Read More9
Read More9

Vergidən yayınma halları müəyyən edilib

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi ölkə ərazisində aksiz markasız və ya saxta aksiz markası ilə markalanmış məhsulların istehsalı və satışı hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir. (Vergidən yayınma)

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə Ağstafa rayonu, Həsənsu kəndində yerləşən istehsal obyektində kustar üsulla alkoqollu içkilərin hazırlanması, eyni zamanda həmin məhsulların saxta aksiz markaları ilə markalanmaqla vergidən yayındırılması barədə daxil olmuş əməliyyat məlumatları əsasında fiziki şəxs İsmayılov Arzu Aydın oğluna məxsus obyektdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı göstərilən hallar öz təsdiqini tapıb. Müəyyən edilib ki, vergi ödəyicisi 19.08.2024-cü il tarixədək fəaliyyətinin dayandırılması məqsədilə vergi orqanına müraciət etməsinə baxmayaraq, faktiki olaraq fəaliyyət göstərib. Obyektdə 3 nəfər fiziki şəxs əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilib. Həmçinin, burada kustar üsulla alkoqollu içkilərin hazırlandığı və həmin məhsulların saxta aksiz markaları ilə markalandığı dəqiqləşdirilib. Təsərrüfat subyektində 4,955 ədəd saxta aksiz markaları, eləcə də 1036 ədəd hazır məhsulun saxta aksiz markaları ilə markalandığı və satış məqsədilə saxlanıldığı aşkar olunub.

Araşdırma zamanı qeyd olunan istehsal müəssisəsində insan sağlamlığı üçün təhlükəli olan “Растворитель 646” adlı həlledici məhlullar da aşkar edilib. Həmin məhlulların vergi ödəyicisi tərəfindən alkoqollu içkilərin istehsalında istifadə olunduğu faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri araşdırmaya cəlb olunub.

Vergilər Nazirliyi bir daha xatırladır ki, aksiz markasız və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı qanunvericiliklə qadağandır. Vergi orqanları belə halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcəkdir. Vətəndaşlar belə malların satışı faktlarına rast gəldikdə Vergilər Nazirliyinə müraciət etməlidir. Siz bununla həm özünüzü qorumuş olacaqsınız, həm də dövlət büdcəsinə vergilərin ödənilməsindən yayınmaların qarşısını almağa xidmət edəcəksiniz.

Mənbə: vergiler.az



Dövlət Statistika Komitəsi müvəqqəti işə götürdüyü şəxslərə ödəyəcəyi vəsaitin məbləğini açıqlayıb

posted in: Xəbər | 0

DSK, statistika əmək haqqı, Statistika Komitəsi,Dövlət Statistika Komitəsinin (DSK) bu gündən başlayaraq oktyabrın 10-na qədər həyata keçirəcəyi əhalinin siyahıya alınması üçün müvəqqəti işə götürdüyü şəxslərə ödəyəcəyi vəsaitin məbləği məlum olub.

Bu barədə Komitənin sədri Tahir Budaqov məlumat verib.

Onun sözlərinə görə, siyahıyaalma məntəqələrinin müdirləri 645-715 manat xidmət haqqı alacaq: “Onların müavinlərinə 581-644 manat, təlimatçı-nəzarətçilərə 495-525 manat, əsas və ehtiyat sayıcılara 475-505 manat pul ödəniləcək. Təbii ki, bunlar vergilər daxil olmaqla ödənilən məbləğidir. Vergilər tutulduqdan sonra qalan məbləğ müvəqqəti işçilərə çatacaq. İlk dəfə bu məqsədlə “Kapital Bank” ASC ilə müqavilə imzalanıb. Onların hər biri üçün kart təqdim olunacaq və bütün məbləğ karta köçürüləcək ki, hər hansı mənfi hal baş verməsin”.

DSK sədri eyni işi görən şəxslərin xidmət haqqıları arasındakı fərqi belə izah edib: “Xidmət haqqıları yerli statistika orqanlarının müvafiq işçilərinin maaşına bərabər tutulub. Bilirsiniz ki, statistika orqanlarında əməkhaqqı da əhali sayına görə fərqlənir. Yəni əhalisinin sayı 50 minə qədər olan rayon və şəhərlərdə bir qədər aşağıdır, əhalisinin sayı 50-100 min nəfər olan şəhərlərdə isə bu bir qədər yuxarıdır”.

Xatırladaq ki, DSK-nın müvəqqəti işə götürdüyü şəxslərin ümumi sayı 42 844 nəfərdir. Bunlardan 720-si siyahıyaalma məntəqələrinin müdirləri, 720-si onların müavinləri, 6 777-si təlimatçı-nəzarətçilər, 33 907-si sayıcılar, 720-si isə ehtiyat sayıcılardır. Bu şəxslərə, ümumilikdə, 21 353 740 manat xidmət haqqı ödəniləcək.

Mənbə: report.az



Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız (4-cü hissə)

posted in: Müqavilələr, Xəbər | 0

xarici şirkət Əmək, Əmək müqaviləsi, Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız (4-cü hissə) (əmək müqaviləsi)

3-cü hissəni oxumaq üçün keçidə daxil olun.

Əmək şəraitinin şərtlərinin dəyişilməsi.

İşçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də əmək şəraitinin şərtlərinin dəyişdirilməsi halıdır. Mövzuya keçməzdən qeyd etmək lazımdır ki, əmək şəraitinin şərtlərinə işçinin vəzifəsi, əməyin ödənilməsi normaları, sanitariya və gigiyena normalarına cavab verən iş şəraiti, istirahət vaxtı, məzuniyyət, iş vaxtından əlavə işə cəlb olunma hallarında əməyin ödənilməsi, texniki təhlükəsizlik və əməyin mühafizəsi kimi hallar daxildir. Onu da qeyd edək ki, əmək şəraitinin əlavə şərtləri əmək müqaviləsi və ya kollektiv müqavilə ilə nəzərdə tutula bilər.

Qeyd edək ki, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti yaranarsa, işəgötürən işçinin peşəsi, vəzifəsi və ixtisasını saxlamaqla əmək şəraitinin şərtlərini dəyişdirə bilər. Bu halda işəgötürən işçini azı 1 ay əvvəl ya yazılı məlumatlandırmalı, ya da müvafiq əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə razı olmadıqda, işəgötürən işçini ya yeni işlə təmin etməli, ya da bağlanmış müqaviləyə xəbərdarlıq müddəti bitdikdən sonra xitam verməlidir.

İşçilərin sayı azı 50 nəfər olan müəssisədə 10%-dən çox işçinin əmək şəraitinin şərtlərinin dəyişdirilməsi halında işəgötürən bu barədə səlahiyyətli dövlət orqanına məlumat verməlidir.

Qeyd etmək lazımdır ki, əmək şəraitinin şərtlərinin dəyişilməsi ilə əlaqədar bağlanmış əmək müqaviləsinə xitam verilərkən işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov.

5-ci hissəni oxumaq üçün keçidə daxil olun.


Vergi borcları hansı məbləğdə olduqda Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi araşdırma aparır?

posted in: Vergi, Xəbər | 0

vergi bəyannaməsiVergi öhdəliyi yarandıqda vergi ödəyicilərini vergi orqanının həyata keçirdiyi məlumatlandırma prosesi, hansı hallarda ödəyicinin hesablarına sərəncam qoyulması, vergi borcunun dövlət büdcəsinə birbaşa ödənilməsi üçün tətbiq olunan sərəncamın vaxtı, hesabdakı sərəncam məbləğindən artıq vəsaitin istifadəsi imkanları kimi məsələlər maraqlandırır. (Vergi borcu)

Mövzunu şərh edən vergi hüququ üzrə ekspert Sirac Piriyev bildirib ki, vergi borcunun ödənilməsini əks etdirən bildiriş (və ya tələbnamə) vergi ödəyicisinə təqdim edildikdən sonra borc məbləği 5 gün müddətində ödənilmədikdə vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarına müvafiq olaraq borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması və ya dövlət büdcəsinə alınması (Vergi Məcəlləsinin 65.2.1-ci maddəsində nəzərdə tutulan hallarda) üçün kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam təqdim edilir.

Sərəncamlar bank və digər kredit təşkilatı tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 965-ci maddəsində nəzərdə tutulmuş növbəliliyə uyğun olaraq icra edilməlidir. Vergi borclarının dövlət büdcəsinə alınması haqqında sərəncam bir neçə banka və ya kredit təşkilatına verildikdə və həmin hesablardan hər hansı birindən vergi borcunun büdcəyə alınması təmin olunduqda digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılması təmin edilməlidir.


Əmlakın satılmasından əldə edilən məbləğ əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir


Vergi borclarının ödənilməsinin təmin edilməsinin daha bir üsulu vergi ödəyicisinin əmlakının siyahıya alınması və ixtisaslaşdırılmış açıq hərracda satılması qaydasında həyata keçirilməsidir. Vergi ödəyicisinə məxsus əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə (yararlıq müddəti tez bitdiyi halda, dərhal) həmin əmlakın açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edilə bilər. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən (siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyul 2002-ci il tarixli 89 aylı qərarı ilə müəyyən edilmişdir) əmlakından başqa, digər əmlakı siyahıya alına bilər.

Vergi ödəyicisinin siyahıya alınmış əmlakının əmtəə birjalarının nəzdində yaradılmış hərrac təşkilatı tərəfindən ixtisaslaşdırılmış açıq hərraclarda satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır. Həmin vergi borcunun dövlət büdcəsinə ödənilməsi isə icra məmuru tərəfindən təmin edilir. Vergi ödəyicisinin siyahıya alınmış əmlakı icra məmurunun sifarişinə əsasən elektron hərrac vasitəsilə də satıla bilər.

Əmlakın satılmasından əldə edilən məbləğ əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır.

Vergi borclarının ödənilməsinin təmin edilməsi üsulların biri də “İnzibati icraat haqqında” Qanunun 82-ci maddəsinə uyğun olaraq tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edilməsidir. Borcun ödənilməsi barədə xəbərdarlığın təqdim edildiyi gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi nəticəsində qərar qəbul edilərək, birbaşa icra məmuruna təqdim olunmalıdır. İcra məmuru tərəfindən həmin qərar üzrə tədbirlər “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada yerinə yetirilməlidir.


Vergi ödəyicisinin yaranmış vergi borcu (faizlər və maliyyə sanksiyası istisna olmaqla) 20.000 manatdan yuxarı olduğu halda, Cinayət Məcəlləsinin 213-cü maddəsinin tərkibi yaranır və materiallar araşdırılması üçün Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilir


Vergi ödəyicisinin yaranmış vergi borcu (faizlər və maliyyə sanksiyası istisna olmaqla) 20.000 manatdan yuxarı olduğu halda, Cinayət Məcəlləsinin 213-cü maddəsinin tərkibi yaranır. Materiallar araşdırılması üçün Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilir. Cinayət işi başlandığı zaman əsasən ibtidai araşdırma müddətində yerli vergi orqanı tərəfindən mülki iddiaçı olaraq yayındırılmış vergi məbləğinin maddi ziyan kimi tanınması barədə iddia ərizəsi ilə həmin quruma müraciət edilir. Məhkəmənin ittiham hökmü ilə şəxs təqsirli bilinərsə, mülki iddia təmin edilir və vergi borcu üzrə məbləğin məhkum olunan şəxsdən tutulmasına qərar verilir. Şəxsin məhkumluğu mülki iddia qaydasında təmin edilən vergi borcunun ödənilməsi vəzifəsindən onu azad etmir.

Vergi borcunun ödənilməsinin təmin edilməsinin əsas üsullarından biri də fərdi sahibkarların və hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıdır. Bununla bağlı yerli vergi orqanları tərəfindən ərizə ilə məhkəməyə müraciət olunduqdan sonra məhkəmə tərəfindən xüsusi icraat qaydasında 10 gün müddətində ərizəyə baxılaraq məhkəmə aktı qəbul edilir. Ərizə təmin edildiyi halda, qətnamə dərhal qüvvəyə minir və ondan şikayət verilməsi qətnamənin icrasını dayandırmır. Vergi borcunun ödənildiyi və ya silindiyi, eyni zamanda məhdudiyyətin aradan qaldırılması üçün digər əsaslar yarandıqda, yuxarı vergi orqanının qərarı ilə şəxsin ölkədən getmək hüququna qoyulmuş məhdudiyyət aradan qaldırılır.

Onu da qeyd edək ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını vergiyə cəlb edilən hesabat dövrü bitdikdən sonra yalnız 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin müddət bitdikdən sonra vergilər, Vergi Məcəlləsinin 93-cü maddəsinə uyğun olaraq, vergi orqanları tərəfindən ümidsiz borc kimi silinməlidir.

Mənbə: vergiler.az



error: Content is protected !!