Dövlət büdcəsi üçün ağır yük olan müəssisələr hansılardır?

posted in: Vergi, Xəbər | 0

2017-ci ilin iyulun 1-nə dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə borc məbləğinin həcminin kifayət qədər böyük olmasına (15,565 mlrd. manat) baxmayaraq təqdim olunmuş büdcə layihəsində həmin məbləğ 302,9 mln. manat məbləğində şərti öhdəlik kimi nəzərdə tutulub. Bu barədə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyində qeyd edilib.

Sənəddə vurğulanıb ki, xarici dövlət borcu üzrə isə 5,1 mlrd. manat dollara qarşı 487,9 mln. dollar kimi şərti öhdəlik qəbul edilib. “Son illərin təcrübəsinə əsaslansaq qeyd etmək olar ki, dövlət zəmanəti ilə təmin edilmiş və bir sıra dövlət təşkilatlarına (“Baku Bus” MMC, “Azərkosmos” ASC, “Azərsu” ASC, “Azərenerji” ASC və sair) ötürülmüş kredit vəsaitlərinin əksər hissəsi büdcə vəsaiti hesabına qaytarılır ki, bu da gələcəkdə dövlət büdcəsi üçün ağır yükə çevrilir. Qeyd olunanları nəzərə alaraq həm daxili, həm də xarici dövlət borcu üzrə dövlət zəmanətli kreditlərin tərkib risklərini özündə birləşdirən borca xidmət göstərilməsi ilə bağlı gələcək xərclərin dayanıqlı olmasını təmin edən sistemin qurulmasını və dövlət zəmanəti ilə cəlb edilən kreditlərin bir hissəsinin şərti öhdəlik kimi təsnifləşdirilməklə borcun uçotunda əks edilməsini məqsədəmüvafiq hesab edirik”, – rəydə qeyd edilib.

Mənbə: Apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Səyyar vergi yoxlamaları məhdudlaşdırılacaqmı???

posted in: Vergi, Xəbər | 0

Azərbaycanda xronometraj metodu ilə müşahidə aparılan kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının məhdudlaşdırılması istiqamətində də tədbirlərin əlavə olunması tövsiyyə edilir.

Deyirlər ki, növbəti ilin büdcə-vergi siyasətinə vergi güzəştlərinin və azadolmaların səmərəliliyinin diaqnostikasının aparılması, vergitutmada qeyri-xammal ixracının təşviqini təmin edən islahatlar layihəsinin hazırlanması, dövlət mülkiyyətinə aid edilən təsərrüfat hesablı qurumların fəaliyyətində dövlət büdcəsi vəsaitlərinin iştirakının optimallaşdırılması, differensiallaşdırılmış əlavə dəyər vergisi dərəcələri tətbiq edilməli olan malların siyasının hazırlanması və tətbiqi müddətinin müəyyənləşdirilməsi, eləcə də xronometraj metodu ilə müşahidə aparılan kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının məhdudlaşdırılması istiqamətində də tədbirlərin əlavə olunması məqsədəuyğundur.

Digər tövsiyyə isə dövlət büdcəsinin proqnozlaşdırılması zamanı vergi güzəştlərinin və azadolmalarının səmərəliliyinin diaqnostikasının aparılması və nəticələrindən asılı olaraq vergi qanunvericiliyinə yenidən baxılması üçün əsaslandırılmış təkliflərin hazırlanması istiqamətində müvafiq işlərin həyata keçirilməsi ilə bağlıdır.

Bundan başqa, Palata ƏDV qeydiyyatında olan, eyni zamanda qanunvericiliklə fəaliyyəti ƏDV-dən azad olunan fəaliyyət növlərinə aid edilməyən hüquqi şəxslərə kommersiya fəaliyyətindən yaranan zərərin bağlanması məzmununda dövlət büdcəsindən köçürülən vəsaitlər üzrə əsas məbləğin bir qayda olaraq hesablaşma hesabına, ƏDV məbləğinin isə ƏDV-nin depozit hesabına köçürülməsini tövsiyyə edir.

Mənbə: report.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergidən yayınmaqla bağlı cəzalar tarixindən (1-ci hissə)

posted in: Məqalə, Vergi | 0

Planeta jurnalında vergilərdən yayınmaya görə ən qədim zamanlardan indiki dövrə qədər tətbiq edilən cəzalardan bəhs edən məqalə dərc edilib. Maraqlı olacağını nəzərə olub, onu hissə-hissə sizin diqqətinizə çatdırırıq.

1-ci hissə

Vergilərin tutulması tarixi dünyada ilk dövlətin yaranması dövrünə təsadüf edir. Və təbii ki, həmin vergiləri ödəməkdən yayınan insanlar da elə ilk günlərdən peyda oldu. Bu isə vergiləri toplayan və onları verməkdən imtina edən adamlardan ötrü çoxsaylı problemlər yaratmağa başladı.

Əsrlər ötür – lakin, heç nə dəyişmirdi. Bu gün də vergidən yayınma halları az deyil. Bununla qədim dövrlərdə necə mübarizə aparırdılar? Və indi necə mübarizə aparılır?

Vergilərdən yayınma tarixi. Çar Qoroxdan (ruslarda oynaq frazeoloji xarakter) indiki günlərə qədər.

Bizim qədimdəki sələflərimizə vergilərdən yan keçmək daha asan idi – pulu aldın, apar alma ağacının altında basdır, qurtardı-getdi. Gəl sübut elə ki, mən hansısa gəlir əldə etmişəm. Digər tərəfdən, o zamanlarda əsas dəyərli şey insanlara məxsus olan torpaq hesab olunurdu. Onu isə yad gözlərdən gizlətmək mümkün deyildi.

Baxmayaraq ki, bunun öz üsulları var idi. Məsələn, çinli kəndlilərin bəziləri ölkənin ən uzaq, ünyetməz rayonlarında məskunlaşmağa can atırdılar. Vergi toplayanlar bundan yayınanların ümumiyyətlə, harada məskunlaşdıqlarından belə xəbərsiz idilər. Qəzəbli vergi yığanlar onları axtarıb tapdıqda, həmin insanlar daha gözdən uzaq yerlərə çəkilirdilər. Və yenə də axtar-tap oyunu başlayırdı…

İri torpaq sahiblərinə gəldikdə, burada məsələ bir qədər qəlizləşirdi. Amma, onların arasında da vergidən yayınmaq üçün hiyləgər üsullardan yaralananlar az olmurdu. Məsələn, hindistanlı varlılardan biri Qopsala vergini aşağı salmaqdan ötrü orijinal bir üsul tapa bilmişdi. Kahinlərə və məbədlərə məxsus torpaqlara vergi güzəştləri tətbiq edildiyini bilən Qopsala öz torpaqlarını 47 hissəyə ayırır və bundan yalnız birini özündə saxlayır, qalanlarını isə brəhmənlərə və Yoganathu məbədinin istifadəsinə verir. İş bunda idi ki, brəhmənlərin hamısı onun kürəkənləri, məbəd baxıcısı Bayakka isə Qopsalanın qızı idi. Beləliklə, o, yenə də öz torpaqlarını faktiki sahibi kimi qalırdı, yalnız torpaqlar bir növ əl dəyişmişdi, onun qohumlarının adına keçirilmişdi. Lakin, ödədiyi vergi də mütənasib olaraq xeyli azalmışdı. Eyni üsuldan daha sonralar Türkiyədə də istifadə olunub.

Orta əsrlərdə vergi ödəməməyin daha bir sadə üsulu ortaya çıxdı. Bu gün üçün bu vəzifəli şəxsə rüşvət vermə adlanır. Həmin hal belə xarakterizə olunurdu. Vergi yığan gəlirdi və bahalı hədiyyə alırdı, əvəzində bilərəkdən hədiyyə verənin gəlirlərini əhəmiyyətli dərəcədə aşağı göstərirdi. Həmin dövrlər üçün bu üsul işə keçərli idi. Çünki o vaxtlar vahid gəlirlər uçotu mövcud deyildi, regionlarla paytaxt arasında əlaqə zəif idi və baş verənlərin araşdırılması da demək olar ki, mümkünsüz sayılırdı. Hətta iş məhkəməyə qədər gəlib çatsaydı belə, qeyri-dürüst məmur həmişə özünü təmizə çıxarmağı bacarırdı, ən pis halda özü rüşvət verməklə canını qurtara bilirdi.

Bir vaxtlar cəzadan qurtarmağın başqa bir üsulu da olub. Nəcib insanın – vergi toplayanlar təbii ki, zadəganlar olurdu – öz statusuna uyğun gələn ittihamçını, belə demək olarsa, Tanrı məhkəməsinə dəvət etmək hüququ var idi. Yəni…həmin şəxsi duelə çağıra bilərdi. Kim qalib gəlirdisə – o da haqlı sayılırdı.

Elə hallar da olurdu ki, vergi toplayan rüşvət naminə varlı adamı vergidən azad etməklə qalmır, əksik gələn hissəni kasıb kəndlilərin üzərinə yıxırdı. Bəzən bu iş ondan ötrü təkcə maliyyə xərcləri ilə nəticələnmir, hətta edamına da gətirib çıxara bilirdi. Neyləmək olar, o dövrlərdə hər bir cəngavər adi insanlarla istədiyi kimi davrana bilirdi.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibatlıq sahəsində görkəmli alimlər (Harrinqton Emerson)

posted in: muhasibat, Məqalə | 0

Amerika mühasibatlıq məktəbinin görkəmli nümayəndələrindən biri mühəndis-mexanik Harrinqton Emerson (1853-1931) hesab olunur. Münhen (Almaniya) Politexnik Texnikumunda təhsil aldıqdan sonra o, bir müddət ABŞ-ın Nebraska ştatında universitetdə dərs deyib, sonra nəhəng dəmiryolu çəkilişində iştirak edib, Alyaskada və Meksikada bir çox mühəndis və dağ-mədən inşaatının layihələşdirilməsi sahəsində çalışıb.

Emersonun “Məhsuldarlığın on iki prinsipi” əsəri təkcə ABŞ-da deyil, digər ölkələrdə böyük maraq doğurub, mütəxəssis və sahibkarların diqqətini cəlb edib. O dövrdə yazırdılar: “Bu prinsiplər ölçü kimi götürülə bilər. Bu prinsiplər vasitəsilə istənilən sənaye sahəsi, istənilən sənaye müəssisəsi, istənilən əməliyyat tədqiq oluna bilər; həmin müəssisələrin uğurları və onların təşkilinin dərəcəsi məhsuldarlığın bu on iki prinsipi ilə müəyyən edilir”.

Elmi idarəetməyə gətirdiyi məhsuldarlıq və ya səmərələlik anlayışı Emersonun elmə verdiyi başlıca töhfə hesab olunur.   Səmərəlilik ümumi xərclər və iqtisadi nəticələr arasında ən əlverişli nisbətdir. Məhz, Emerson tərəfindən bu termin rasionallıq işləri üçün təməl kimi irəli sürülüb və kitabda yazılan fikirlərin hamısı həmin termin ətrafında qurulub.

İstehsalın idarə olunmasının təşkili, mürəkkəb, çoxtərəfli praktiki məsələlərin həllinə sistemli yanaşma və ümumiyyətlə, bu sahədə istənilən fəaliyyət zamanı, müasir dildə ifadə etsək, zəruriyyət və məqsədəduyğunluq məsələsini qoyan və əsaslandıran H. Emerson olub.

Emersonun kitabı istehsalın konkret təşkili sahəsində demək olar ki, qırx illik müşahidə və rasionallığın özlüyündə bir yekunu kimi qəbul oluna bilər.

Lakin, unutmayaq ki, Emersonun bu kitabı başqa bir mərhələdə, digər sosial-iqtisadi şəraitdə və məhsuldarlıq qüvvələrinin başqa bir səviyyədə olduğu vaxtda yazılıb.

Emersonun yuxarıda qeyd olunan 12 prinsipi bunlardır:

1) Qarşıya qoyulan məqsədlərin dəqiqliyi;

2) sağlam düşüncə;

3) Səlahiyyətli məsləhət;

4) Nizam-intizam;

5) Əməkdaşlara ədalətli yanaşma;

6) Çevik, etibarlı, dolğun, dəqiq və daimi uçot;

7) Dispetçerlik (göndərmə);

8) Normalar və cədvəllər;

9) Şəraitin normallaşdırılması;

10) Əməliyyatların standartlaşdırılması;

11) Standart təlimatların yazılışı;

12) Məhsuldarlığa görə mükafatlandırma.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.