Qrant müqaviləsi üzrə əməliyyatlara hansı halda ƏDV sıfır (0) dərəcə ilə tətbiq olunmalıdır?

posted in: Xəbər | 0

Qrant müqaviləsi, ədv əvəzləşdirilməsi, sadələşdirilmiş vergi ödəyicisi,Qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə əməliyyatlara ƏDV sıfır (0) dərəcə ilə tətbiq edilir. 

Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Öncə “qrant” və “resipiyent” anlayışlarına verilən açılışa baxaq. “Qrant haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qrant humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant yalnız konkret məqsəd (məqsədlər) üçün verilir. Qrant alanla münasibətlərində qrant verən donor və donorla münasibətlərində qrant alan resipiyent sayılır.

Misal 1: “Vergi ekspertləri” İctimai Birliyi (adlar şərtidir) “Asson” Beynəlxalq Təşkilatından 20.000 manat həcmində qrant qazanıb və müvafiq qanunvericiliyə uyğun qeydiyyatını həyata keçirib.

Qrant müqaviləsinin şərtlərinə əsasən, “Vergi ekspertləri” İctimai Birliyi 5.000 manat məbləğində kompüterlər alacaq. Həmçinin, xüsusi qruplar-benefisiarlar üçün təlimlər keçəcək. Kompüterlərin alınması zamanı ƏDV 0 (sıfır) dərəcə ilə tətbiq olunacaq. Həmçinin “Park” oteldə keçirilən tədbir üçün ödənilən 800 manata da ƏDV 0 (sıfir) dərəcə ilə tətbiq olunacaq. Çünki hər iki əməliyyat qrant hesabına həyata keçirilib.

Misal 2: “Vergi ekspertləri” İctimai Birliyi qrant hesabına yox, özünün maliyyə vəsaiti hesabına “Park” oteldə seminar keçirir. Seminar üçün zalın icarəsinin 800 manat olmasına baxmayaraq, bu dəfə otel artıq həmin məbləğə 144 manat (800 x 18 faiz) ƏDV tətbiq edəcək. Çünki bu tədbir qrant layihəsi çərçivəsində həyata keçirilmir.

Bəs resipiyent hansı sənədləri vergi orqanına təqdim etməlidir?

Xarici səfirliklərə münasibətdə bunun üçün Xarici İşlər Nazirliyinin hazırladığı bildiriş forması vergi orqanına təqdim olunmalıdır ki, əməliyyat 0 (sıfır) dərəcə ilə ƏDV-yə cəlb olunsun. Qrant müqaviləsinə gəldikdə isə Nazirlər Kabinetinin 5 iyun 2015-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilən “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na əsasən, müqavilələrin (qərarların) qeydə alınması kommersiya qurumlarına, publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Qeydiyyat orqanı tərəfindən təqdim olunan bildiriş əsasında vergi ödəyiciləri əməliyyatlara 0 (sıfır) dərəcə ilə ƏDV tətbiq edə bilirlər.

Mənbə: Anar Bayramov: “Vergi uçotu” kitabı / vergiler.az


Məzuniyyətin hissələrə bölünməsi və məzuniyyətdən geriçağırma qaydası

posted in: Xəbər | 0

İşçinin hər iş ili üzrə bir dəfədən az olmayaraq iş yerini, vəzifəsini saxlamaqla, iş günləri ərzində müvəqqəti işdən uzaqlaşmaqla məzuniyyətdən istifadə hüququ var. Onun müxtəlif növləri var, əmək məzuniyyəti təcrübədə ən çox istifadə edilir. Onun minimum müddəti 21 təqvim günüdür, amma müxtəlif kateqoriyalardan olan işçilər üçün daha çox ola bilər. Müddətindən asılı olmayaraq işçilərin bu hüquqdan istifadəsi zamanı, məzuniyyətin hissələrə bölünməsi mümkündür. Həmçinin, zəruri hallarda işçini məzuniyyətdən geriçağırma halları da mümkündür.

Məzuniyyətin hissələrə bölünməsi

Əmək məzuniyyəti verilərkən onun hissələrə bölünməsi qaydası Əmək Məcəlləsinin 137-ci maddəsi ilə tənzimlənir. Bu zaman tələb edilən əsas şərt həmin bölünmüş hissələrdən birinin müddətinin 2 təqvim həftəsindən, yəni 14 gündən az olmamasıdır. Həmin 14 günük məzuniyyət hüququnun ilkin, yaxud da sonrakı vaxtda istifadəsi işçi və işəgötürənin qarşılıqlı razılığı ilə həyata keçirilir. Hissələrə bölünmüş məzuniyyətin müddətləri növbəlilik cədvəllərində nəzərdə tutulur. Bəs növbəlilik cədvəlində bu barədə qeydlər aparılmayıbsa? Bu halda:

  • işçi əməl məzuniyyətinin hissələrə bölünməsi üçün işəgötürənə müraciət edir;
  • işəgötürən müraciət əsasında, uyğun olarsa, əmr hazırlayır;
  • məzuniyyətin qalan hissələrinin müddətləri həmin əmrdə göstərilir.

Sadə nümunəyə nəzər yetirək:

Nümunə 1:

Sual: “A” MMC-də mühasib vəzifəsində çalışan Həsənov Adil 01.02.2022-ci il tarixində əmək müqaviləsi bağlayaraq işə qəbul edilmişdir. Adilin 21 günlük məzuniyyət hüququ var.  Adil sentyabrın 5-i 10 günlük məzuniyyətindən istifadə etmək istəyir. İşəgötürən onun bu istəyini təmin edə bilərmi?

Cavab: Adilin 21 günlük əmək məzuniyyəti hüququndan 10-u verilərsə, geridə 11 gün qalır. Bu ƏM-nə zidd olduğundan, işəgötürən Adilin bu istəyini yerinə yetirə bilməz. O, 7 günlük məzuniyyət götürə bilər, bu zaman istifadə edilməmiş 14 günü qalacaq.      

Məzuniyyətin bir hissəsindən istifadə edən işçi digər qalan hissəni aşağıda göstərilən qaydada dəyərləndirə bilər:

  • məzuniyyətin təyin edildiyi iş ilinin sonuna qədər;
  • təqvim ilinin sonuna qədər;
  • növbəti iş ilində məzuniyyətə birləşdirməklə.

Məzuniyyətdən geriçağırma qaydası

İstehsal prosesində yaranan zərurətlə bağlı, müstəsna hallarda, işçi əmək məzuniyyətindən geri çağırıla bilər (ƏM, maddə 137).  Qeyd edilən maddənin 1-ci bəndində  işəgötürən tərəfindən məzuniyyətdən  geriçağrılma hallarına aşağıdakılar aid edilir:

  • yaranmış qəzanın nəticələrinin aradan qaldırılması;
  • təxirə salına bilinməyən işlərin icrasının zəruriliyi.

Hər iki halda işçinin razılığı mütləqdir, məzuniyyət müddətində işçi işə başlamaq istəməzsə, işəgötürən tərəfindən intizam məsuliyyətinə cəlb edilə bilməz.

İşçinin təşəbbüsü ilə məzuniyyətdən geriçağrılma yalnız işəgötürənin razılığı ilə mümkündür (maddə 137.4).
Məzuniyyətdən geriçağırma  baş verəndən sonra ödəniş ƏM-nin 137.3 maddəsinə uyğun tənzimlənməlidir, yəni:

  • işə başlanan gündən əməkhaqqı hesablanır, əlavə ödənişsiz istirahət günləri təyin edilir, yaxud;
  • məzuniyyətin istifadə edilməyən günlərinin məbləği işçiyə təyin edilən əməkhaqqıdan tutulur və həmin günlərin sonradan müəyyən olunan müddətdə məzuniyyət pulunun yenidən hesablamaqla verilməsi təmin edilir.

Məzuniyyətdən geriçağırma zamanı əmək haqqı hesablamaları haqqında nümunələrlə buradan tanış ola bilərsiniz.

Geriçağırmanın rəsmiləşdirilməsi

İşəgötürən məzuniyyətin hissələrə bölünməsinə nisbətən geriçağırmanın rəsmilşdirilməsinə daha diqqətlə yanaşmalıdır. Təcrübədə yarana biləcək əmək mübahisələrinin qarşısını almaq məqsədilə məzuniyyətdən geriçağrma zamanı işçinin razılığı yazılı formada alınmalıdır. Yalnız bundan sonra işəgötürən məzuniyyətdən geriçağırma üçün əmr verməlidir. Əmrdə işçinin adı, soyadı, vəzifəsi, əmək məzuniyyətindən geri çağrılma səbəbləri, gələcək təminatının necə olacağı, ona nə vaxt ödənişli, ya da ödənişsiz əvəzgün verilməsi qeyd edilməlidir. İşçi bu şərtlərlə tanış olmalı, öz razılığını bildirməlidir.


İş ilini tamamlamayan işçiyə məzuniyyətə görə kompensasiya necə hesablanır?

posted in: Xəbər | 0

istifadə edilməmiş məzuniyyətə görə kompensasiya,Təcrübədə işçinin iş ilindən daha tez əmək müqaviləsinə son verməsi hallarına rast gəlinir. Tutaq ki, işçi 05.10.2021-ci il tarixdə işə qəbul olub və onunla əmək müqaviləsi bağlanıb. 25.11.2021-ci il tarixdə isə öz xahişi ilə işdən çıxıb və əmək müqaviləsinə xitam verilib. Bu halda ona istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanmalıdırmı? Suala əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir. 

Əmək Məcəlləsinin 140-cı maddəsində məzuniyyət vaxtı üçün əməkhaqqının hesablanması və ödənilməsi qaydaları müəyyənləşib. Maddənin 2-ci bəndinə görə, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Təcrübədə qeyd edilən nümunəyə uyğun hallarda, maddənin bu tələbini əsas gətirərək tam təqvim ayı işləmədiyi üçün işçiyə məzuniyyətin kompensasiyasını vermirlər. Bu isə işçinin məzuniyyət hüquqlarının pozulması halıdır və İnzibati Xətalar Məcəlləsində buna görə cərimə nəzərdə tutulub.

Lakin maddədə iki natamam ayda işləmiş işçinin orta əməkhaqqının hesablanması halının nəzərdə tutulmaması işçiyə kompensasiyanın verilməməsi üçün əsas ola bilməz. Bu halda işçinin faktiki qazancına əsasən, orta əməkhaqqı tapılmalı və adi qaydada məzuniyyətin istifadə edilməmiş günlərinə görə pul əvəzi hesablanıb ödənilməlidir.

Misal: Fərz edək ki, həmin işçinin vəzifə maaşı 700 manatdır. O, işlənmiş iş günlərinə mütənasib olaraq, oktyabr ayında 633 manat, noyabr ayında isə 595 manat əməkhaqqı alıb. İşçinin mütəxəssis vəzifəsində çalışmasını və bir illik məzuniyyət gününün 30 gün olmasını nəzərə alaraq ona ödənilməli kompensasiyanı hesablayaq:

30 : 365 = 0.082 gün (bir təqvim gününə düşən məzuniyyət günü)

0,082 x 52 gün (İşlənmiş təqvim günlərinə əsasən məzuniyyət günü) = 4.27 gün

İşəgötürən 4.27 günü yuxarı doğru yuvarlaqlaşdıraraq ona 5 gün üçün kompensasiya verə bilər. Hesablama aşağıdakı şəkildə aparılmalıdır:

(633 + 595) : 2 = 614 manat (orta əməkhaqqı);

614 : 30.4 = 20.20 manat (bir günə düşən əməkhaqqı)

20,20 x 5 = 101 manat.

Göründüyü kimi, işçiyə işlənmiş iş günlərinə görə əməkhaqqı ilə yanaşı, 101 manat istifadə edilməmiş məzuniyyətə görə kompensasiya da ödəniləcək.

Mənbə: Nüsrət Xəlilov: “Əmək qanunvericiliyi: testlər və praktik məsələlər toplusu” kitabı / vergiler.az


Nazirlər Kabineti investisiya təşviqi sənədinə malik sahibkarlara dair qərar verib

posted in: Xəbər | 0

investisiya təşviqi sənədi, gömrük rüsumu, ƏDV-dən azad olunan avadanlıqlar, gömrük rüsumu, Əməkhaqları Vahid Tarif CədvəliNazirlər Kabineti “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıq və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi nəzərdə tutulan mal mövqelərinin siyahısı”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Siyahıda istehsal vasitələri, qızdırıcı sobalar, dəzgahlar üçün məsrəf materialları, mühərriklər, buxar qazanları, sənaye sobaları, avtoyükləyicilər, içki istehsalı avadanlığı bəzi kənd təsərrüfatı avadanlıqları, generatorlar, qida məhsullarının daşınması üçün avtomobillər və s. qeyd edilib.

Mənbə: report.az


1 509 510 511 512 513 514 515 2. 685