Əvəzçilik qaydasında əmək fəaliyyəti

posted in: Xəbər | 0
birbank biznes

əməkƏvəzçilik qaydasında əmək fəaliyyəti


Qanunvericilikdə şəxsin eyni zamanda, bir neçə yerdə işləməsi hansı formada tənzimlənir?

Şəfiqə Ramazanova Bakıda fəaliyyət göstərən uşaq bağçalarının birində tərbiyəçi vəzifəsində çalışır. Onun dediyinə görə, ayda 130 manat əməkhaqqı aldığından maddi durumunu yaxşılaşdırmaq məqsədilə may ayından əlavə olaraq özəl bağçada da fəaliyyətə başlayıb. Amma özəl bağçanın rəhbərliyi digər tərbiyəçilərdən fərqli olaraq ona aşağı məbləğdə əməkhaqqı təyin edib. Bunu isə Şəfiqə Ramazanovanın paralel olaraq başqa müəssisədə tərbiyəçi vəzifəsində çalışması ilə əsaslandırıb.

Bəs görəsən, mövcud qanunvericilikdə şəxsin eyni zamanda bir neçə yerdə işləməsi hansı formada tənzimlənir? Ümumiyyətlə, şəxsin bir deyil, bir neçə yerdə işləməsi mümkündürmü? Bu işçilərin əmək haqqı, sığorta və məzuniyyət məsələsi necə həll olunur? Bir neçə yerdə çalışan işçilər işlədiyi bütün iş yerlərində ştata daxil edilirmi və əmək kitabçasında bunun qeydiyyatı aparılırmı?
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov məsələyə aydınlıq gətirərkən bildirib ki, mövcud qanunvericilik şəxsin eyni zamanda bir neçə yerdə çalışmasına imkan verir. Amma ekspert deyib ki, bu məsələdə işəgötürənlər mütləq qanunvericiliyin tələblərinə uyğun hərəkət etməlidirlər: “Bu əvəzçilik qaydasında əmək fəaliyyəti adlanır. Belə ki, Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan ikinci iş yeri işçinin əlavə iş yeri, birinci əmək müqaviləsi bağlanan yer isə əsas iş yeri sayılır”.

Ekspert iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığının tələb edilmədiyini də vurğulayır. Sahib Məmmədov deyib ki, iş vaxtı ərzində isə əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər. Onun sözlərinə görə, Əmək Məcəlləsinin 58-ci maddəsində o da göstərilib ki, işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra əsas iş yerində 0,5 ştatla əvəzçilik qaydasında işləyə bilər. Bu zaman həftəlik normal iş vaxtının müddəti 20 saatdan çox ola bilməz.

İşçinin neçə yerdə əvəzçiliklə işləyə biləcəyinə gəlincə, Sahib Məmmədov söyləyib ki, əvəzçilik üzrə işləyən işçi normanın yarısından çox olmayan müddət ərzində, eyni zamanda, iş vaxtı üst-üstə düşməyən başqa bir sıra iş yerində işləyə bilər. Amma onun fikrincə, bununla bağlı qanunvericilikdə bəzi məhdudiyyətlər də mövcuddur. Məsələn, işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə işləməsinə yol verilmir. Bundan başqa, dövlət hakimiyyəti orqanlarının müvafiq vəzifəli şəxslərinin əvəzçiliklə işləmələri qanunla qadağan olunur.

Bu işçilərin əməkhaqqı, sığorta və məzuniyyət məsələsinin necə həll olunduğuna da aydınlıq gətirən liqa sədri bildirib ki, Əmək Məcəlləsinin 114.4-cü maddəsinə əsasən, natamam iş vaxtı şəraitində işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir. Sahib Məmmədov deyib ki, Əmək Məcəlləsinin 163-cü maddəsinə əsasən, əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi, mövcud əmək şəraiti nəzərə alınmaqla, faktiki yerinə yetirilən işə görə ödənilir: “Əvəzçilik üzrə işləyənlərin tarif maaşı, mükafatlandırılması, əməkhaqqına əlavələrin, artımların verilməsi əsas işçilər üçün müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir. O ki qaldı sosial sığorta məsələsinə, bu da qanunvericilikdə öz əksini aydın şəkildə tapıb. Belə ki, əgər işçinin çalışdığı iş yerlərindən aldığı əməkhaqqının ümumi məbləği 2000 manatdan yuxarı deyilsə, işçi hər iki iş yerindən adi qaydada sosial sığorta ödənişi edir. İşçinin hər iki iş yerindən aldığı əməkhaqqının məbləği 2000 manatdan yuxarı olarsa, bu halda işçi əsas iş yerindən aldığı əməkhaqqının 14 faizi həcmində sosial sığorta ödənişi etməlidir”.

Bir neçə yerdə çalışan işçilərin işlədiyi bütün iş yerlərində ştata daxil edilib-edilmədiyinə də toxunan ekspert bu məsələnin tənzimlənməsinin mövcud qanunvericilikdə aydın şəkildə təsbit olunduğunu vurğulayıb. Sahib Məmmədovun sözlərinə görə, işçi əvəzçilik üzrə əmək müqaviləsi bağlayan zaman həmin iş yeri işçinin əlavə iş yeri, əməkkitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əmək Məcəlləsinin tələbinə görə əvəzçilik üzrə fəaliyyət göstərmə işçinin əsas iş yeri deyil və bu səbəbdən də ştat cədvəllərində əsasən müəssisənin əsas və daimi iş yerləri üzrə, eyni zamanda, istehsalat və ya xidmət sahələri üzrə vəzifə və peşələr daxil edilməlidir: “Lakin bu ştat cədvəlində 0,5 ştatla, əvəzçilik qaydasında, mövsümi, müvəqqəti və sair formalarda ştatların göstərilməsi də mümkündür. Ştat cədvəli, bu cədvəlləri tərtib etmək səlahiyyəti verilmiş vəzifəli şəxs və şəxslər tərəfindən tərtib edilməli, həmkarlar ittifaqı təşkilatı ilə razılaşdırılmaqla, müəssisənin rəhbəri tərəfindən təsdiq edilməlidir. Bu cədvəllərdə müəssisənin rəhbərindən tutmuş ən aşağı peşə və vəzifə üzrə ştatlar, onların sayı, bu ştatlar üzrə əsas tarif maaşı, əlavə ödəmə və mükafatlar qeyd olunmalı, bu ştatların qüvvədə olma müddətləri və sair şərtlər nəzərə alınmalıdır”. Ekspert onu da deyib ki, ştat cədvəllərinin hər ilin axırında tərtib olunması və ilin əvvəlindən qüvvəyə minməsi daha məqsədəuyğundur: “Ştat cədvəllərində dəyişikliklərin aparılması, əlavələrin edilməsi, ştatların edilməsi ilin hər bir dövrünə ola bilər, lakin bu işlərin yerinə yetirilməsini əvvəlcədən planlaşdırmaq lazımdır. Eyni zamanda, ştat cədvəllərinin tərtib olunmasının hüquqşünas, mühasibatlıq və əməkhaqqı ilə məşğul olan mütəxəssislərə həvalə edilməsi daha düzgündür”.

Əvəzçilik üzrə əmək fəaliyyətinin əmək kitabçasında qeydiyyatının aparılıb-aparılmadığına aydınlıq gətirən Sahib Məmmədov bu məsələnin işçinin istəyindən asılı olduğunu bildirib. Onun sözlərinə görə, əvəzçilik üzrə əmək fəaliyyəti haqqında əmək kitabçasında qeydlər əvəzçilik üzrə əmək müqaviləsinin surəti əsasında işçinin arzusu ilə əsas iş yerində aparılır. Bunlar əsas iş yeri üzrə olan qeydlərlə eyni qaydada, Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” qaydalarına uyğun aparılır. Əmək kitabçasında bu barədə olan qeydlərdə işçinin əvəzçilik qaydasında işləməsi də mütləq qeyd olunmalıdır.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Müzəffər Baxışov isə deyib ki, bu məsələdə bəzən Əmək Məcəlləsinin tələbləri pozulur. Onun sözlərinə görə, xüsusilə özəl sektorda işəgötürənlər savadlı kadrları qanunvericilikdə nəzərdə tutulandan artıq ştat vahidi ilə əvəzçilik qaydasında işə dəvət edirlər: “Bu daha çox təhsil və səhiyyə sahəsində müşahidə olunur. Belə ki, dövlət müəssisəsində tam ştat vahidi əsasında çalışan işçi özəl müəssisədə də tam ştat vahidi ilə fəaliyyət göstərir. Amma bu məsələ adətən rəsmi sənədlərdə öz əksini tapmır və məlumatlar məqsədli şəkildə gizlədilir”.

Sevinc
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email