Read More9
Read More9

Kassa əməliyyatları: əsas anlayışlar

posted in: Xəbər | 0

“Kassa” anlayışının qısa şərhi

Hər bir müəssisənin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətiylə məşğul olan fiziki şəxslərin belə nağd pul vəsaitləri ilə əməliyyatlar üçün kassası olur. Bəzən “xəzinə” də adlandırılan kassasız mühasibat uçotu subyektini təsəvvür etmək mümkün deyildir.

Kassa əməliyyatlarından danışarkən bəzi məqamlara diqqət etmək lazımdır. Bəzən gənc mühasiblər kassa dedikdə vergi orqanı tərəfindən quraşdırılan nəzarət kassa aparatlarını (NKA) yaxud marketlərdə gördükləri kassaları təsəvvür edirlər. Belə yanaşma doğrudur, amma yarımçıqdır. Kassa dedikdə yalnız fiziki aparat təsəvvür etməyin.

Əslində, Azərbaycan dilinin izahlı lüğəti də “kassa” anlayışının bir neçə variantını şərh edir, məsələn:

  • pul, qiymətli kağızlar və s. saxlamaq üçün yeşik, şkaf, sandıq;
  • idarələrdə, müəssisələrdə pul qəbul etmək, saxlamaq, vermək üçün xüsusi şöbə;
  • idarə və ya müəssisənin nağd pulu və sair.

Mühasibat uçotunda “kassa” dedikdə yalnız fiziki mövcud olan kassanı nəzərdə tutmuruq. Bu anlayış pul vəsaitlərinin saxlamaq və əməliyyat aparmaq üçün xüsusi avadanlıq (dəmir kassa, nəzarət kassa aparatı və sair) kimi istifadə ilə yanaşı, həm də müəssisələrdə nağd pul vəsaitlərini qəbul etmək, saxlamaq, vermək və s. üçün xüsusi şöbə (kassanı açmaq, bağlamaq), habelə idarə və ya müəssisənin nağd pulu (kassanı yoxlamaq, kassanı təhvil vermək və sair) anlamında da işlədilir.

Kassa aparatı, müəssisənin kassası

Gəlin anlayışları bir az da dəqiqləşdirək. Belə dəqiqləşmə gənc mühasiblərə və sahibkarlar üçün vacibdir.

Kassa aparatı müştərilərdən pul vəsaitlərini qəbul etmək, bəzi hallarda onlara vermək (məsələn, malları geri qaytarılması) üçün lazım olan avadanlıqdır. Belə bir neçə avadanlıq ola bilər və onların hər biri üzrə hesabat sənədləri tərtib edilir.

Nəzarət kassa aparatına gəlincə o, vergi orqanlarının bizim satış, pul dövriyyəmizə nəzarət etməsi üçün quraşdırdığı aparat təminatıdır.

Müəssisənin kassası (əməliyyat kassası) bütün kassa əməliyyatlarının (qəbul, saxlama, məxaric) məcmusudur. Bütün nağd pul vəsaitləri, o cümlədən kassa aparatında toplanmış pullar, müəssisənin xəzinəsinə daxil olur. Müəssisənin fəaliyyəti ilə bağlı bütün nağd məsrəflər kassadan həyata keçirilir, kassada toplanmış vəsaitlər bank hesablaşma hesabına köçürülür. Ayrıca otaq, otaqda seyf, hətta iş masasının siyirməsi kassa məqsədiylə istifadə edilə bilər.

Kassa əməliyyatları nağd pul vəsaitləri ilə aparılan əməliyyatlardır. Buraya:

  • onların qəbulu, saxlanması və verilməsi ilə bağlı əməliyyatlar, habelə;
  • müəssisələrin, bankların fiziki və hüquqi şəxslərlə apardıqları nağd əməliyyatlar addir.

Bütün kassa əməliyyatları kassa sənədləri əsasında aparılır. Bu zaman kassa intizamına riayət etmək zəruridir.

Kassa intizamı nağd pul vəsaitlərinin qəbulu, verilməsi və saxlanması ilə bağlı əməliyyatlar (kassa əməliyyatları) aparılarkən əməl edilməli olan qaydalar məcmusudur.

Kassa əməliyyatlarının aparılması qaydaları

Vergi ödəyiciləri kassa əməliyyatlarını AR NK-nın 30.09.2020-ci tarixli 365 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması qaydası” əsasında aparmalıdırlar. Nağd pul vəsaitləri ilə hesablaşmalara qoyulan məhdudiyyətlər, habelə nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi “Nağdsız hesablaşmalar haqqında ” AR qanunu ilə tənzimlənir.

Kassa əməliyyatların aparılması qaydaları aşağıdakılar özündə birləşdirir:

  • pul vəsaitlərinin təhlükəsizliyinin və kassanın fəaliyyətinin təmin edilməsi üzrə təşkilati-hüquqi prosedurlar;
  • nağd pul vəsaitlərinin qəbulu və verilməsi, habelə kassa sənədlərinin işlənməsi qaydaları;
  • fərqli valyutalarla əməliyyatlarının aparılması proseduru;
  • təhtəlhesab məbləğlərlə əməliyyatların uçotu qaydası;
  • ödənən məbləğlərin yuvarlaqlaşdırılması üsulu;
  • nağd pul vəsaitləri ilə hesablaşmalara məhdudiyyətlər;
  • pul vəsaitlərinin inkassasiyası qaydası;
  • bank ödəniş kartlarından istifadə etməklə hesablaşmaları tənzimləyən qaydalar;
  • ciddi hesabat blanklarının uçotu və saxlanması;
  • elektron pulla ödənişlər;
  • nəzarət-kassa aparatlarından istifadə qaydasını;
  • nağd ödənişlər zamanı vergi uçotu üsulları.

Qeyd edilən prosedur, qayda və üsullar vergi ödəyicisinin uçot siyasətində və digər lokal normativ hüquqi aktlarda öz əksini tapmalıdır.

Nağd pul əməliyyatlarının rəsmiləşdirilməsi

Kassa əməliyyatları standart formalarda tərtib edilmiş ilkin uçot sənədləri əsasında aparılır. Pul vəsaitləri ilə əməliyyatların rəsmiləşdirilməsi zamanı istifadə edilən əsas ilkin sənədlər aşağıdakılardır:

Kassa əməliyyatlarının subyektliləri

Kassa əməliyyatlarının əsas subyektləri – müəssisənin rəhbəri, baş mühasibi və xəzinədarıdır (kassiri). Həmçinin digər əməkdaşlar, fiziki və hüquqi şəxslər bu əməliyyatlarda iştirak edə bilər.

Xəzinədarın vəzifələrinə tələb olunan formada tərtib edilmiş kassa orderləri (mədaxil yaxud məxaric) əsasında nağd pul vəsaitlərinin qəbulu, saxlanması və verilməsi daxildir. O, həmçinin kassada pul vəsaitlərinin mövcudluğunun və qalığının maliyyə sənədlərinə uyğunluğunu yoxlayır, bu uyğunluğu kassa sənədlərinin qeydiyyatı  jurnalında və tikilmiş, nömrələnmiş və möhürlənmiş kassa  kitabında qeyd edir. Xəzinədar vəzifə təlimatı tanış edilir, bunu onun imzası təsdiq edir. Şirkətdə bir neçə kassir varsa, onlardan biri böyük kassir vəzifəsinə təyin olunur.

Baş mühasib mədaxil və məxaric orderlərini öz imzası (varsa, möhürü ilə) təsdiq edir, həmçinin digər məxaric sənədlərini – qaimə-fakturaları, qaimələri, aktları yoxlayır və qəbul edir. Kassa kitabının düzgün tərtibinə də baş mühasib cavabdehdir.

Müəssisənin rəhbərliyi tərəfindən müəyyən edilmiş və acıqlanmayan müddətlərdə kassanın inventarizasiyası aparılır. Bu zaman kassada olan bütün nağd pul vəsaitləri, qiymətli kağızlar və digər qiymətlilər tam şəkildə sayılaraq yoxlanılır. Yoxlama zamanı AR Maliyyə Nazirliyinin Kollegiyasının Q-17 saylı 16.07.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası qaydaları”nın tələbləri nəzərə alınmalıdır.

Mühasibatlıqda kassa əməliyyatlarının uçotu

Kassaya pul vəsaitlərinin daxil olması mədaxil orderi əsasında 221 nömrəli “Kassa” hesabı üzrə debet yazılışı verməklə qeydə alınır. Pul vəsaitlərinin kassadan məxarici isə məxaric orderiylə rəsmiləşdirilir, sözügedən hesaba kredit yazılışı verilməklə müxabirləşmə aparılır.

Əgər bank hesabınızdan pul vəsaitini məxaric edirsinizsə ilk olaraq onun kassaya mədaxil edilməsini əks etdirməlisiniz. Mədaxil əməliyyatının təyinatı bank sənədində göstərilir (pul çekində, bankın kassa məxaric orderində). Təyinatlar müxtəlif ola bilər, məsələn, malların, xidmətlərin alışı, digər təsərrüfat məqsədləri üçün mədaxil. Ümumiyyətlə vergi ödəyicisinin kassasına vəsaitlər onun bankından, debitor şirkətlərdən, təhtəlhesab şəxslərdən, təsisçilərdən, başqa müəssisələrdən götürülmüş borclardan, habelə digər qanuni mənbələrdən daxil ola bilər. Kassa əməliyyatları zamanı istifadə edilən mədaxil orderi ciddi hesabat blankıdır. Orada daxilolmanın təyinatı, mənbəyi mütləq əks etdirilməlidir.

Kassa məxaric orderi ciddi hesabat blankı olmasa belə, hər iki sənəddə pulu ödəyən şəxslərin, məxaric orderində isə əlavə olaraq pulun verildiyi şəxsin adı, soyadı, şəxsiyyət vəsiqəsinin məlumatları göstərilməli, onun tərəfindən imzalanmalıdır.

Əməkhaqqı nə vaxt verilməlidir?

Birbank-dan daha bir yenilik: Ninja təklifi artıq mobil tətbiqdə

posted in: Xəbər | 0

Ölkənin ilk rəqəmsal bankı Birbank taksit kart sahibləri üçün daha bir yenilik təqdim edir. Belə ki, artıq Ninja təklifi yalnız SMS vasitəsilə deyil, həm də Birbank mobil tətbiqi üzərindən də istifadəyə açıqdır.

Bunun üçün tətbiqin “Daha çox” hissəsindəki “Ninja” səhifəsinə daxil olmaq və siyahıda olan istənilən ödənişi aylara bölmək kifayətdir. Həmçinin müştərilər “Tarixçə” bölməsində də Ninja təklifi üçün uyğun əməliyyatlar olduqda bu haqda  bildiriş görəcəklər.

Onu da qeyd etmək lazımdır ki, Birbank taksit kartları ilə edilən birdəfəlik ödənişləri (POS-terminal vasitəsilə edilən birdəfəlik və onlayn ödənişlər), nağdlaşdırma və köçürmə əməliyyatlarını Ninja təklifi ilə müəyyən komissiya qarşılığında 2, 3, 6 və ya 12 aylıq hissələrə bölmək mümkündür.

Xidmətdən faydanlamaq istəyən müştərilərə tətbiqin ən son versiyanı yükləmələri tövsiyə olunur. Təklif əməliyyatdan sonrakı ilk 24 saatı əhatə edir.

Ətraflı məlumat üçün: https://kbl.az/njpr

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.

Əməkhaqqı nə vaxt verilməlidir?

Əməkhaqqı nə vaxt verilməlidir?

posted in: Xəbər | 0

Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən, aylıq əməkhaqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünməklə (avans olaraq və qalan hissə) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir.

Mövzu ilə bağlı qanunvericiliyin tələbini əmək hüquqları üzrə ekspert Nüsrət Xəlilov şərh edir:

Əməkhaqqı illik dövr üçün hesablanan işçilərə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək müqaviləsində əməkhaqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Əməkhaqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab olunmayan bayram günlərinə təsadüf etdikdə, o, bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. İşçi işdən çıxarkən ona düşən bütün ödənişlər tam məbləğdə işdən çıxdığı gün verilir. Əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə, hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində əlavə ödənc verilməlidir.

Misal

Müəssisədə yeni əməkhaqqı sisteminin müzakirə edilərək qərar verilməsi prosesi əməkhaqqının vaxtında ödənilməməsinə səbəb olub. Əməkhaqqı hər ayın 5-dən gec olmayaraq verilməli olduğu halda, ayın 31-i verilib. İşçinin əməkhaqqı məbləği 734 manatdır.

Qeyd edilən səbəb işəgötürənin təqsiri ucbatından gecikdirilmə hesab edilir və buna görə işəgötürən işçiyə hər gecikdirilən gün üçün 1 faiz məbləğində ödənc ödəməlidir.

Yəni (734 x 1%) x 26 gün = 190.84 manat əlavə ödəniş olunmalıdır.

Bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əməkhaqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilmiş müddətdə işçilərə əməkhaqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmət haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əməkhaqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.

Əsas: “Əmək qanunvericiliyinin praktiki izahı” kitabının 2024-cü il nəşri

Mənbə: vergiler.az

Fiziki şəxs hansı vergi mükəlləfiyyətini və fəaliyyət kodunu seçməlidir?

Fiziki şəxs hansı vergi mükəlləfiyyətini və fəaliyyət kodunu seçməlidir?

posted in: Xəbər | 0

On nəfər işçisi olan və tikinti fəaliyyəti göstərən fiziki şəxs göstərdiyi xidmətə görə hansı verginin ödəyicisi olmalıdır? Bununla bağlı hansı fəaliyyət kodunu seçməlidir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs fəaliyyətə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir. O, “Fiziki şəxsin uçotu haqqında Ərizə”ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilər. Ödənişsiz aparılan uçota alınma ASAN xidmət mərkəzlərində, belə mərkəzlərin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır. Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda, ticarət fəaliyyətindən əldə olunmuş gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda isə əldə edilmiş gəlirdən həmin gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi saytındakı “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, qeyd etdiyiniz fəaliyyət sahəsinin müxtəlif növləri olduğuna görə, müvafiq fəaliyyət kodunu seçə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 97-ci, 101-ci, 102-ci və 220-ci maddələri

Mənbə: vergiler.az

ƏDV məqsədləri üçün qeydiyyat necə həyata keçirilir?

1 379 380 381 382 383 384 385 2. 691
error: Content is protected !!