İşçinin işdən kənar edilməsi zamanı əməkhaqqının ödənilməsi

posted in: Xəbər | 0

i̇şçinin işdən kənar edilməsi, əməkhaqqının ödənilməsi,İşçinin işdən kənar edilməsi Əmək Məcəlləsinin 62-ci maddəsi ilə tənzimlənir. Mövzunu əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov izah edir.

Həmin maddəyə əsasən, işəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər:

  • işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda;
  • müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə;
  • iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə;
  • insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə.

Misal: Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, qapalı məkanlarda maska taxılması məcburidir. İşçi əgər bu göstərişlərə əməl etməyərək iş yerində qoruyucu maskadan istifadə etmirsə, işəgötürən onu işdən kənarlaşdıra bilərmi?

İşçinin müəyyən edilmiş hallarda işdən kənar edilməsi qanunvericilikdə nəzərdə tutulub. İşçinin iş yerində tibbi maskadan istifadə etməməsi də inzibati xəta olduğundan işəgötürən onu işdən kənarlaşdıra bilər. Ancaq işdən kənarlaşdırma hüquqi sənədlərlə öz təsdiqini tapmalıdır. Bu sənədlərə həkim rəyi, işçilərin izahatları, arayışlar, birbaşa rəhbərin yazılı məlumatı, şahidlərin iştirakilə tərtib edilmiş akt və digər rəsmi sənədləri misal göstərmək olar. Əks halda işçi, ona qarşı qərəzli münasibət göstərilməsini iddia edə bilər.

İşdən kənar edilən vaxt ərzində işçiyə əməkhaqqı verilmir. İşəgötürən işçinin işdən kənar edilməsini üzrsüz işburaxma kimi rəsmiləşdirərək ona əməkhaqqı hesablamır. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir.

İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən töhmət, şiddətli töhmət və s. intizam tənbehlərindən birini tətbiq edə bilər.

İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.

İşçinin işdən kənar edilməsi ilə bağlı ən çox soruşulan suallardan biri işçinin maksimum hansı müddətə işdən kənar edilə bilməsi ilə bağlıdır. Qeyd edək ki, bununla bağlı qanunvericilikdə hansısa bir müddət nəzərdə tutulmayıb. Əmək Məcəlləsinin 62-ci maddəsinin 2-ci bəndinə edilmiş əlavəyə görə, işəgötürən işçinin işdən kənar edilməsi üçün əsas olan hal aradan qaldırılan bütün iş vaxtı (dövrü) müddətinə onu işdən kənar edə bilər. Əsas olan işçinin işdən kənar edilməsinə səbəb olan halın aradan qaldırılmasıdır.

Mənbə: vergiler.az


Mənzil satın alarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması şərtləri


Kapital Bank il sonu göstəricilərini elan etdi

posted in: Xəbər | 0

Kapital Bank il sonu göstəriciləriKapital Bank 2022-ci il üzrə fəaliyyət nəticələrini açıqladı. Bu haqda öz müsahibəsində Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamov məlumat verdi. Rəqəmlər, statistik göstəricilər və bankın 2020-2023-cü illər üzrə qoyduğu strateji hədəflərin icra statusu barəsində danışan Ramil İmamov, strateji planlamanın bankın inkişafı və liderliyini qoruyub saxlaması üçün nə qədər əhəmiyyətli olduğunu vurğuladı.

“2020-2023 strateji dövrdə riteyl üzrə əsas hədəflərimizdən biri bazardakı birinciliyi qorumaq və inkişaf etdirmək idi. Ötən 2 il ərzində bu sahədə yolumuzu inamla davam etdirdik. Hazırda nağd pul krediti üzrə portfelimiz 1,4 milyard manat, kredit kartları üzrə portfelimiz isə təxminən 420 milyon manat təşkil edir. Həmçinin ümumi olaraq istehlak kreditləri üzrə bazar payımız təxminən 35% təşkil edir. Bununla paralel olaraq kart biznesinin inkişafı da uğurla davam etdirilir.

Debet kart satışlarının sayında kəskin artım olub ki, hazırda bazarda debet kart sayımız 1,6 milyondan artıqdır. Birbank kartları üzrə 2022-ci ilin sonu üçün ümumi olaraq dövriyyə hədəfimiz 2 milyard manatdır və biz artıq bu rəqəmə çatmışıq. Taksit kart bazarında da Birbank kartlarımız lider mövqedədir. Belə ki, hazırda  400 000-dən artıq taksit kart müştərimiz var ki, onların da ümumi taksit dövriyyəsi 300 milyon manatdan çoxdur. Bu da ümumi taksit bazar payının 82%-i deməkdir. Hazırda ümumi xidmət üzrə partnyorlarımızın sayı 20 000-dən çoxdur. Kart biznesinin inkişafı ilə paralel olaraq ekvayrinq biznesi üzrə də artım müşahidə olunur. Belə ki, hazırda Kapital Bank-ın 15 000-dən artıq POS-terminal, 1 000-ə yaxın e-ticarət və 4 000-dən artıq Mobil-POS müştərisi vardır”, – deyə Ramil İmamov bildirdi.

Son illər ərzində Azərbaycanın bank sektorunda ipoteka kreditləşməsinin genişləndirilməsi və mikro biznesə dəstək prioritet sahələrdən hesab olunur. Müsahibimiz bankın bu sahədə olan uğurlarından danışıb. “Son illər Kapital Bank üçün ipoteka biznesi əsas inkişaf etdirilən sahələrdən biridir. Strateji dövrdə qarşıya qoyulan hədəflərdən biri ipoteka portfeli üzrə bazarda böyük pay sahibi olmaq və müştərilər üçün çevik xidməti təmin etmək idi. İpoteka üzrə qısa zaman kəsiyində yüksək nəticələr əldə olunub və müştərilərə 4 növ ipoteka krediti təklif edirik.

Hazırda ipoteka portfelimiz 400 milyon manatdan artıqdır. Onu da qeyd edim ki, artıq müştərilərimiz müxtəlif kanallar vasitəsilə ipoteka üçün banka müraciət etdikdə onlara düşən kredit məbləği və ilkin şərtlər (məbləğ, aylıq ödəniş və s.) bizim skorinq model tərəfindən hesablanıb təqdim edilir. Həmçinin bu strateji dövrdə yeni qurduğumuz bir biznes sahəsi isə mikro biznes olub. Ötən 2 il ərzində mikro seqment müştəriləri üçün müxtəlif növ bank məhsul və xidmətləri yaradıldı. Bunların içərisində hazırda ölkə üzrə yalnız Kapital Bank tərəfdən icra olunan onlayn kreditləşməni qeyd etmək istərdim. Mikro biznes müştərilərimiz tərəfdən də məsafədən kreditləşmə müsbət qarşılanıb və bəyənilib.  Mikro biznes kreditləri üzrə cari ana kredit portfelimiz isə 76 milyon manat təşkil edir və bu göstərici sürətlə artır”, – deyə, bank rəsmisi qeyd etdi.

Pandemiya bütün dünyada olduğu kimi Azərbaycanda da biznesi aparmaq qaydalarına təsir etdiyi kimi, istehlakçılar arasında onlayn xidmətlərə, rəqəmsallaşmaya marağı artırdı. Maraqlıdır, bu tendensiyalar bank sektoruna necə təsir edib? Ramil İmamov bu mövzuda da açıqlama verərək statistik göstəricilərə  toxundu. “Onlayn kanallar üzrə kredit və kart satışlarının göstəricilərində artım müşahidə olunur. Belə ki, bank üzrə ümumi satışın 60%-i məhz onlayn kanalların payına düşür. Birbank rəqəmsal bankının istifadəçi sayında olan göstəricilər də yüksək templə artır. Hazırda Birbank-ı 5,4 milyon nəfərdən artıq istifadəçi yükləyib ki, onlardan 2 milyon nəfərdən çoxu aktiv istifadəçidir. Qeyd edim ki, aktiv istifadəçilərin payına ay ərzində ortalama 9 əməliyyat düşür.

Həmçinin bu strateji dövrdə müştəri xidməti keyfiyyətinin artırılması da diqqət mərkəzində olan istiqamətlərdəndir. Belə ki, ölkə üzrə ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank-da filial şəbəkəsinin optimallaşdırılması və yeni xidmət nöqtələrinin açılmasına xüsusi diqqət ayrılır. Təkcə bu il ərzində Bakı şəhəri üzrə 9, regionlar üzrə 2 yeni xidmət nöqtəmiz istifadəyə verilib. Telefon mərkəzi və onlayn müştəri xidməti sahələrinin resursları da artırılıb. Bankımız müştəri məmnuniyyətinin artırılması, daxil olan müştəri müraciətlərinin cavablandırılması və müştəri şikayətlərinin həll edilməsi proseslərinin aparılması üzrə beynəlxalq sertifikatlaşmadan keçərək ISO 10002:2018 sertifikatı əldə edib. Əlbəttə ki, görülən bu tədbirlər fasiləsiz davam etməlidir. Bankın həm rəqəmsal, həm də  filiallar vasitəsilə xidmət etdiyi müştəri sayı böyük olduğundan daxil olan müraciətlərin daha effektiv emal olunması istiqamətində işlər daimi əsaslarda görülməli və hər zaman yüksək prioritet təşkil etməlidir”, – deyə, Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru vurğuladı.


“Dövlət rüsumu haqqında” qanun dəyişib

posted in: Xəbər | 0

Dövlət rüsumuPrezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Dəyişikliyə əsasən, Azərbaycanda tütün məmulatlarının istehsalçıları və idxalçıları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə qoşulma barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərdiyi bildirişi aldıqları tarixdən bir ay müddətində həmin məmulatlara tətbiq edilməsi üçün alınmış məcburi nişanlamaya görə bu Qanunun 20-3.2.1-ci maddəsində nəzərdə tutulan dövlət rüsumunu ödəməkdən azaddırlar.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu maddənin birinci cümləsində nəzərdə tutulan müddəti hər dəfə bir aydan çox olmamaq şərtilə 5 dəfə uzada bilər.

Orqan (qurum) deyərkən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzərdə tutulur.

Mənbə: report.az


ƏDV-dən azad olunan aqrar avadanlıq və texnikaların siyahısı təsdiq edilib

posted in: Xəbər | 0

ƏDV-dən azad aqrar avadanlıqNazirlər Kabineti “Əlavə dəyər vergisindən (ƏDV) azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı”nın təsdiq edilməsi və “Əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 31 mart 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 3 dekabr 2021-ci il tarixli qanunun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” ölkə prezidentinin 29 dekabr 2021-ci il tarixli fərmanının 2.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə qərar qəbul edib.

Bununla bağlı yeni qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən “ƏDV-dən azad olunan aqrar avadanlıq və texnikaların siyahısı” təsdiq edilib.

“Dövlət aqrar sahədə kənd təsərrüfatı məhsulları istehsalçılarına dəstək tədbirləri çərçivəsində kənd təsərrüfatı texnikalarının əldə edilməsi zamanı vergi güzəştləri tətbiq edilib. Belə dəstək tədbirlərindən biri kimi Vergi Məcəlləsinin 164.1.34-cü maddəsinin 3 dekabr 2021-ci il tarixinə qədər mövcud olan redaksiyasına əsasən bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə siyahısı Nazirlər Kabinetinin təsdiq etdiyi kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı ƏDV-dən azad olunub. ƏDV-dən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların dəqiq siyahısının olmaması və onların bilavasitə kənd təsərrüfatı texnikası olmasının müəyyən edilməsi ilə bağlı yaranan problemlərin həlli məqsədilə 3 dekabr 2021-ci il tarixli qanunla Vergi Məcəlləsinin 164.1.34-cü maddəsində dəyişiklik edilib və istehsalı, idxalı və satışı ƏDV-dən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin siyahısını Nazirlər Kabinetinin müəyyən etməsi nəzərdə tutulub.

Bu Qərarla istehsalı, idxalı və satışı ƏDV-dən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin konkret siyahısı müəyyən edilərək, həmin texnikaların istehsalı, satışı və idxalı prosesində onların təyinatı ilə bağlı yaranan qeyri-müəyyənliklərin, bununla bağlı vətəndaşların, gömrük, vergi və digər sahələrdə fəaliyyət göstərən dövlət orqanlarının qeyd olunan səbəblərdən yaranan əlavə iş yükünün aradan qaldırılmasına nail olunacaq.

Mənbə: report.az


Mənzil satın alarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması şərtləri


1 602 603 604 605 606 607 608 2. 690