Birbank-la Türkiyəyə kart köçürmələri komissiyası ləğv olundu

posted in: Xəbər | 0

Türkiyəyə kart köçürmələriBildiyiniz kimi, 6 fevral tarixində Türkiyənin müxtəlif bölgələrində çoxsaylı insan tələfatı ilə nəticələnən silsiləli zəlzələlər qeydə alınıb. Qardaş ölkəyə dəstək tədbirləri çərçivəsində Birbank vasitəsilə Türkiyənin bank kartlarına edilən köçürmələrə görə komissiya 31 mart 2023-cü il tarixinədək ləğv olundu.

Komissiyanın tətbiq olunmaması istənilən növ Kapital Bank kartlarından, lakin yalnız Birbank rəqəmsal bankı vasitəsilə edilən karta köçürmə əməliyyatlarına şamildir. İstifadəçilər qeyd olunan köçürmələri xidmət haqqı tətbiq olunmadan öz kart limitləri daxilində həyata keçirə bilərlər.

Bundan başqa Suriyaya Western Union təcili pul köçürmə sistemi vasitəsilə vəsait göndərərkən müştərilərdən heç bir komissiya haqqı tutulmayacaq. Aksiya 8 mart 2023-cü il tarixinədək davam edəcək. Western Union sisteminin özəllikləri, məbləğ limitləri, köçürmə əməliyyatları və digər məlumatlarla saytdan tanış olmaq mümkündür – https://kbl.az/wsunpr.

Qeyd edək ki, Türkiyədə baş vermiş dəhşətli təbii fəlakət nəticəsində zərərçəkmiş şəxslərə kömək məqsədilə Kapital Bank tərəfindən yaradılan Qırmızı Ürəklər Fondunun “Türkiyə üçün bir ürək olaq!” adlı yardım vəsaitinin toplanılması aksiyası davam edir. Aksiyaya dəstək olmaq üçün https://redhearts.az/ saytı, Birbank rəqəmsal bankı, eləcə də Kapital Bank-ın ödəniş terminalları vasitəsilə “Qırmızı Ürəklər” Fonduna ianə edə bilərsiniz.

Həmçinin zəlzələ zamanı zərərçəkmiş şəxslərə dəstək məqsədilə PAŞA Holding və Kapital Bank da daxil olmaqla onun törəmə şirkətləri Türkiyənin iki önəmli yardım fonduna — Ahbap və Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) hər birinə 500 000 ABŞ dolları olmaqla vəsait ianə ediblər.

Ölkənin ilk rəqəmsal bankı olan Birbank bir sıra üstünlüklərə və imkanlara malikdir: rahat qeydiyyat, kartlara və hesablara nəzarət, ödənişlər, taksit kartının və nağd pul kreditinin onlayn əldə edilməsi, bonusların idarə olunması və s. Ətraflı məlumat üçün Birbank tətbiqini yükləyin, https://birbank.az saytına daxil olun və ya 196 Məlumat Mərkəzinə zəng edin.


İşğaldan azad edilmiş ərazinin rezidentlərinə hansı vergi güzəştləri edilir?

posted in: Xəbər | 0

Rezidentlər üçün vergi güzəşti Zəngilan rayonu sakiniyəm. Məcburi köçkün kimi Bakıda məskunlaşmışam. Məcburi köçkün statusunda bərbər kimi fəaliyyət göstərmək üçün hansı addımları atmalıyam?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalıdır.

“Fiziki şəxsin uçotu haqqında Ərizə”ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Vergi Məcəlləsinə əsasən fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan (qadın və ya kişi bərbərləri olmasına fərq qoyulmadan) şəxslər aylıq 15 manat məbləğə Bakı şəhəri üçün 2 əmsalı tətbiq etməklə 30 manat sadələşdirilmiş vergi ödəyir. Həmin şəxslər nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək vergi orqanından könüllü olaraq növbəti ay, rüb, yarım il və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdır.

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. İşğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.

Digər ərazilərdə qeyd olunan sahibkarlıq fəaliyyəti ilə bağlı ödəmələrdə məcburi köçkünlər üçün güzəşt və ya azadolma qanunvericilikdə nəzərdə tutulmamışdır.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 218-ci və 220-ci maddələri.

Mənbə: vergiler.az


Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir: qeyri-sahibkarlıq


Qədim Yunanıstanda vergi siyasəti (VI hissə)

posted in: Xəbər | 0

Qədim Yunanıstanda vergi siyasəti (VI hissə)

V hissəyə nəzər yetirin

yunanıstanda vergi sistemi

Utopik sosial yenidənqurma layihələri ilə yanaşı, Yunanıstanın yaşadığı çətinliklərin, xüsusən də Şərq regionlarını zəbt etməklə aradan qaldırılması üçün konkret əməli tədbirlər də təklif olunurdu.

Bu ideyaların carçısı İsokrat idi ki, o, İrana qarşı ümumellin (ümumyunan) kampaniyası təşkil etmək üçün hansısa güclü dövlət və ya dövlət xadiminin himayəsi altında yunan polislərini (şəhər-dövlətlərini) birləşdirməyə çağırırdı.

Adi dövrdə xalq yığıncağının, məsləhətçilərin və dikastların əksəriyyətini hoplit təbəqəsindən çıxanlar təşkil edirdi, çünki rəsmi vəzifələrin icrasına görə alınan maaş fet sinfinin çoxlu nümayəndələrini cəlb etməyə kifayət etmirdi və xalq yığıncağında asudə vaxtları və nəticə etibarilə sərvətləri olanlar, əsasən həmin şəxslər iştirak edirdilər. Yalnız maliyyə böhranları dövründə dikastların əksəriyyəti yoxsullaşırdı, kritik məqamlarda isə xalq məclisində çoxluğu ən yoxsul təbəqə təşkil edirdi və onun qərarlarının qəbuluna nəzarət edirdi.

Bu ilk növbədə yoxsulların dolanışıqları üçün vəsaitlərinin olmaması ilə bağlı idi, xalq yığıncaqlarında iştirak üçün isə e.ə. IV əsrdə pul mükafatı ödəməyə başlamışdılar. Mükafatın məbləği belə idi: yüzilliyin əvvəlində adı yığıncaqlar üçün bir obol (Obol – təxminən 0,73 qrama bərabər olan çəki vahididir; gümüş) və e.ə. IV əsrin ikinci yarısında altı obol və mühüm yığıncaqlar üçün doqquz obol təşkil edirdi.

Varlı və kasıb vətəndaşların maraqları arasındakı parçalanma Afina dövlətinin ruhuna və səmərəliliyinə təsir etmişdi. Xalqın öz iradəsini, hökmünü qanunla deyil, fərmanla təlqin etmək əzmi ilə qanuna, xüsusən də “yazılmamış qanunlara” hörmət zəifləmişdi.

Əvvəlcə mövcud qanunları qorumağa xidmət edən qanunsuzluq ittihamından həddindən artıq istifadə olunması nəticəsində, o, dəyərdən düşmüşdü; deyilənə görə, həmin qanun Aristofona qarşı ən azından 75 dəfə uğursuz şəkildə irəli sürülmüşdü.

İcra hakimiyyəti tədricən səlahiyyətlərini itirmişdi. Şura edam hüququnu, xəyanətlə bağlı işlərə baxmaq hüququnu və vəzifəyə namizədləri yoxlamadan sonra imtina etmək hüququnu itirmişdi. Bu məsələlərdə son söz Heliya (xalq yığıncağına) məxsus idi. Şuranın diplomatik danışıqlar aparmaq və maliyyəni idarə etmək səlahiyyətləri xalq yığıncağının xeyrinə məhdudlaşdırılmışdı.


Amerikanın mühasibat uçotu sistemi


Xalq yüksək vəzifəli məmurlara şübhə ilə baxırdı və onların bir çoxu Heliya tərəfindən edam edilmiş, sürgünə göndərilmiş və ya cərimə olunmuşdu. Xalqda onlara qarşı mərhəmət hissi yox idi. “Xalqa yaxşı məsləhət vermədiyinə görə” xəyanətdə ittiham olunan Kallistrat 361-ci ildə ölümdən qurtulmaq üçün qaçmağa məcbur olmuşdu. Təxminən 355-ci ildə o, geri qayıtmış və on iki Tanrının səcdəgahına bağışlanmasından ötrü müraciət etmişdi, amma, buna baxmayaraq, Kallistrat edam edilmişdi.

İstənilən yüksək vəzifəli məmur, hətta məsləhətçi üçün belə, siyasətlə məşğul olmaq son dərəcə təhlükəli bir iş olmuşdu. “Xalq heç vaxt yanılmaz” prinsipi onun siyasətinin səhv ola bilməyəcəyini və hər hansı uğursuzluğa görə icra hakimiyyətinin məsuliyyət daşıması demək idi.

Həmin dövrün Afina demokratiyası daha mötədil və hətta qeyri-demokratik idarəetmə tipinə üstünlük verənlər tərəfindən “ifrat demokratiya” nümunəsi kimi ciddi şəkildə tənqid olunurdu. Fukididin və Aristofanın varisləri – Platon, İsokrat, Ksenofont, Teopomp və Aristotel xalq məclisinin və Heliya məhkəməsinin ritorika və ya imperiya ambisiyalarının təsiri altında qəbul edilən ehtiyatsız qərarlarını pisləyirdilər. Aristotel yazırdı: “Xalq öz iradəsi ilə hər şeyə sərəncam verməyə başlamışdı; dövlətin bütün idarəçiliyi xalqın tam səlahiyyətində olan xalq yığıncağının fərmanları və məhkəmələrin qərarları əsasında həyata keçirilirdi”.

Bu cür birbaşa demokratiya ilə siyasi liderin şəxsiyyəti fövqəladə əhəmiyyət kəsb edirdi. Natiqlər xalq yığıncaqlarını və ya məhkəmələri öz fikirlərini qəbul etməyə inandırmaqla məşğul idilər. Onların arasında ən həyasızları qaranın ağ olduğunu sübut edə bilən, istedadını istənilən himayəçiyə satan siyasətin sofistləri (şüurlu şəkildə zahirən məntiqli, lakin yanlış və yalan arqumentlərdən istifadə edən) idi. Hətta məsuliyyətli dövlət xadimi adına iddia edənlər də əvvəldən xalqın bütün istəklərinə uymalı idilər ki, heç olmasa hansısa təsir əldə edə bilsinlər.

Siyasətləri nə qədər cinayətkar olsa da, natiqləri rəsmi vəzfədə olmadıqları halda məhkəmə qarşısına çıxarmaq elə də asan deyildi. Bu cinayətin günahı siyasəti icra edənlərin üzərinə düşürdü. Artıq e.ə. IV əsrdə varlı təbəqələr sosial inqilab təhlükəsindən o dərəcədə qorxuya düşmüşdülər ki, dövlət quruluşunun monarxiya olduğu və  mövcud nizamın müdafiəçisi kimi qəbul etdikləri Makedoniyanın tərəfinə keçmişdilər.


VII hissəyə nəzər yetirin


Fiziki şəxsə icarə haqqını ödəyən şəxsin hansı vergi öhdəliyi yaranır?

posted in: Xəbər | 0

icarə haqqı, vergi ödəyicisi,Mülkiyyətimdə olan obyekti müqavilə ilə icarəyə vermişəm. Obyekti icarəyə götürən şəxs onu üçüncü şəxslərə icarəyə verə bilərmi və bu zaman onun hansı vergi öhdəliyi yaranır?

Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Müraciətinizdə qeyd olunan hər iki halda fiziki şəxsə icarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olduğu halda icarə haqqı məbləğində ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergini tutmalı, büdcəyə ödəməli və bəyannamə təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 124-cü maddələri.

Mənbə: vergiler.az


İcbari auditlə bağlı yanlış yanaşma nəyə gətirir?


1 561 562 563 564 565 566 567 2. 686