“Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edildi – Vacib dəyişikliklər var

posted in: Xəbər | 0

mühasibat“ Mühasibat uçotu haqqında ” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, №8, maddə 605; 2008, №12, maddə 1049; 2010, №4, maddələr 265, 276; 2012, №6, maddələr 512, 529; 2013, №1, maddə 18; 2015, №7, maddə 819; 2016, №10, maddələr 1601, 1609, №11, maddə 1754; 2017, №3, maddə 333) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci maddədən “və büdcədənkənar dövlət fondları” və “, habelə tövsiyə xarakteri daşıyan sənədlər” sözləri çıxarılsın.

2. 2-ci maddə üzrə:

2.1. 2.1.1-ci və 2.1.3-2.1.7-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“2.1.1. Uçot qaydaları – mühasibat uçotu subyektlərində mühasibat uçotunun aparılması, mühasibat uçotu sənədlərinin tərtib edilməsi, habelə ayrı-ayrı maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi üzrə normativ hüquqi aktlardır.

2.1.3. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları – bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul olunmuş Mühasibat Uçotunun Beynəlxalq Standartları, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və bu standartlar üzrə həmin beynəlxalq təşkilatın şərhləridir.

2.1.4. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları – bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul olunmuş ictimai sektor üçün nəzərdə tutulan beynəlxalq standartlardır.

2.1.5. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları – bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul olunmuş kiçik və orta sahibkarlıq subyektləri üçün nəzərdə tutulan beynəlxalq standartlardır.

2.1.6. Mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır.

2.1.7. Maliyyə hesabatları – mühasibat uçotu subyektinin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır.”;

2.2. aşağıdakı məzmunda 2.1.10-2.1.23-cü maddələr əlavə edilsin:

“2.1.10. Mühasibat uçotu sənədi – ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir.

2.1.11. İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.

2.1.12. Mühasibat uçotu registrləri – ilkin uçot sənədlərindəki məlumatların mühasibat uçotunda, maliyyə, vergi və digər hesabatlarda əks etdirilməsi məqsədi ilə həmin məlumatların xronoloji ardıcıllıqla sistemləşdirilməsi və yığılması üçün nəzərdə tutulan sənədlərdir.

2.1.13. Analitik uçot – aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və xərclərin hər biri üzrə açılan analitik uçot registrlərində təfsilatı ilə qeydiyyatı və qruplaşdırılmasıdır.

2.1.14. Analitik uçot registrləri – aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və xərclərin ayrılıqda hər biri üzrə məlumatların təfsilatı ilə açıqlanmasını və qruplaşdırılmasını təmin edən jurnallar, cədvəllər və kartlardır.

2.1.15. Sintetik uçot – baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə məlumatların ilkin uçot sənədləri və analitik uçot registrləri əsasında sistemləşdirilmiş şəkildə toplanması, mühasibat uçotu registrlərində əks etdirilməsi və ümumiləşdirilməsidir.

2.1.16. Mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri – müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına əsasən hesabat dövrünün son tarixinə mikro, kiçik, orta və iri sahibkar hesab olunan sahibkarlıq subyektləridir.

2.1.17. Baş mühasib vəzifəsinə təyin edilən, habelə bu vəzifələri icra edən şəxs (bundan sonra – baş mühasib) – mühasibat uçotu subyektində mühasibat uçotunun aparılmasını təmin edən, mühasibat uçotuna əsasən maliyyə, vergi və digər hesabatların tərtib edilməsinə, habelə uçotun formalaşdırılmasına və mühasibat uçotu sənədlərinin saxlanılmasına cavabdeh olan vəzifəli şəxsdir.

2.1.18. Mühasibat uçotu xidməti – mühasibat uçotu subyektlərində öz işçiləri və ya müqavilə əsasında sahibkarlıq subyektləri tərəfindən mühasibat uçotunun aparılması, o cümlədən maliyyə, vergi və digər hesabatların hazırlanması və təqdim edilməsi sahəsində göstərilən xidmətdir.

2.1.19. Peşəkar mühasib – müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçərək, peşəkar mühasib sertifikatını almış və peşəkar mühasib təşkilatının üzvü olan şəxsdir.

2.1.20. Peşəkar mühasib sertifikatı – şəxsin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçdiyini və “Peşəkar mühasib” səviyyəsinə uyğunluğunu təsdiq edən sənəddir.

2.1.21. Peşəkar mühasib səviyyəsi – maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edilməsi, habelə Azərbaycan Respublikasının qanunlarına əsasən vergi və digər hesabatların hazırlanması və təqdim edilməsi bacarığını təsdiq edən peşəkarlıq səviyyəsidir.

2.1.22. Peşəkar mühasib təşkilatı – üzvləri peşəkar mühasiblərdən ibarət olan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatıdır.

2.1.23. Uçot siyasəti – maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı mühasibat uçotu subyektləri tərəfindən tətbiq edilən konkret prinsiplər, əsaslar, şərtlər və yanaşmalardır.”.

3. 3-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“3.1. Bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun bu Qanunla müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılması məcburidir.

3.2. Mühasibat uçotu subyektinin rəhbəri tərəfindən müvafiq struktur bölmə yaradılmaqla və ya müqavilə əsasında sahibkarlıq subyektləri cəlb edilməklə mühasibat uçotu xidmətinin göstərilməsi təşkil edilir. Mikro və kiçik sahibkarlıq subyektlərinin rəhbərləri və fərdi sahibkarların şəxsən özləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş mikro və kiçik sahibkarlıq subyektlərində uçotun aparılması qaydalarına uyğun olaraq mühasibat uçotunu aparmaq hüququna malikdirlər.

3.3. Mühasibat uçotu subyektində baş mühasib mühasibat uçotunun aparılmasını, mühasibat uçotuna əsasən maliyyə, vergi və digər hesabatların tərtib edilməsini, uçotun formalaşdırılmasını və mühasibat uçotu sənədlərinin saxlanılmasını təmin edir.

3.4. Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar.

3.5. Bu Qanunun 3.4-cü maddəsində göstərilən mühasibat uçotu subyektlərinə müqavilə əsasında mühasibat uçotu xidmətini həyata keçirən hüquqi şəxsin ən azı iki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin özü peşəkar mühasib olmadığı hallarda, ən azı bir peşəkar mühasiblə əmək müqaviləsi olmalıdır.”.

4. II fəslin adına “tənzimlənmə” sözündən sonra “və nəzarət” sözləri əlavə edilsin.

5. 4-cü maddə üzrə:

5.1. 4.1-ci, 4.3.1-ci, 4.3.2-ci və 4.3.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:

“4.1. Azərbaycan Respublikasında mühasibat uçotu sahəsində dövlət tənzimləməsinin əsas məqsədi Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları və uçot qaydaları əsasında ölkədə maliyyə hesabatlarının tərtib olunmasını və mühasibat uçotunun aparılmasını təmin etməkdən ibarətdir.

4.3.1. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının Azərbaycan dilinə tərcüməsini təşkil edir və bu tərcümələrin həmin standartların Azərbaycan dilində rəsmi mətnləri kimi dərc olunmasını təmin edir;

4.3.2. bu Qanuna uyğun olaraq uçot qaydalarını təsdiq edir;

4.3.4. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarında, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarında və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarında dəyişikliklərin izlənilməsi və bu dəyişikliklərin onların Azərbaycan dilində olan rəsmi mətnlərində vaxtlı-vaxtında əks olunması məqsədi ilə bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlıq edir;”;

5.2. 4.3-cü maddədə “Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq” sözləri “Müvafiq” sözü ilə əvəz edilsin;

5.3. 4.3.3-cü maddədən “və büdcədənkənar dövlət fondlarının” və “və tövsiyə xarakteri daşıyan sənədlərin” sözləri çıxarılsın, həmin maddədə “tətbiq” sözü “təsdiq” sözü ilə əvəz edilsin;

5.4. 4.3.5-ci maddə ləğv edilsin;

5.5. 4.3.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.3.7-ci, 4.3.8-ci və 4.3-1-4.3-3-cü maddələr əlavə edilsin:

“4.3.7. Peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılmasını təmin edir;

4.3.8. Peşəkar mühasib təşkilatının akkreditasiya olunmasını həyata keçirir.

4.3-1. Bu Qanunun 4.3.1-ci maddəsində nəzərdə tutulan beynəlxalq standartlar onların Azərbaycan dilində rəsmi mətnləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərc olunduğu gündən tətbiq edilir. Beynəlxalq standartların Azərbaycan dilində rəsmi mətnləri ilk dəfə dərc olunduqdan sonra müvafiq icra hakimiyyəti orqanı təsdiq etdiyi müvafiq Milli Mühasibat Uçotu Standartlarını və uçot qaydalarını ləğv edir.

4.3-2. Bu Qanunun 4.3.1-ci maddəsində nəzərdə tutulan beynəlxalq standartların Azərbaycan dilində rəsmi mətnləri dərc olunanadək mühasibat uçotu subyektləri müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi Milli Mühasibat Uçotu Standartlarını və müvafiq uçot qaydalarını və ya bu Qanunun 4.3.1-ci maddəsində nəzərdə tutulan beynəlxalq standartları ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul olunmuş formada tətbiq etmək hüququna malikdirlər.

4.3-3. Bu Qanunun 4.3.1-ci maddəsində nəzərdə tutulan beynəlxalq standartlarla ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul edilmiş beynəlxalq standartlar arasında ziddiyyət yarandığı halda, ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul edilmiş standartlar əsas götürülür.”.

6. 4.4-cü və 12.2-ci maddələrdən “mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən” sözləri çıxarılsın.

7. 5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 5. Mühasibat uçotu sahəsində dövlət nəzarəti

5.1. Mühasibat uçotunun aparılmasına dövlət nəzarəti mühasibat uçotu subyektlərinin aidiyyəti üzrə bu Qanunla müəyyən edilmiş uçot qaydalarına riayət etməsinin yoxlanılmasıdır.

5.2. Mühasibat uçotu subyekti (bu Qanunun 5.3-cü maddəsində göstərilən təşkilatlar istisna olmaqla) tərəfindən bu Qanunla müəyyən edilmiş tələblərə uyğun mühasibat uçotunun aparılmasına, habelə bu Qanunun 3.2-ci və 3.4-cü maddələrinin tələblərinin təmin edilməsinə dövlət nəzarəti həmin subyektlərdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən dövlət maliyyə nəzarəti tədbirləri və vergi yoxlamaları aparılarkən həyata keçirilir.

5.3. Kredit təşkilatları, sığorta şirkətləri, investisiya fondları və bu fondların idarəçiləri, habelə qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin mühasibat uçotunun aparılmasına, habelə bu Qanunun 3.2-ci və 3.4-cü maddələrinin tələblərinin təmin edilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən həyata keçirilir.”.

8. 6.0.1-6.0.3-cü maddələr aşağıdakı redaksiyada verilsin:

“6.0.1. bu Qanunun 8.1-ci və 12-1.1-сi maddələrində göstərilmiş mühasibat uçotu subyektləri tərəfindən istifadə edilən Maliyyə Hesabatlarının Beynəlxalq Standartları;

6.0.2. bu Qanunun 9-cu, 10.1-ci, 10.1-1-ci və 12-1.2.1-ci maddələrində göstərilmiş mühasibat uçotu subyektləri tərəfindən istifadə edilən Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları;

6.0.3. bu Qanunun 12-1.2.2-ci və 13.1-ci maddələrində göstərilmiş mühasibat uçotu subyektləri tərəfindən istifadə edilən İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları.”.

9. 6.0.4-cü və 7-ci maddələr ləğv edilsin.

10. IV fəslin adına “təşkilatlarının” sözündən sonra “mühasibat uçotu və” sözləri əlavə edilsin.

11. 8-ci maddə üzrə:

11.1. maddənin adına “qurumların” sözündən sonra “mühasibat uçotunun aparılması və” sözləri əlavə edilsin;

11.2. 8.1-ci maddədə “Bütün ictimai” sözləri “İctimai” sözü ilə əvəz edilsin və həmin maddədən “yalnız” sözü çıxarılsın;

11.3. aşağıdakı məzmunda 8.1-1-ci maddə əlavə edilsin:

“8.1-1. Bu Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş mühasibat uçotu subyektləri mühasibat uçotunu Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi uçot qaydalarına uyğun aparırlar.”;

11.4. 8.3-cü maddədə “etməyə bilər” sözləri “etməmək hüququna malikdirlər” sözləri ilə əvəz edilsin.

12. 9-cu maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 9. Mikro və kiçik sahibkarlıq subyektlərinin mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsi

9.1. Mikro və kiçik sahibkarlıq subyektləri:

9.1.1. mühasibat uçotunun aparılmasını müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi mikro və kiçik sahibkarlıq subyektlərində uçotun aparılması qaydalarına uyğun olaraq təmin edirlər, və ya;

9.1.2. öz seçimlərindən asılı olaraq, maliyyə hesabatlarını Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib etmək hüququna malikdirlər. Bu halda mikro və kiçik sahibkarlıq subyektləri mühasibat uçotunu, tətbiq etdiyi standartlardan asılı olaraq, bu Qanunun 8.1-1-ci və ya 10.1.1-ci maddələrində nəzərdə tutulmuş uçot qaydalarına uyğun aparırlar.

9.2. Mikro və kiçik sahibkarlıq subyektləri, öz seçimlərindən asılı olaraq, növbəti il üçün illik maliyyə hesabatlarını Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib etmək qərarını, uçot siyasətində əks etdirməklə, cari ilin dekabr ayının 31-dək qəbul edir.”.

13. 10-cu maddə üzrə:

13.1. maddənin adında “İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, kommersiya təşkilatlarının” sözləri “İri və orta sahibkarlıq subyektlərinin mühasibat uçotunun aparılması və” sözləri ilə əvəz edilsin;

13.2. 10.1-ci, 10.1.1-ci və 10.1.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“10.1. İri sahibkarlıq subyektləri:

10.1.1. maliyyə hesabatlarını Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib etməlidirlər. Bu halda iri sahibkarlıq subyektləri mühasibat uçotunu Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi uçot qaydalarına uyğun aparırlar, və ya;

10.1.2. öz seçimlərindən asılı olaraq, maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə tərtib etmək hüququna malikdirlər. Bu halda mühasibat uçotunu bu Qanunun 8.1-1-ci maddəsi ilə müəyyən edilmiş uçot qaydalarına uyğun aparırlar.”;

13.3. aşağıdakı məzmunda 10.1-1-ci, 10.1-1.1-ci, 10.1-1.2-ci və 10.1-2-ci maddələr əlavə edilsin:

“10.1-1. Orta sahibkarlıq subyektləri:

10.1-1.1. bu Qanunun 10.1.1-ci maddəsində nəzərdə tutulmuş uçot qaydalarına uyğun olaraq mühasibat uçotunun aparılmasını təmin edirlər, və ya;

10.1-1.2. öz seçimlərindən asılı olaraq, maliyyə hesabatlarını Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə tərtib etmək hüququna malikdirlər. Bu halda orta sahibkarlıq subyektləri mühasibat uçotunu tətbiq etdiyi standartlardan asılı olaraq, bu Qanunun 8.1-1-ci və ya 10.1.1-ci maddələrində nəzərdə tutulmuş uçot qaydalarına uyğun aparırlar.

10.1-2. Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilən hallarda orta sahibkarlıq subyektləri tərəfindən maliyyə hesabatlarının tərtib edilməsi məcburidir.”;

13.4. 10.2-ci və 10.3-cü maddələr aşağıdakı redaksiyada verilsin:

“10.2. Törəmə cəmiyyətlərindən heç olmasa biri ictimai əhəmiyyətli qurum olan, habelə əsas və ya törəmə cəmiyyətlərindən biri maliyyə hesabatlarını öz seçiminə görə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə tərtib edən iri və orta sahibkarlıq subyektlərinin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edilir.

10.3. Bu Qanunun 10.2-ci maddəsinə əsasən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib etmək öhdəliyi olmayan iri və orta sahibkarlıq subyektləri birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edirlər.”;

13.5. 10.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“10.4. Bir və ya daha çox törəmə cəmiyyətlərə malik olan iri və orta sahibkarlıq subyektləri aşağıda göstərilən şərtləri bütövlükdə yerinə yetirdikdə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib etməmək hüququna malikdirlər:”;

13.6. 10.4.4-cü maddədə “Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına” sözləri “Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına” sözləri ilə əvəz edilsin;

13.7. aşağıdakı məzmunda 10.5-ci maddə əlavə edilsin:

“10.5. İri və orta sahibkarlıq subyektləri, öz seçimlərindən asılı olaraq, növbəti il üçün illik maliyyə hesabatlarını Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib etmək qərarını, uçot siyasətində əks etdirməklə, cari ilin dekabr ayının 31-dək qəbul edir.”.

14. 12-ci maddə üzrə:

14.1. 12.3-cü maddəyə “hazırlayan” sözündən sonra “kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla)” sözləri əlavə edilsin və həmin maddədə “kommersiya təşkilatlarından” sözləri “təşkilatlardan” sözü ilə əvəz edilsin;

14.2. 12.3.1-ci maddədən “, qanunla müəyyən edilmiş hallarda” sözləri çıxarılsın və həmin maddəyə “səhifəsində” sözündən sonra “və ya mətbu orqanda” sözləri əlavə edilsin;

14.3. 12.3.2-ci maddə ləğv edilsin;

14.4. 12.3.3-cü maddədən “qanunla müəyyən edilmiş hallarda” sözləri çıxarılsın;

14.5. aşağıdakı məzmunda 12.3-1-ci, 12.5-ci və 12.6-cı maddələr əlavə edilsin:

“12.3-1. Bu Qanunun 12.3-cü maddəsində göstərilmiş qurumlar törəmə cəmiyyət olduqda və qurumun bilavasitə və ya son nəticədə tabe olduğu əsas cəmiyyət maliyyə hesabatlarını bu Qanunun 12.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq dərc etdirdikdə, qurum maliyyə hesabatlarını dərc etdirməmək hüququna malikdir.”.

12.5. Kommersiya təşkilatlarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi əsasında vergi orqanlarına təqdim etdikləri vergi hesabatları bu Qanunun tələblərinə uyğun olaraq təqdim etdikləri maliyyə hesabatlarını əvəz etmir.

12.6. Bu Qanunun 12.3-cü maddəsinə uyğun olaraq, maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının siyahısını (bu Qanunun 12.2-ci maddəsində göstərilənlər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı ildə bir dəfə hesabat ilindən sonrakı ilin mart ayının 31-dək müvafiq icra hakimiyyəti orqanına təqdim edir.”.

15. IV-I fəslin adına “şəxslərin” sözündən sonra “mühasibat uçotu və” sözləri əlavə edilsin.

16. 12-1-ci maddə üzrə:

16.1. maddənin adında “şəxslərin” sözündən sonra “mühasibat uçotunun aparılması və” sözləri əlavə edilsin;

16.2. 12-1.1-ci maddəyə “tərtib edirlər” sözlərindən sonra “və mühasibat uçotunu bu Qanunun 8.1-1-ci maddəsi ilə müəyyən edilmiş uçot qaydalarına uyğun aparırlar” sözləri əlavə edilsin;

16.3. 12-1.2.1-ci maddədə “Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına” sözləri “Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına” sözləri ilə əvəz edilsin;

16.4. 12-1.2.2-ci maddədə “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına” sözləri “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına” sözləri ilə əvəz edilsin;

16.5. aşağıdakı məzmunda 12-1.2-1-ci maddə əlavə edilsin:

“12-1.2-1. Bu Qanunun 12-1.2-ci maddəsində nəzərdə tutulmuş mühasibat uçotu subyektləri tətbiq etdiyi standartlardan asılı olaraq, mühasibat uçotunu bu Qanunun 8.1-1-ci, 10.1.1-ci və ya 14.1-1-ci maddələrində nəzərdə tutulmuş uçot qaydalarına uyğun aparırlar.”;

16.6. 12-1.9-cu maddəyə “tərtib edən” sözlərindən sonra “(bu Qanunun 12-1.2-ci maddəsində göstərilənlər istisna olmaqla)” sözləri əlavə edilsin, “publik hüquqi şəxslər” sözlərindən sonra “(bu Qanunun 12-1.2-ci maddəsində göstərilənlər istisna olmaqla)” sözləri çıxarılsın;

16.7. aşağıdakı məzmunda 12-1.11-ci maddə əlavə edilsin:

“12-1.11. Publik hüquqi şəxslərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi əsasında vergi orqanlarına təqdim etdikləri vergi hesabatları bu Qanunun tələblərinə uyğun olaraq təqdim etdikləri maliyyə hesabatlarını əvəz etmir.”.

17. V fəslin adına “təşkilatlarının” sözündən sonra “mühasibat uçotu və” sözləri əlavə edilsin.

18. 13-cü maddə üzrə:

18.1. 13.1-ci və 13.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“13.1. Büdcə təşkilatları və bələdiyyə orqanları bu Qanuna əsasən tələb olunan maliyyə hesabatlarını İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun tərtib edirlər.

13.2. Qeyri-hökumət təşkilatları maliyyə hesabatlarını müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formaya uyğun tərtib edirlər.”;

18.2. 13.3-cü maddədən “sadələşdirilmiş” sözü çıxarılsın və aşağıdakı məzmunda 13.4-cü maddə əlavə edilsin:

“13.4. Digər qeyri-kommersiya təşkilatları, o cümlədən büdcədənkənar dövlət fondları iş xüsusiyyətlərindən asılı olaraq maliyyə hesabatlarını bu Qanunla müəyyən edilmiş müvafiq beynəlxalq standartlara uyğun olaraq tərtib edirlər.”.

19. 14-cü maddə üzrə:

19.1. 14-cü maddənin adı və 14.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 14. Qeyri-kommersiya təşkilatları üçün mühasibat uçotunun aparılması, hesabat dövrü, maliyyə hesabatlarının təqdim və dərc edilməsi

14.1. Büdcə təşkilatları üçün hesabat dövrü və maliyyə hesabatlarının təqdim edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;

19.2. aşağıdakı məzmunda 14.1-1-ci maddə əlavə edilsin:

“14.1-1. Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş təşkilatlar mühasibat uçotunun aparılmasını İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi uçot qaydalarına uyğun həyata keçirirlər.”;

19.3. 14.3-cü maddədə “Büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının” sözləri “Büdcə təşkilatlarının” sözləri ilə əvəz edilsin və həmin maddədən “, onlara əlavə edilir” sözləri çıxarılsın;

19.4. aşağıdakı məzmunda 14.4-1-ci maddə əlavə edilsin:

“14.4-1. Qeyri-hökumət təşkilatları mühasibat uçotunun aparılmasını İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi uçot qaydalarına uyğun həyata keçirirlər.”;

19.5. aşağıdakı məzmunda 14.7-ci və 14.8-ci maddələr əlavə edilsin:

“14.7. Bu Qanunun 13.4-cü maddəsində nəzərdə tutulmuş təşkilatlar mühasibat uçotunun aparılmasını, iş xüsusiyyətlərindən asılı olaraq, bu Qanunla müəyyən edilmiş müvafiq uçot qaydalarına uyğun həyata keçirirlər. Həmin təşkilatların maliyyə hesabatları üçün hesabat dövrü bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş müddətlərə uyğun müəyyən edilir və bu təşkilatlar hesabat dövrü başa çatdıqdan sonra, illik maliyyə hesabatlarını növbəti ilin aprel ayının 30-dan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını isə, növbəti ilin iyun ayının 30-dan gec olmayaraq təsisçiyə, habelə qanunla və nizamnamələri ilə müəyyən edilmiş şəxslərə təqdim etməlidirlər.

14.8. Qeyri-kommersiya təşkilatlarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi əsasında vergi orqanlarına təqdim etdikləri vergi hesabatları bu Qanunun tələblərinə uyğun olaraq təqdim etdikləri maliyyə hesabatlarını əvəz etmir.”.

20. Aşağıdakı məzmunda V-I fəsil əlavə edilsin:

“Fəsil V-I Peşəkar mühasib sertifikatının verilməsi

Maddə 14-1. Peşəkar mühasib sertifikatının verilməsi

14-1.1. Peşəkar mühasib sertifikatının verilməsi məqsədi ilə imtahanların keçirilməsi və sertifikatların verilməsi müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən, peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

14-1.2. Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

14-1.3. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən peşəkar mühasib sertifikatının qüvvədə olma müddəti beş ildir. Peşəkar mühasib kimi fəaliyyətini davam etdirmək istəyən şəxs peşəkar mühasib sertifikatının qüvvədə olma müddətinin son ilində növbəti sertifikatı almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən peşəkar mühasib sertifikatı almalıdır.

14-1.4. Peşəkar mühasib sertifikatı alaraq fəaliyyətə başlayan şəxs sonradan eyni standart üzrə iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs sertifikatda qeyd olunan standart üzrə peşəkar mühasib kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı imtahana cəlb olunmur.”.

21. 15.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“15.1. Mühasibat uçotu sənədlərində kommersiya sirri hesab edilən məlumat olduqda, bu məlumatların açıqlanması “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir.”.

22. 16-cı maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 16. Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə məsuliyyət

16.1. Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi, mühasibat uçotu sənədlərinin saxlanılması ilə əlaqədar qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

16.2. Bu Qanunla müəyyən edilmiş tələblərə uyğun mühasibat uçotunun aparılmamasına görə mühasibat uçotu subyektinin rəhbəri, baş mühasib və ya mühasibat uçotu xidmətini həyata keçirən hüquqi və ya fiziki şəxs olan sahibkarlıq subyektləri, habelə bu Qanunun 3.2-ci və 3.4-cü maddələrinin tələblərinin pozulmasına görə mühasibat uçotu subyektinin rəhbəri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.”.

23. 17-ci maddə ləğv edilsin.

24. 18-ci maddə üzrə:

24.1. 18.1-ci, 18.2-ci və 18.3-cü maddələr ləğv edilsin;

24.2. 18.4-cü maddədən “2008-ci il 1 yanvar tarixinə qədər”, “mühasibat uçotunu aparmalı və” və “bu qanun qüvvəyə mindikdən sonra bir il müddətində” sözləri çıxarılsın;

24.3. aşağıdakı məzmunda 18.5-ci maddə əlavə edilsin:

“18.5. Bu Qanunun 3.4-cü maddəsində göstərilən baş mühasiblər tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsi mərhələli şəkildə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətlərə və ardıcıllığa uyğun olaraq həyata keçirilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 may 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ronaldo 14 milyon avro vergi cəriməsi ödəyəcək

posted in: Vergi, Xəbər | 0

vergiRonaldo 14 milyon avro vergi cəriməsi ödəyəcək


Madridin “Real” futbol klubunun və Portuqaliyanın yığma komandasının hücumçusu Cristiano Ronaldo İspaniyada vergiləri tam ödəmədiyinə görə ona qarşı qaldırılmış məhkəmə işinin bağlanması üçün 14 milyon avro məbləğində cəriməni ödəməyə hazır olduğunu bildirmişdir.

Xatırladaq ki, Ronaldo 14,8 milyon avro məbləğində vergini ödəməkdən yayındığına görə ittiham edilir. Ulduz futbolçu indiyə qədər vergi qanunvericiliyinin tələblərini pozması ilə bağlı ona qarşı irəli sürülən iddiaları rədd edirdi.

İspaniyada nəşr edilən “El Mundo” qəzetinin məlumatına əsasən, Ronaldo İspaniya qanunvericiliyin tələblərini dörd dəfə pozduğunu etiraf etmişdir. Əvvəlcə o, dövlət büdcəsinə 3,8 milyon avro vəsait təklif etmiş, lakin vergi xidməti bundan imtina etmişdir.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ödənişli təcrübəçi mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0
mühasib

Ödənişli təcrübəçi mühasib tələb olunur


İşəgötürən: “Maybo” MMC
Vəzifə: Mühasib (Təcrübəçi)

Əmək haqqı: 100 – 200 AZN

İş barədə məlumat

– Gündəlik və aylıq hesabatların tərtib edilməsi
– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabatlarında əks etdirilməsi
– Müştərilər tərəfindən edilən ödənişlərin uçotu və gündəlik nəzarət edilməsi
– Borcların ödənilməsinə dair hesabatların hazırlanması
– Rəhbərlik tərəfindən verilən əlavə xidməti tapşırıqların yerinə yetirilməsi
– İş qrafiki: 09:00-dan 18:00-dək
– Nahar 13:00-dan 14:00dək
– Şənbə, Bazar İstirahət günü

Namizədə tələblər

– Ali təhsilli olmalı (təhsilinin maliyyə, mühasibat sahəsində olması üstünlükdür)
– Mühasibat sahəsində nəzəri biliklər
– MS Office proqramlarında (xüsusən excel) sərbəst işləmək bacarığı
– Gərgin iş tempində işləmək bacarığı, əzmkarlıq, problem həll etmə qabiliyyəti

Cv-ni  elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əvəzçilik qaydasında əmək fəaliyyəti

posted in: Xəbər | 0

əməkƏvəzçilik qaydasında əmək fəaliyyəti


Qanunvericilikdə şəxsin eyni zamanda, bir neçə yerdə işləməsi hansı formada tənzimlənir?

Şəfiqə Ramazanova Bakıda fəaliyyət göstərən uşaq bağçalarının birində tərbiyəçi vəzifəsində çalışır. Onun dediyinə görə, ayda 130 manat əməkhaqqı aldığından maddi durumunu yaxşılaşdırmaq məqsədilə may ayından əlavə olaraq özəl bağçada da fəaliyyətə başlayıb. Amma özəl bağçanın rəhbərliyi digər tərbiyəçilərdən fərqli olaraq ona aşağı məbləğdə əməkhaqqı təyin edib. Bunu isə Şəfiqə Ramazanovanın paralel olaraq başqa müəssisədə tərbiyəçi vəzifəsində çalışması ilə əsaslandırıb.

Bəs görəsən, mövcud qanunvericilikdə şəxsin eyni zamanda bir neçə yerdə işləməsi hansı formada tənzimlənir? Ümumiyyətlə, şəxsin bir deyil, bir neçə yerdə işləməsi mümkündürmü? Bu işçilərin əmək haqqı, sığorta və məzuniyyət məsələsi necə həll olunur? Bir neçə yerdə çalışan işçilər işlədiyi bütün iş yerlərində ştata daxil edilirmi və əmək kitabçasında bunun qeydiyyatı aparılırmı?
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov məsələyə aydınlıq gətirərkən bildirib ki, mövcud qanunvericilik şəxsin eyni zamanda bir neçə yerdə çalışmasına imkan verir. Amma ekspert deyib ki, bu məsələdə işəgötürənlər mütləq qanunvericiliyin tələblərinə uyğun hərəkət etməlidirlər: “Bu əvəzçilik qaydasında əmək fəaliyyəti adlanır. Belə ki, Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan ikinci iş yeri işçinin əlavə iş yeri, birinci əmək müqaviləsi bağlanan yer isə əsas iş yeri sayılır”.

Ekspert iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığının tələb edilmədiyini də vurğulayır. Sahib Məmmədov deyib ki, iş vaxtı ərzində isə əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər. Onun sözlərinə görə, Əmək Məcəlləsinin 58-ci maddəsində o da göstərilib ki, işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra əsas iş yerində 0,5 ştatla əvəzçilik qaydasında işləyə bilər. Bu zaman həftəlik normal iş vaxtının müddəti 20 saatdan çox ola bilməz.

İşçinin neçə yerdə əvəzçiliklə işləyə biləcəyinə gəlincə, Sahib Məmmədov söyləyib ki, əvəzçilik üzrə işləyən işçi normanın yarısından çox olmayan müddət ərzində, eyni zamanda, iş vaxtı üst-üstə düşməyən başqa bir sıra iş yerində işləyə bilər. Amma onun fikrincə, bununla bağlı qanunvericilikdə bəzi məhdudiyyətlər də mövcuddur. Məsələn, işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə işləməsinə yol verilmir. Bundan başqa, dövlət hakimiyyəti orqanlarının müvafiq vəzifəli şəxslərinin əvəzçiliklə işləmələri qanunla qadağan olunur.

Bu işçilərin əməkhaqqı, sığorta və məzuniyyət məsələsinin necə həll olunduğuna da aydınlıq gətirən liqa sədri bildirib ki, Əmək Məcəlləsinin 114.4-cü maddəsinə əsasən, natamam iş vaxtı şəraitində işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir. Sahib Məmmədov deyib ki, Əmək Məcəlləsinin 163-cü maddəsinə əsasən, əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi, mövcud əmək şəraiti nəzərə alınmaqla, faktiki yerinə yetirilən işə görə ödənilir: “Əvəzçilik üzrə işləyənlərin tarif maaşı, mükafatlandırılması, əməkhaqqına əlavələrin, artımların verilməsi əsas işçilər üçün müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir. O ki qaldı sosial sığorta məsələsinə, bu da qanunvericilikdə öz əksini aydın şəkildə tapıb. Belə ki, əgər işçinin çalışdığı iş yerlərindən aldığı əməkhaqqının ümumi məbləği 2000 manatdan yuxarı deyilsə, işçi hər iki iş yerindən adi qaydada sosial sığorta ödənişi edir. İşçinin hər iki iş yerindən aldığı əməkhaqqının məbləği 2000 manatdan yuxarı olarsa, bu halda işçi əsas iş yerindən aldığı əməkhaqqının 14 faizi həcmində sosial sığorta ödənişi etməlidir”.

Bir neçə yerdə çalışan işçilərin işlədiyi bütün iş yerlərində ştata daxil edilib-edilmədiyinə də toxunan ekspert bu məsələnin tənzimlənməsinin mövcud qanunvericilikdə aydın şəkildə təsbit olunduğunu vurğulayıb. Sahib Məmmədovun sözlərinə görə, işçi əvəzçilik üzrə əmək müqaviləsi bağlayan zaman həmin iş yeri işçinin əlavə iş yeri, əməkkitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əmək Məcəlləsinin tələbinə görə əvəzçilik üzrə fəaliyyət göstərmə işçinin əsas iş yeri deyil və bu səbəbdən də ştat cədvəllərində əsasən müəssisənin əsas və daimi iş yerləri üzrə, eyni zamanda, istehsalat və ya xidmət sahələri üzrə vəzifə və peşələr daxil edilməlidir: “Lakin bu ştat cədvəlində 0,5 ştatla, əvəzçilik qaydasında, mövsümi, müvəqqəti və sair formalarda ştatların göstərilməsi də mümkündür. Ştat cədvəli, bu cədvəlləri tərtib etmək səlahiyyəti verilmiş vəzifəli şəxs və şəxslər tərəfindən tərtib edilməli, həmkarlar ittifaqı təşkilatı ilə razılaşdırılmaqla, müəssisənin rəhbəri tərəfindən təsdiq edilməlidir. Bu cədvəllərdə müəssisənin rəhbərindən tutmuş ən aşağı peşə və vəzifə üzrə ştatlar, onların sayı, bu ştatlar üzrə əsas tarif maaşı, əlavə ödəmə və mükafatlar qeyd olunmalı, bu ştatların qüvvədə olma müddətləri və sair şərtlər nəzərə alınmalıdır”. Ekspert onu da deyib ki, ştat cədvəllərinin hər ilin axırında tərtib olunması və ilin əvvəlindən qüvvəyə minməsi daha məqsədəuyğundur: “Ştat cədvəllərində dəyişikliklərin aparılması, əlavələrin edilməsi, ştatların edilməsi ilin hər bir dövrünə ola bilər, lakin bu işlərin yerinə yetirilməsini əvvəlcədən planlaşdırmaq lazımdır. Eyni zamanda, ştat cədvəllərinin tərtib olunmasının hüquqşünas, mühasibatlıq və əməkhaqqı ilə məşğul olan mütəxəssislərə həvalə edilməsi daha düzgündür”.

Əvəzçilik üzrə əmək fəaliyyətinin əmək kitabçasında qeydiyyatının aparılıb-aparılmadığına aydınlıq gətirən Sahib Məmmədov bu məsələnin işçinin istəyindən asılı olduğunu bildirib. Onun sözlərinə görə, əvəzçilik üzrə əmək fəaliyyəti haqqında əmək kitabçasında qeydlər əvəzçilik üzrə əmək müqaviləsinin surəti əsasında işçinin arzusu ilə əsas iş yerində aparılır. Bunlar əsas iş yeri üzrə olan qeydlərlə eyni qaydada, Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” qaydalarına uyğun aparılır. Əmək kitabçasında bu barədə olan qeydlərdə işçinin əvəzçilik qaydasında işləməsi də mütləq qeyd olunmalıdır.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Müzəffər Baxışov isə deyib ki, bu məsələdə bəzən Əmək Məcəlləsinin tələbləri pozulur. Onun sözlərinə görə, xüsusilə özəl sektorda işəgötürənlər savadlı kadrları qanunvericilikdə nəzərdə tutulandan artıq ştat vahidi ilə əvəzçilik qaydasında işə dəvət edirlər: “Bu daha çox təhsil və səhiyyə sahəsində müşahidə olunur. Belə ki, dövlət müəssisəsində tam ştat vahidi əsasında çalışan işçi özəl müəssisədə də tam ştat vahidi ilə fəaliyyət göstərir. Amma bu məsələ adətən rəsmi sənədlərdə öz əksini tapmır və məlumatlar məqsədli şəkildə gizlədilir”.

Sevinc
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.