211 saylı “Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları” hesabı üzrə müxabirləşmə nümunələri

posted in: Xəbər | 0
birbank biznes

Qısamüddətli debitor borclar üzrə uçot

Alıclıların və sifarişçilərin qısamüddətli debitor borcları üzrə mühasibat uçotu zamanı aşağıdakı beynəlxalq standartlardan istifadə olunur:

  • “Maliyyə Alətləri” adlı 9 saylı MHBS (IFRS 9);
  • “Maliyyə alətləri: Tanınma və ölçülmə” adlı 39 saylı MUBS (IAS 39);
  • “Müştərilərlə müqavilələrdən gəlir” adlı 5 saylı MHBS (IFRS 15)

Mühasibat uçotu subyektlərində qısamüddətli debitor borcları üzrə müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir (kredit təşkilatları istisnadır).

Aktiv 211 saylı hesabı alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları üzrə əməliyyatların hərəkəti üçün nəzərdə tutulub. Həmin hesab hesablar planının 2-ci bölməsinin (“Qısamüddətli aktivlər”) 21-ci maddəsinə (“Qısamüddətli debitor borcları”) aiddir. Mühasibat uçotu subyektləri  211 saylı “Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları” hesabı öz fəaliyyətinin həyata keçirilməsilə əlaqədar malların (işlərin, xidmətlərin) satışı prosesində alıcılar, sifarişçilər tərəfindən ödənilməli olan qısamüddətli debitor borcların hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Hesab üzrə uçot haqqında buradan daha çox məlumat almaq olar.

211 saylı “Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları” hesabı üzrə bəzi müxabirləşmə nümunələri aşağıda verilib.

Uzunmüddətli debitor borcları qısamüddətli debitor borcları kimi təsnifləşdirildikdə

Nümunə 1:“A” MMC ofis avadanlıqlarının satışı fəaliyyətini həyata keçirir. ƏDV ödəyicisi olan cəmiyyət anbarındakı 13000 manatlıq malları 2022-ci ilin may ayında “B” MMC-ə 16000 manata satmışdır. Tərəflər arasında olan razılaşmaya əsasən “B” MMC ödənişi hissə-hissə olmaqla 2023-cü ilin dekabr ayına qədər ödəmək imkanına malikdir.

Nümunədən göründüyü kimi nəzərdə tutulan ödəmə müddəti hesabat tarixindən sonrakı 12 aylıq dövrdən artıqdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 205 – Mallar 13000.00
2 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 171 – Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları 601 – Satış 16000.00
3 ƏDV hesablandıqda 171 – Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 2880.00

 

“B” MMC iyun ayında malların 1500 manatlıq hissəsinin ödənişini həyata keçirmişdir. Belə olduğu təqdirdə 1500 manatlıq uzunmüddətli debitor borcları qısamüddətli debitor borclar olaraq uçota alınacaq, silinəcəkdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Uzunmüddətli debitor borclar qısamüddətli debitor borcları kimi nəzərə alındıqda (Əsas məbləğ) 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 171 – Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları 1500.00
2 Uzunmüddətli debitor borclar qısamüddətli debitor borcları kimi nəzərə alındıqda (ƏDV məbləği) 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 171 – Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları 270.00
3 Satılmış malların əsas məbləği bank hesabına daxil olduqda 223 – Bank hesablaşma hesabları 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 1500.00
4 Satılmış malların ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda 226 – ƏDV-nin Depozit hesabı 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 270.00
5 Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 270.00
6 Hesabat dövrü üzrə yaranmış vergi öhdəliyi büdcəyə ödənildikdə 521 – Vergi öhdəlikləri 226 – ƏDV-nin Depozit hesabı 270.00

Qısamüddətli debitor borcları kreditor borclarla əvəzləşdirildikdə

Nümunə 2: “A” MMC 5 ildir ki, “B” MMC ilə qarşılıqlı surətdə mal (iş, xidmət) alqı-satqısı ilə məşğuldur. Vəziyyət elə bir hal aldı ki, tərəflər malların və xidmətlərin mübadiləsini (barter) həyata keçirmək qərarına gəldilər. Maya dəyəri 6500 AZN olan malları təqdim edən tərəf “A” MMC, onun əvəzində xidmətləri təqdim edən tərəf “B” MMC olaraq qərarlaşdırılmışdır. Bazar qiyməti nəzərə alınaraq mübadilə (barter) olunan malların və xidmətlərin dəyəri 8000 AZN təyin edilmişdir. “A” MMC-nin uçot məlumatları aşağıdakı kimi olacaqdır:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 205 – Mallar 6500.00
2 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 601 – Satış 8000.00
3 ƏDV nəzərə alındıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 1440.00
4 Mübadilə (barter) nəticəsində xidmət alışı həyata keçirildikdə 721 – İnzibati xərclər 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 8000.00
5 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 1440.00
6 Satılmış malların ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda 226 – ƏDV-nin Depozit hesabı 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 1440.00
7 Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 1440.00
8 Alınmış xidmətin ƏDV ödənişi həyata keçirildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 226 – ƏDV-nin Depozit hesabı 1440.00
9 Mübadilə nəticəsində yaranan borclar qarşılıqlı olaraq əvəzləşdirildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 8000.00
10 Ödənilən ƏDV daxil olan ƏDV məbləği ilə əvəzləşdirildikdə 241 – Əvəzləşdirilən ƏDV 521 – Vergi öhdəlikləri 1440.00
11 Əldə edilən gəlir ümumi mənfəətə aid edildikdə 601 – Satış 801 – Ümumi mənfəət (zərər) 8000.00
12 Maya dəyəri xərci ümumi mənfəətə silindikdə 801 – Ümumi mənfəət (zərər) 701 – Satışın maya dəyəri üzrə xərclər 6500.00

 

Məzənnə fərqi yarandıqda qısamüddətli debitor borcları

Nümunə 3: “A” MMC daha çox gəlir əldə etmək, əlaqələri genişləndirmək məqsədilə mallarını ixrac edir, yəni ölkə hüdudlarından kənarda da malların satışını həyata keçirir. Malları alan ölkə Rusiya olduğundan malların satış qiyməti dollarla təyin olunmuşdur. Maya dəyəri 48000 manat hesablanmış mallar 42000 dollara satılmışdır. Satış tarixinə 1$ = 1.70₼ manat olaraq dəyərləndirilmişdir. Ona görə də malların satış qiyməti 71400 manat olmuşdur.

Qeyd  etmək istəyirik ki, malların ödənişinin həyata keçirildiyi gün valyuta məzənnəsinə əsasən gələn pulların miqdarında artma yaxud azalma halları müşahidə oluna bilər.

1-ci hal: 1 $ = 1.72 ₼

2-ci hal: 1 $ = 1.67 ₼

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 205 – Mallar 48000.00
2 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 601 – Satış 71400.00

 

1-ci hal üzrə görürük ki, dolların məzənnəsi qalxıb. Bu o deməkdir ki, müəssisə malların satış anına olan məbləğlə ödəniş anına olan məbləğ arasındakı fərq qədər gəlir əldə edib.

1 $ = 1.70 ₼  →  42000 × 1.70 = 71400

1 $ = 1.72 ₼  →  42000 × 1.72 = 72240

 

Müsbət məzənnə fərqi  →  72240 – 71400 = 840

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Məzənnə fərqindən gəlir nəzərə alındıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 611 – Sair əməliyyat gəlirləri 840.00
2 Satılmış malların əsas məbləği bank hesabına daxil olduqda 223 – Bank hesablaşma hesabları 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 72240.00

 

2-ci hal üzrə görürük ki, dolların məzənnəsi aşağı düşüb. Bu o deməkdir ki, müəssisə malların satış anına olan məbləğlə ödəniş anına olan məbləğ arasındakı fərq qədər zərər əldə edib.

1 $ = 1.70 ₼  →  42000 × 1.70 = 71400

1 $ = 1.67 ₼  →  42000 × 1.67 = 70140

 

Mənfi məzənnə fərqi    71400 – 70140 = 1260

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılmış malların əsas məbləği bank hesabına daxil olduqda 223 – Bank hesablaşma hesabları 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 70140.00
2 Məzənnə fərqindən zərər nəzərə alındıqda 731 – Sair əməliyyat xərcləri 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 1260.00

Debitor və kreditorlarla hesablaşmalar haqqında eyni adlı səhifədən tanış olmaq olar.

Müharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur?

Print Friendly, PDF & Email