənfəət (zərər) 5000.00

Satılmış mallar geri qaytarıldıqda qısamüddətli debitor borcları

Ödənişin həyata keçirilmədiyi hala baxaq.

Nümunə 3:A” MMC ofis avadanlıqlarının satışı fəaliyyətini həyata keçirir. ƏDV ödəyicisi olan cəmiyyət mart ayında cəmi maya dəyəri 9800 olan 10 ədəd printeri 12800 manata satmışdır. Qarşı tərəf malların ödənişini növbəti aylarda həyata keçirəcəyi barədə məlumat vermişdir. İyun ayında printerlərdən 3-ün nasaz vəziyyətdə olduğu aşkarlanmışdır. Buna görə 3 ədəd printer geri qaytarılmışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 205 – Mallar 9800.00
2 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 601 – Satış 12800.00
3 ƏDV hesablandıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 2304.00

Qaytarılan malların uçota alınması:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Qaytarılan mallar yenidən anbara mədaxil edildikdə 205 – Mallar 701 – Satışın maya dəyəri üzrə xərclər 2940.00
2 Qaytarılan mallar üzrə debitor borclar silindikdə 602 – Satılmış malların qaytarılması və ucuzlaşdırılması 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 3840.00
3 ƏDV nəzərə alındıqda 545 – Digər qısamüddətli öhdəliklər 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 691.20

211 saylı “Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları” hesabı üzrə digər müxabirləşmə nümunələri ilə buradan tanış olmaq olar.

Müharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur?

Vahid büdcə təsnifatı ilə bağlı Qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, ölkədə aparılan struktur islahatlarının nəticəsində yaradılan yeni təşkilatların və xidmətlərin fəaliyyətə başlaması, bəzilərinin ləğv edilməsi və ya birləşdirilməsi ilə bağlı onların maliyyə təminatının həyata keçirilməsi, dövlət maliyyə inzibatçılığının və hesabatlılığın gücləndirilməsi, şəffaflığın artırılması, həmçinin büdcə vəsaitlərindən təyinatı üzrə istifadənin tam təmin edilməsi üçün vahid büdcə təsnifatının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84, № 2, maddələr 209, 229, № 3, maddələr 307, 359, № 6 (II kitab), maddə 739, № 7, maddələr 920, 930, № 9, maddələr 1067, 1099, 1106, № 10, maddə 1167, № 12 (II kitab), maddə 1428; 2025, № 2, maddə 187, № 6, maddə 594; № 7, maddələr 706, 714, 716; № 8, maddə 800; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 sentyabr tarixli 257 nömrəli, 16 sentyabr tarixli 263 nömrəli, 17 sentyabr tarixli 270 nömrəli və 22 sentyabr tarixli 279 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

1. “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatı” üzrə:

1.1. “6.3.0. “Sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlar” köməkçi bölməsi”ndə və “6.4.0. “Sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlər” köməkçi bölməsi”ndə “6.3.0.” və “6.4.0.” rəqəmləri müvafiq olaraq “6.8.0.” və “6.9.0.” rəqəmləri ilə əvəz edilsin;

1.2. “9.3.0. “Meliorasiya” köməkçi bölməsindən sonra “9.4.0. “Balıqçılıq və balıq ovu” köməkçi bölməsi əlavə edilsin;

1.3. “10.6.0. “Balıqçılıq və ovçuluq” köməkçi bölməsinin adı aşağıdakı redaksiyada verilsin:

“10.6.0. Ovçuluq və heyvanların mühafizəsi”;

1.4. “10.6.1. “Balıqartırma və balıq mühafizəsi” və “10.6.2. “Ovçuluq və heyvanların qorunması” paraqrafları ləğv edilsin.

2. “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə” üzrə:

2.1. “1.1.2. “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların və icra səlahiyyətlərini həyata keçirən orqanın fəaliyyəti” paraqrafına “qurumlar,” sözündən sonra “Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti,” sözləri əlavə edilsin;

2.2. “6.0.0. “Sosial müdafiə və sosial təminat” bölməsində “6.3.0.” və “6.4.0.” rəqəmləri müvafiq olaraq “6.8.0.” və “6.9.0.” rəqəmləri ilə əvəz edilsin;

2.3. “9.0.0. “Kənd təsərrüfatı” bölməsi”nə “9.3.0. Meliorasiya”,” sözlərindən sonra “9.4.0. Balıqçılıq və balıq ovu”,” sözləri əlavə edilsin;

2.4. “9.3.0. “Meliorasiya” köməkçi bölməsindən sonra aşağıdakı məzmunda yeni “9.4.0. “Balıqçılıq və balıq ovu” köməkçi bölməsi əlavə edilsin:

“9.4.0. “Balıqçılıq və balıq ovu” köməkçi bölməsinə balıqçılıq su obyektlərində həyata keçirilən fəaliyyət növləri, balıqçılıqla bağlı xidmətlərə rəhbərlik, balıq və digər su bioresurslarının mühafizəsi, artırılması, yetişdirilməsi, bərpası və səmərəli istifadəsi, balıq və digər su bioresurslarının ovlanması fəaliyyətinə nəzarət və onların tənzimlənməsi, balıqçılıq sahəsində məlumatların yayılması üzrə xidmətlər, həmin xidmətlərin idarə edilməsi, balıqçılıqla bağlı layihələrin hazırlanması, akvakulturanın davamlı inkişafı, balıqartırma müəssisələrinin yaradılması, saxlanması və bu qəbildən olan digər xərclər daxildir.”;

2.5. “10.0.0. “Ətraf mühitin mühafizəsi” bölməsində “10.6.0. Balıqçılıq və ovçuluq” sözləri “10.6.0. Ovçuluq və heyvanların mühafizəsi” sözləri ilə əvəz edilsin;

2.6. “10.6.0. “Balıqçılıq və ovçuluq” köməkçi bölməsinin adı və mətni aşağıdakı redaksiyada verilsin: “10.6.0. “Ovçuluq və heyvanların mühafizəsi” köməkçi bölməsinə ovçuluq (balıq və digər su bioresursları istisna olmaqla) sahəsində həyata keçirilən fəaliyyət növləri, ovçuluqla bağlı xidmətlərə rəhbərlik, vəhşi heyvanların mühafizəsi, çoxaldılması və səmərəli istifadəsi, vəhşi heyvanların ovlanmasına və ovçuluq fəaliyyətinə nəzarət və onların tənzimlənməsi, ovçuluq sahəsində məlumatların yayılması üzrə xidmətlər, ərazilərdə heyvanların məskunlaşması və ya seleksiya məqsədi ilə ov aparılması, həmin xidmətlərin idarə edilməsi, ovçuluq məsələləri ilə bağlı ümumi xarakterli məlumatların, layihələrin hazırlanması və bu qəbildən olan digər xərclər daxildir.”;

2.7. “10.6.1. “Balıqartırma və balıq mühafizəsi” və “10.6.2. Ovçuluq və heyvanların qorunması” paraqrafları ləğv edilsin;

2.8. “11.9.1. “Dövlət əmlakının özəlləşdirməsinin təşkili və mülkiyyət hüquqlarının qorunması” paraqrafına “yardımla” sözündən sonra “, dövlət əmlakının satıcısının madditexniki bazasının möhkəmləndirilməsi ilə” sözləri əlavə edilsin.

3. “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı” üzrə:

3.1. “222350. “Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəlikləri üzrə rabitə xidmətləri haqlarının ödənilməsi” maddəsindən sonra “222390. “Digər telekommunikasiya və rabitə xidmətləri haqlarının ödənilməsi” maddəsi əlavə edilsin;

3.2. “263300. “Dövlət hesabına ali təhsil müəssisələrində təhsil xərcləri” paraqrafından “ali” sözü çıxarılsın;

3.3. “311000. “Torpaq, tikili və avadanlıqlar” köməkçi bölməsinin adından “Torpaq,” sözü çıxarılsın;

3.4. “311900. “Sair torpaq, tikili və avadanlıqlar” və “312900. “Sair torpaq, tikili və avadanlıqların əsaslı təmiri” paraqraflarından “torpaq,” sözü çıxarılsın.

4. “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə” üzrə:

4.1. “211300. “Diplomatik və ticarət nümayəndəliklərində çalışan işçilərin əməkhaqqı, təmsilçilik və birdəfəlik yerləşmə müavinəti” paraqrafına “xərcləri” sözündən sonra “, məzuniyyətə görə kompensasiyanın (istifadə edilməmiş məzuniyyətə görə kompensasiya daxil olmaqla) ödənilməsi ilə bağlı xərclər” sözləri əlavə edilsin;

4.2. “221100. “Dəftərxana və təsərrüfat xərcləri” paraqrafına “təmizlik” sözündən sonra “, təşkilatın təsərrüfat fəaliyyətində istifadə olunan antiseptik, dezinfeksiya” sözləri əlavə edilsin;

4.3. “221300. “Yanacaq və sürtkü materiallarının alınması” paraqrafına “və sürtkü materiallarının” sözləri “ və sürtkü materiallarının və elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurma məntəqələrindən elektrik enerjisinin” sözləri əlavə edilsin;

4.4. “221400. “Dərman, sarğı ləvazimatlarının və materiallarının alınması” paraqrafından “təhsil müəssisələrində” sözləri çıxarılsın;

4.5. “221700. “Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəlikləri üzrə malların satınalınması” paraqrafına “sürtkü materiallarının,” sözlərindən sonra “elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurma məntəqələrindən elektrik enerjisinin,” sözləri əlavə edilsin;

4.6. “221900. “Digər malların alınması” paraqrafı üzrə “sayğacların alınması və quraşdırılması, yanğınsöndürən balonların alınması,” sözləri çıxarılsın və “idman atları” sözlərindən sonra “, xidməti iş heyvanları və balıqlar” sözləri əlavə edilsin, həmçinin “ bu qəbildən olan digər xərclər,” sözləri “gübrə, pestisidlər və bitki mühafizə vasitələrinin alınması, təmizləyici qurğuların (su filtrasiyası və s.) sərfiyyatı üzrə məhlulların, duzların, qumların və bu qəbildən olan digər malların alınması,” sözləri ilə əvəz edilsin;“

4.7. “222250. “İstilik enerjisi (yanacaq) haqqının ödənilməsi” maddəsinə “göstərilmiş” sözündən sonra “, o cümlədən mülki-hüquqi müqavilə əsasında qazanxananın istismarı üzrə” sözləri əlavə edilsin;

4.8. 222290. “Digər kommunal xidmətlərin haqqının ödənilməsi” maddəsinə “kommunal xətlərinin çəkilişi,” sözlərindən sonra “kommunal xidmət şəbəkələrinə (su, qaz, elektrik enerjisi və s.) qoşulma (sayğacların quraşdırılması),” sözləri əlavə edilsin;

4.9. “222300. “Telekommunikasiya və poçt rabitəsi xidmətləri haqqının ödənilməsi” paraqrafında “222330. İnternet xidməti haqqının ödənilməsi” sözlərindən sonra “və” bağlayıcısı vergül işarəsi ilə əvəz olunsun, habelə “maddələrinin” sözündən əvvəl “və “222390. “Digər telekommunikasiya və rabitə xidmətləri haqlarının ödənilməsi” sözləri əlavə edilsin;

4.10. “222311. “Ölkədaxili telefon danışıq haqlarının ödənilməsi” yarımmaddəsi aşağıdakı redaksiyada verilsin: “222311. “Ölkədaxili telefon danışıq haqlarının ödənilməsi” yarımmaddəsinə ölkənin daxilindəki telefon, faks, teleqraf xidmət haqlarının, abunə haqlarının, SMS xidmətlərinin dəyərinin ödənilməsi xərcləri və bu qəbildən olan digər xərclər daxildir.”;

4.11. “222350. “Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəlikləri üzrə rabitə xidmətləri haqlarının ödənilməsi” maddəsindən sonra aşağıdakı məzmunda 222390-cı maddə əlavə edilsin:

“222390. “Digər telekommunikasiya və rabitə xidmətləri haqlarının ödənilməsi” maddəsinə 222310-222350-ci maddələrində nəzərdə tutulmayan digər telekommunikasiya və rabitə xidmətləri haqlarının ödənilməsi, habelə fiber – optik və optik kanallarının abunəsi və icarəsi haqlarının, kabel televiziyasının abunə haqqının, “Trank” radiorabitəsi və VLAN xidmətlərinin, mobil xüsusi dövlət rabitəsi cihazlarının GSM şəbəkəsinə qoşulma və abunəlik haqlarının, elektron poçt sistemindən istifadəyə və GPS/GSM nəzarət qurğusuna görə xidmət haqlarının ödənilməsi və bu qəbildən olan digər xərclər daxildir.”;

4.12. “222920. “İstehlakyönlü müxtəlif xidmətlər” maddəsinə “əmlakın sığortalanması ilə bağlı xərclər,” sözlərindən sonra “lövhələrin hazırlanması xərcləri,” sözləri əlavə edilsin;

4.13. “222990. “Sair xərclər” maddəsinə “ödənilən məbləğlər,” sözlərindən sonra “utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin və birdəfəlik ödənişlərin məbləğləri, tibbi tullantıların invertarlaşdırılması və pasportların alınması xərcləri,” sözləri əlavə edilsin;

4.14. “253300. Hüquqi şəxslərə digər subsidiyalar” paraqrafı aşağıdakı redaksiyada verilsin: “253300. “Hüquqi şəxslərə digər subsidiyalar” paraqrafına məhsulların istehsalı ilə bağlı əvəzsiz verilən maliyyə vəsaiti, habelə lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikası, suvarma sistemləri, damazlıq heyvanlara görə dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştlər, həmçinin hüquqi şəxslərə dövlət dəstəyi ilə bağlı verilən digər subsidiyalar daxildir.”;

4.15. “263000. “Dövlət sifarişi, dövlət öhdəlikləri və bu qəbildən olan digər öhdəliklərin ödənilməsi” köməkçi bölməsində hər iki halda “ali” sözü çıxarılsın;

4.16. “263300. “Dövlət hesabına ali təhsil müəssisələrində təhsil xərcləri” paraqrafın adından və mətnindən “ali” sözü çıxarılsın;

4.17. 271200. “Müavinət” paraqrafının birinci cümləsinə “üzrə” sözündən sonra “, habelə hərbi qulluqçuların və xüsusi rütbəsi olan əməkdaşların müalicə olunmaları ilə əlaqədar” sözləri əlavə edilsin;

4.18. “271290. “Digər müavinətlər” maddəsinə “maddəsinə” sözündən sonra “hərbi qulluqçuların və xüsusi rütbəsi olan əməkdaşların müalicə olunmaları ilə əlaqədar verilən pul müavinəti, habelə” sözləri əlavə edilsin;

4.19. “272000. “Sosial yardım” köməkçi bölməsində birinci halda “müavinət,” sözündən sonra “hərbi təhsilə qəbul edilənlərin ailələrinə ödənilən aylıq müavinət,” sözləri əlavə edilsin;

4.20. “272290. “Digər müavinətlər” maddəsinə “maddəsinə” sözündən sonra “hərbi təhsilə qəbul edilənlərin ailələrinə ödənilən aylıq müavinət, habelə” sözləri əlavə edilsin;

4.21. “272990. “Digər ödənişlər” maddəsinə “maddəsinə” sözündən sonra “hərbi təhsilə qəbul edilən heyətə birdəfəlik ödənişlər, yığım əmanət hesabına pul köçürmələri, ipoteka ödənişləri üzrə xərclər, habelə” sözləri əlavə edilsin;

4.22. “279900. “Digər müavinətlər” paraqrafına “paraqrafına” sözündən sonra “hərbi qulluqçulara tərxis olunarkən verilən birdəfəlik müavinətlər və xüsusi rütbəsi olan əməkdaşlara xidmətdən tərxis olunmaya görə ödənişlər, habelə” sözləri əlavə edilsin;

4.23. “311100. “Tikili və avadanlıqlar” və “312100. “Tikili və avadanlıqların əsaslı təmiri” paraqraflarının birinci cümləsinə “ötürücü qurğular” sözlərindən sonra “və onların struktur komponentləri” sözləri əlavə edilsin;

4.24. “311150. “Maşın və avadanlıqlar” maddəsinə “kassa aparatları” sözlərindən sonra “, sayğaclar” sözü əlavə edilsin;

4.25. “310000. “Qeyri-maliyyə aktivləri” bölməsinin ikinci cümləsindən və “311000. “Torpaq, tikili və avadanlıqlar” köməkçi bölməsinin adından və mətnindən “torpaq,” sözü çıxarılsın;

4.26. “311900. “Sair torpaq, tikili və avadanlıqlar” paraqrafının adından və mətnindən “torpaq,” sözü çıxarılsın və mətninə “hərbi təyinatlı inventarların” sözlərindən sonra “, yanğınsöndürən balonların, məişət tullantıları və həmçinin tibbi tullantıların saxlanılması üçün konteynerlərin” sözləri əlavə edilsin;

4.27. “312000. “Əsaslı təmir” köməkçi bölməsinin, “311130. “Qurğular (tikintilər)” və “311140. “Ötürücü qurğular” maddələrinin birinci cümləsinə, “312130. “Qurğuların (tikintilərin) əsaslı təmiri” və “312140. “Ötürücü qurğuların əsaslı təmiri” maddələrinə, “311141. “Ötürücü qurğuların” və “311142. “Ötürücü qurğuların tikilməsi” yarımmaddələrinə “qurğuların” sözündən sonra “və onların struktur komponentlərinin” sözləri əlavə edilsin;

4.28. “311131. “Qurğuların (tikintilərin) alınması” və “311132. “Qurğuların (tikintilərin) tikintisi” yarımmaddələrinə “qurğuların (tikintilərin)” sözlərindən sonra “və onların struktur komponentlərinin” sözləri əlavə edilsin;

4.29. “312000. “Əsaslı təmir” köməkçi bölməsindən və “312900. Sair torpaq, tikili və avadanlıqların əsaslı təmiri” paraqrafının adından “torpaq,” sözü çıxarılsın.

5. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı” yeni redaksiyada verilsin (əlavə olunur).

6. Bu Qərarın 4.1-ci, 4.3-cü, 4.5-ci bəndləri və 5-ci hissəsi 2025-ci ilin 1 yanvar tarixindən, 1.1-1.4-cü, 2.1-2.8-ci, 3.2-ci, 4.2-ci, 4.6-4.8-ci, 4.12-4.24-cü, 4.27-ci, 4.28-ci bəndləri 2026-cı ilin 1 yanvar tarixindən tətbiq edilir, digər bəndləri 2027-ci ilin 1 yanvar tarixindən qüvvəyə minir.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

 

Fayla nəzər yetirin: Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı (433 downloads )

1 121 122 123 124 125 126 127 2. 700