İstirahət vaxtı: fasilələr, istirahət günləri və bayram günləri

posted in: Xəbər | 0

İşçilərin istirahət hüququ

İstirahət hüququ işçinin əsas əmək hüquqlarından biridir və o, əmək müqaviləsinin bağlandığı andan yaranır. İşəgötürən işçini müqavilənin qüvvədə olduğu müddətdə, o cümlədən iş günü ərzində istirahət vaxtı ilə (işdə fasilələr, istirahət günləri, bayram günləri) təmin etməyə borcludur.

İstirahət vaxtı işçinin müqavilə üzrə vəzifələrini yerinə yetirməkdən azad olduğu əmək münasibətləri dövrüdür. Onu tənzimləyən qanunvericilik normaları təşkilat növündən, mülkiyyət formasından asılı olmayaraq bütün işəgötürənlərə şamil edilir.

İstirahət hüququ Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilib. Onun təmin edilmişi üçün işəgötürən:

  • normal iş vaxtının müddətini, qısaldılmış iş vaxtını (müəyyən işçi kateqoriyaları üçün) müəyyən edir;
  • işçinin həftə sonu istirahət günlərindən, qanunvericilikdə müəyyən edilmiş bayram günlərindən istifadəsini təmin edir;
  • illik ödənişli məzuniyyətlərin verir.

İstirahət hüququnun tənzimlənməsi Əmək Məcəlləsi, digər normativ hüquqi aktlara uyğun tənzimlənir.

İstirahət vaxtının növləri

Əmək Məcəlləsinin on beşinci fəsli istirahət vaxtı ilə bağlı əsas müddəaları özündə əks etdirir. Məcəlləyə görə işçinin aşağıdakı istirahət vaxtılarından istifadə hüquqi var:

  • iş vaxtı ərzində fasilələr;
  • gündəlik (növbələr arası) istirahət vaxtı;
  • həftələrarası fasiləsiz istirahət (istirahət günləri);
  • qeyri-iş günü olan bayramlar;
  • məzuniyyətlər.

Bunlardan başqa AR Milli Məclisi deputatlarının, AR Prezidentinin bələdiyyə üzvlərinin seçkiləri, habelə referendum zamanı səsvermə günü iş günü sayılmır (ƏM, maddə 105-1).

Hər il yanvarın 20-si — ümumxalq hüzn günü də iş günü hesab edilmir (ƏM, maddə 106).

İş günü ərzində fasilələr

İş günü (növbəsi) ərzində işəgötürən işçiyə istirahət etmək üçün vaxt verməyə borcludur, məsələn:

  • istirahət və yemək üçün fasilə (ƏM, maddə 103.1);
  • soyuq və isti havalar şəraitində fasilələr (ƏM, maddə 233);
  • uşağın yedizdirilməsi üçün fasilələr (ƏM, 244).

İstirahət və yemək üçün fasilə bütün işçilərə verilir. Onun verilməsi vaxtı və davamiyyəti daxili əmək qaydalarına uyğun müəyyən edilir, müddəti isə iş vaxtına daxil edilmir.

Təbii şəraitə görə (isti, soyuq, küləkli havalar) işçilərə fasilələr verilir.  Bu fasilələrin şərtləri Əmək Məcəlləsinə 2-ci əlavə ilə tənzimlənir.  Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir.

Uşağın yedizdirilməsi üçün fasilə yaş yarıma çatmamış uşağı olan qadınlara hər 3 saatdan  bir hərəsi 30 dəqiqədən az olmamaqla verilir. İki və daha çox yaş yarımına çatmayan uşağı olan qadınlara hər fasilənin müddəti ən azı bir saat müəyyən olunur. Bu fasilələrin müddəti  iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasiləyə aid deyil.

Növbələrarası istirahət vaxtı

Gündəlik (növbələr arası) istirahət, bir iş gününün başa çatması ilə bilavasitə bitişik olan digər iş gününün başlamalı olduğu vaxt arasındakı dövrdür. İşçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır (ƏM, maddə 103.4).

Növbəli iş vaxtı rejimində işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir. İşçinin gündəlik istirahət hüququ gündəlik iş vaxtı işlədikdən sonra yaranır.

İstirahət günləri

Həftələrarası fasiləsiz istirahət bir iş gününün (həftəsonundan əvvəlki gün) başa çatmalı olduğu və başqa bir iş gününə (həftə sonundan dərhal sonra) başlamalı olduğu vaxt arasındakı müddətdir. İstirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır. Ümumi qəbul edilmiş qaydalara görə istirahət günü bazar günüdür.

İş vaxtının cəmlənmiş uçotu zamanı  işçilərə  əmək müqaviləsinin, növbə cədvəlinin müddəalarına uyğun olaraq həftənin müxtəlif günlərində növbə qrafiki üzrə istirahət günləri verilməklə iş həftəsi təyin edilə bilər (ƏM, maddə 104).

Qeyri-iş günü olan bayramlar

Bayram günlərinin tərkibi Əmək Məcəlləsinin 105-ci maddəsində müəyyən olunub. Günləri iki yerə ayrılır:

  • iş günü hesab olunmayan bayramlar
  • iş günü hesab olunan bayramlar

İstirahət günü bayram gününə təsadüf edərsə, istirahət günü bayramdan sonrakı iş gününə keçirilir. İşəgötürənin bunu daxili normativ aktla təsdiqləməsinə ehtiyac yoxdur.

Eyni zamanda bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl, yaxud da sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olması təmin edilməlidir. Amma bunu işgötürən bunu müstəqil edə bilməz. Yerdəyişmə yerli müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilir.

İşçilərin qeyri-iş günü sayılan günlərində işçilərin işə cəlb olunmasına Əmək Məcəlləsində nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər. Həmin günlərdə işə cəlb olunmuş işçilərin əməyi tərəflərin qarşılıqlı razılığı ilə digər istirahət günü verilməklə, yaxud da ikiqat məbləğdə əməkhaqqı ödənilməklə əvəzlənə bilər.

Ödənişli məzuniyyətlər

Məzuniyyət xüsusi təminat qaydaları əsasında verilən uzunmüddətli istirahət vaxtıdır. İllik məzuniyyət müddətində işəgötürən işçinin iş yerini (vəzifəsini) və orta əməkhaqqısını (ödənişsiz məzuniyyət istisna olmaqla) saxlayır.

Ödənişli məzuniyyətlərin verilməsi növbəliyi hər il tərtib edilən məzuniyyət qrafikinə uyğun olaraq müəyyən edilir. Onun müddəti əsas və əlavə məzuniyyətlərin cəmi kimi müəyyən olunur.

Məzuniyyətlər haqqında buradan daha ətraflı tanış olmaq olar.

Xüsusi şəraitdə çalışan işçilərə tətbiq edilən əlavə əməkhaqqı və qidalar

POS-terminallardan istifadə ilə bağlı nəzarət tədbirləri davam etdirilir

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti POS-terminal quraşdırılması məcburi olan ticarət və iaşə obyektlərində POS-terminalların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina hallarının qarşısının alınması məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir.

Nəzarət tədbirləri nəticəsində ümumilikdə 593 ticarət və iaşə obyektində ödənişlərin sistematik şəkildə POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsinə şərait yaradıldığı aşkarlanıb. Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçılara elektron ödəniş imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir.

Xatırladaq ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat, ikinci dəfə yol verildikdə 3.000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

Mənbə: vergiler.az

Hansı hallarda əməkhaqqıdan tutulmalar ola bilər?

2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 16 dekabr 2024-cü il tarixli Qərarı ilə 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2025-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2024-cü il 11 dekabr tarixli 521 nömrəli Qərarına əsasən 2025-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1, 2 yanvar   –   Yeni il bayramı;
20 Yanvar   –   Ümumxalq Hüzn Günü;
8  Mart   –   Qadınlar Günü;
20, 21, 22, 23, 24   mart   –  Novruz bayramı;
30, 31 mart    –   Ramazan  bayramı;
9  May    –   Faşizm üzərində Qələbə Günü;
28 May   –   Müstəqillik Günü;
6, 7 iyun   –   Qurban bayramı;
15 İyun   –   Azərbaycan xalqının Milli Qurtuluş Günü;
26 İyun   –   Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;
8 Noyabr   –   Zəfər Günü;
9  Noyabr   –   Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;
31 Dekabr   –   Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” 2024-cü il 28 noyabr tarixli 499 nömrəli və “2025-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2024-cü il 11 dekabr tarixli 521 nömrəli qərarlarına əsasən 2025-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi və iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3 yanvar, 10, 25 və 26 mart, 1 aprel, 9, 16 iyun, 10 və 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 25 mart, 1 aprel, 16 iyun və 10 noyabr tarixləri istirahət günləridir.

2025-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 noyabr tarixli 49/238 nömrəli qərarına əsasən 2025-ci ilin 29 yanvar tarixi Bələdiyyə seçkiləri günü elan edilmişdir ki, həmin gün iş günü hesab edilmir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə  əsasən həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

2025-ci ildə beşgünlük iş həftəsində 239 iş günü (onlardan, 8-i bayramqabağı və 1-bələdiyyə seçkiləri günü qabağı), iş günü hesab edilməyən 105 istirahət günü (onlardan, 8-i iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən, 1-i 2024-cü ildən yerdəyişmə ilə keçirilən), iş günü hesab edilməyən 19 bayram, 1 Bələdiyyə seçkiləri günü və 1 Ümumxalq Hüzn Günü vardır (239+105+19+1+1= 365).

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən Azərbaycan Respublikasında gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.

2025-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.

Qanunvericiliyə uyğun olaraq 2025-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1903 saat təşkil edir (230×8+9×7=1903 saat).

İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91-ci, 92-ci və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn Günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2025-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1903 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz.

İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqavilədə nəzərdə tutulmaqla həll olunur.

Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

Nazir: Sahil Babayev

Mənbə: sosial.gov.az

Xüsusi şəraitdə çalışan işçilərə tətbiq edilən əlavə əməkhaqqı və qidalar

posted in: Xəbər | 0

Bəzi ərazilər və fəaliyyət sahələri xüsusiyyətlərinə görə əmək şəraiti ağır və zərərli, habelə xüsusilə ağır və zərərli işlər hesab edilir. Bu səbəbdən, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. 

Mövzu ilə bağlı əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov açıqlama verir: 

Yuxarıda sadalanan hallar Əmək Məcəlləsinin 159-cu maddəsində öz əksini tapıb. Əməkhaqqına belə artımların məbləğinin minimum miqdarı Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına əsasən, həmin kateqoriyalara aid olan müəssisə, idarə və təşkilatlarda iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan sahələrdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına, əmək şəraitinin ağır və zərərlilik səviyyəsindən asılı olaraq, artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilir:

Ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:

aşağı səviyyəsində -1,04
orta səviyyəsində -1,08
yuxarı səviyyəsində -1,12

Xüsusilə ağır və xüsusilə zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:

aşağı səviyyəsində -1,16
orta səviyyəsində -1,2
yuxarı səviyyəsində -1,24

Yuxarıdakı cədvəldə əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərə ödənilməli artımın minimum məbləği müəyyən olunub. Bu göstərici müəyyən edilmiş normadan artıq da verilə bilər. Digər bir məsələ isə artımın işçinin tarif maaşına tətbiq olunmasıdır.

Misal 1: İş yerlərinin attestasiyasına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarı ilə əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin orta səviyyəsində təsnifləşdirilmiş iş yerində çalışan işçinin tarif maaşı 400 manatdırsa, işlədiyi iş yerinin kateqoriyasına əsasən, işçinin alacağı əməkhaqqı 432 manat olacaq:
400 x1.08= 432 manat.

Susuz torpaq ərazisi hesab edilən yerlərdə çalışanlar

Azərbaycan Respublikasının susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən 20 km-dən 40 km-dək uzaqda yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əməkhaqqına artımın (əmsalın) minimum miqdarı 1,2, 40 km və ondan çox olduqda isə 1,4 məbləğində müəyyən edilib. Susuz ərazilər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilir və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə birlikdə həmin ərazilərin xəritəsi hazırlanır. Müəssisə, idarə və təşkilatlar respublikanın susuz ərazilərində daimi içməli su mənbəyindən uzaqda yerləşən iş yerlərində çalışan işçilərin əməkhaqqına artım əmsallarını tətbiq edərkən iş yerləri ilə içməli su mənbəyi arasındakı məsafələri hər il şəhər (rayon) icra hakimiyyəti orqanı ilə dəqiqləşdirərək razılaşdırılır.

Susuz ərazilərlə bağlı artım əmsalları yuxarıda əmək şəraiti ağır və zərərli işlərdə çalışan işçilər üçün müəyyən edilmiş artım əmsallarından fərqli olaraq, işəgötürən tərəfindən tarif (vəzifə) maaşına, vaxtamuzd və işəmuzd əməkhaqqına, qanunvericiliklə tarif (vəzifə) maaşına müəyyən edilmiş əlavələrə və “Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qararının 1 nömrəli Əlavəsinin 3-cü abzasında nəzərdə tutulan mükafatlara tətbiq edilir.

Xəzər dənizində yerləşən müəssisələrdə çalışanlar

Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına, sahillə əlaqə şəraitindan asılı olaraq, artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilib:

Sahillə quru yol əlaqəsi olduqda 1,4
Quru yol əlaqəsi olmadıqda və sahildən aşağıdakı uzaqlıqda yerləşdikdə
  • 0,5 km-ə qədər
1,5
  • 0,5 km-dən 70 km-ə qədər
1,65
  • 70-km-dən artıq
1,75

Misal 2: Xəzər dənizində yerləşən obyektlərdə çalışan şəxsin iş yerinin quru yol əlaqəsi yoxdur və sahildən 50 km uzaqlıqda yerləşir. İşçinin tarif maaşı 640 manatdır. Əməkhaqqına əlavə nə qədər olacaq?
640 x 1.65 = 1056 manat.

Dəniz səviyyəsindən hündürlükdə çalışanlar

Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əməkhaqqında hündürlük:

– 1.200 metrdən 1.500 metrədək olduqda artımın (əmsalın) minimum miqdarı 1,1;
– 1.500 metrdan 2.000 metrǝdak olduqda 1,2;
– 2.000 metrdan yuxarı olduqda isə 1,3 məbləğində müəyyən edilir.

Dəniz səviyyəsindən 1.200 metrdən 1.500 metrədək, 1.500 metrdən 2.000 metrədək və 2.000 metrdən yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısı Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarının 1 və 2 nömrəli əlavələrinə uyğun qaydada müəyyən edilir.

Bu artım əmsalları da işəgötürən tərəfindən tarif (vəzifə) maaşına, vaxtamuzd və işəmuzd əməkhaqqına, qanunvericiliklə tarif (vəzifə) haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin maaşına müəyyən edilmiş əlavələrə və “Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarının 1 nömrəli Əlavəsinin 3-cü abzasında nəzərdə tutulan mükafatlara tətbiq edilir:
– kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada, qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.) və icra hakimiyyəti orqanlarının rəhbər işçilərinə və şəhər (rayon) icra hakimiyyəti başcılarına səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün əlavə pul təminatı.

Misal 3: Gədəbəy rayonunun Düzyurd kəndində dəniz səviyyəsindən yüksəkdə işləri yerinə yetirən fəhlənin aylıq tarif maaşı 700 manatdır. Düzyurd kəndi Nazirlər Kabinetinin müvafiq qərarının 1 nömrəli Əlavəsinə əsasən, dəniz səviyyəsindən 1.500 metrdən 2.000 metrədək hündürlükdə yerləşdiyini nəzərə alaraq, işçiyə ödəniləcək əlavəni müəyyən edək. Qərara əsasən, həmin hüdürlükdə yerləşən müəssisədə çalışan işçinin əməkhaqqına tətbiq olunacaq artım əmsalı 1.2-dir. Deməli, işçi 840 manat əməkhaqqı alacaq:
700 x 1.2 = 840 manat.

Əmək şəraitinin ağır və zərərliliyinin qiymətləndirilməsi Nazirlər Kabinetinin 2.000-ci il 6 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”na əsasən, iş yerlərinin qiymətləndirilməsi, onun əmək şəraiti üzrə normativlərə uyğunluğu cədvəli əsasında müəyyən edilir. İş yerlərinin attestasiyasının nəticələrinə uyğun olaraq əmək şəraitinin ağır və zərərliliyinin qiymətləndirilməsi metodikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 04 dekabr 2002-ci il tarixli 15-4 nömrəli qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən, istehsalat mühiti amillərinin zərərliliyi və işin ağırlığı dərəcələri bal üsulu ilə müəyyən edilir.

Zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatlarda çalışanlara pulsuz yeməklərin verilməsi

Əmək Məcəlləsinin 209-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanları, mülkiyyətçilər, işəgötürənlər və işçilər tərəfindən əməyin mühafizəsinin təmin olunması prinsipləri müəyyən edilib. Həmin prinsiplərdən biri də işçilərin xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə, müalicə-profilaktik yeməklə və digər vasitələrlə pulsuz təmin edilməsidir.

Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini təmin etməlidirlər. Bu qaydalar Nazirlər Kabinetinin 2017-ci il 14 dekabr tarixli 550 nömrəli qərarı ilə təsdiq edilib. İşçilərə pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullar iş yerlərinin attestasiyasının nəticələrinə əsasən həmin iş yerləri zərərli, ağır və ya xüsusilə zərərli və xüsusilə ağır qiymətləndirildikdə verilir. Həyata keçirilən əməyin mühafizəsi tədbirləri nəticəsində iş yerlərinin attestasiyası zamanı zərərli və ağır əmək şəraitinin aradan qaldırıldığı müəyyən edildikdə, həmin qida məhsullarının verilməsi dayandırılır.

Pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullar verilən yeraltı əmək şəraitli iş yerləri iş yerlərinin attestasiyasının nəticələri əsasında Nazirlər Kabinetinin 2002-ci il 20 fevral tarixli 30 nömrəli qərarı ilə təsdiq edilmiş “İşləri yerin altında görülən yeraltı istehsalatların, şaxtaların, tunellərin, qurğuların və digər iş yerlərinin Siyahısı”na əsasən müəyyən edilir. Qərarda iş yerləri 2 kateqoriyaya ayrılıb. Bu kateqoriyalardan birinə aid iş yerlərində çalışan işçilərə yuxarıda qeyd olunan məhsulların verilməsi öz əksini tapıb.

Pulsuz müalicə-profilaktik yeməklər və süd əvəzinə işçilərə pul kompensasiyasının ödənilməsi qadağandır.

Əmək şaraiti zərərli və ağır qiymətləndirilən iş yerlərində çalışan işçilərə iş vaxtı (növbəsi) ərzində 0,5 litr pulsuz süd verilir, pulsuz müalicə- profilaktik yemək verilən işçilərə isə süd verilmir. Pulsuz müalicə-profilaktik yeməklər iş vaxtı (növbəsi) ərzində iş yerinə yaxın bufetlərdə və ya yeməkxanalarda istirahət və nahar fasiləsi zamanı yeyilməlidir. Süd və ona bərabər tutulan məhsullar iş vaxtı (növbəsi) ərzində iş yerinə yaxın bufetlərdə, yeməkxanalarda və ya sanitariya-gigiyena tələblərinə cavab verən otaqlarda paylanmalı, istirahət və nahar fasiləsi və ya qısa fasilələr zamanı içilməli və ya yeyilməlidir. Südün əvəzinə qaydalarda müəyyən edilməyən digər yeyinti məhsullarının verilməsinə icazə verilmir.

Qurğuşunun qeyri-üzvi birləşmələri ilə daimi təmasda olan işçilərə süd əvəzinə qatıq verilməsi tövsiyə edilir və onlara süddən və ya qatıqdan əlavə saflaşdırılmış və konservləşdirilmiş bitki mənşəli yeyinti məhsulları, meyvə şirəli içkilər şəklində 2 qram pektin verilməlidir (pektinin faktiki miqdarı istehsalçı zavod tərəfindən malın üstündə göstərilən faizlə müəyyən edilir). Bu miqdarda pektini əvəz etmək məqsədilə işçilərə kələmdən, yerkökündən, ağ turpdan, qırmızı turpdan, çuğundurdan hazırlanmış salat və ya tərkibində 250-300 milliqram mət olan natural meyvə şirələri verilməsinə icazə verilir. Tərkibində pektin olan yeyinti məhsulları, meyvə şirələri, içkilər işə başlamazdan qabaq verilməli və iş gününün başlanğıcında içilməli və ya yeyilməlidir. Antibiotiklərin istehsalında və emalında çalışan işçilərə süd əvəzinə qatıq və ya üzlü süd əsasında hazırlanmış kolibakterin verilməlidir.

Müəyyən edilmiş normalar dövlət təminatının minimum normalarıdır. Bu normalar çərçivəsində işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullarla bağlı xərclər buraxılan məhsulun və ya göstərilən xidmətin maya dəyəri xərclərinə aid edilir. Büdcədən maliyyələşdirilən müəssisələrdə işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullarla bağlı xərclər gəlirdən çıxılan xərclərin tərkibində nəzərdə tutulmaqla ödənilir. Bu, Vergi Məcəlləsinin 109.3-cü maddəsi ilə təsdiq edilib. Kollektiv müqavilələrdə, kollektiv müqavilənin bağlanmadığı hallarda isə əmǝk müqaviləsində və ya işəgötürənlə həmkarlar ittifaqları arasında razılaşmalarla müəyyən edilmiş normalardan yüksək miqdarda, habelə qaydalar şamil olunmayan zərərli və ağır əmək şəraitli iş yerlərində çalışan işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi nəzərdə tutularsa, normadan artıq xərclər məhsulun maya dəyərinə daxil edilmir və müəssisənin gəliri hesabına ödənilir.

Vergi Məcəlləsinin 102.1.14.5-ci maddəsinə əsasən, əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri gəlir vergisindən azaddır. Eyni zamanda, Vergi Məcəlləsinin 102.1.14.4-cü maddəsinə əsasən, ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərin tibbi müayinədən keçirilməsi üçün işəgötürənin hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmiş xərc məbləğləri də gəlir vergisindən azaddır.

Mənbə: vergiler.az

Yük gömrük bəyannamələri haqqında vergi orqanına məlumat verilməsi

1 242 243 244 245 246 247 248 2. 683